Yeni ili qarşılayanda insanlar özlərinə cürbəcür vədlər verirlər. Kiməsə qəribə görünə bilər, ancaq ən çox qarşıya qoyulan məqsədlərdən biri daha çox yatmaqdır. Lakin bu o qədər də asan deyil. Koronavirus böhranı keyfiyyətli gecə yuxusunu müşkül məsələyə çevirib. Artıq bəzi mütəxəssislər bu fenomenə ad da qoyublar: "koronasomniya", yaxud "kovidsomniya".
Bu fenomen dünyanın hər yerində COVID-19 böhranı dövründə stress keçirən insanlara təsir edir.
Statistika artır
2020-ci ilin avqustunda Sauthempton Universitetinin Britaniyada apardığı araşdırmanın nəticələrinə görə, yuxusuzluqdan əziyyət çəkən insanların sayı artıb. Əvvəllər hər altı nəfərdən biri yuxusuzluqdan əziyyət çəkirdisə, indi bu göstərici hər dörd nəfərdən biridir. Bu qrup arasında analar və COVID-19 böhranı dövründə mühüm peşələrlə məşğul olan insanlar xüsusilə diqqəti cəlb edir.
BBC Çində lokdaunun pik dövründə yuxusuzluq səviyyəsinin 14.6%-dən 20%-ə yüksəldiyini yazır. İtaliyada kliniki yuxusuzluq səviyyəsi narahatlıq doğuracaq səviyyəyə qalxıb. Yunanıstanda isə mayda keçirilən sorğuda respondentlərin 40%-i yuxusuzluqdan əziyyət çəkdiyini deyib. 2020-ci ildə "insomnia" sözü Google-da həmişəkindən qat-qat çox axtarışa verilib.
Uzun sözün qısası, indi çoxumuz yuxusuzluqdan əziyyət çəkirik. Artıq pandemiyanın ikinci ilinə giririk. Sosial məsafə və karantin qaydaları gündəlik rejimimizi tamamilə yerindən oynadıb, işlə ev arasındakı sərhədi silib atıb, həyatımıza çoxlu qeyri-müəyyənlik gətirib. Bu isə yuxu rejiminə təsir etməyə bilməz. Həm sağlamlığımız, həm də məhsuldarlığımız bundan böyük ziyan görə bilər. Bununla yanaşı, problemin miqyası bizi vəziyyətdən yeni çıxış yolları axtarmağa, beləliklə də həyatımızı normallaşdırmağa kömək edə bilər.
7 saatdan az yatmaq
Pandemiya olsa da, olmasa da, yuxusuzluqla yaşamaq çox çətindir. Keyfiyyətli yuxu yata bilməmək uzunmüddətli problemlər yarada bilər. Bura köklük, narahatlıq, depressiya, ürək-damar xəstəlikləri və diabet də daxildir. Mütəxəssislər 7 saatdan az yatan insanların yuxu çatışmazlığından əziyyət çəkdiyini deyirlər. Yuxu çatışmazlığı işinizə də mənfi təsir göstərir.
Araşdırmalar göstərir ki, kifayət qədər yatmayan insanlar işlərində daha çox səhvə yol verməyə meylli olurlar. Onlar işlərinə fokuslana, lazımi anda cəld reaksiya verə bilmirlər. Üstəlik, onların əhvalı da qeyri-sabit olur.
Mütəxəssislər yuxarıda sadalanan amillərdən başqa, evdən işləyən insanların, bir qayda olaraq, daha az hərəkət etməsini və gün işığından kifayət qədər bəhrələnməməsini də qeyd edirlər.
Bundan başqa, bu böhran dövründə bir çox ölkələrdə işsizlik səviyyəsi artmaqdadır. Buna görə insanlar iş yerlərini qoruyub saxlamaq üçün daha çox və daha qeyri-müntəzəm işləməli olurlar. Bəzən çox gec yatırlar.
Həkimə gedin
Üstəlik, insanlar hobbiləri ilə məşğul ola, dostları ilə vaxt keçirə bilmirlər. Artan stress səviyyəsi də bu "buket"ə əlavə olunur. Bəzi insanların vəziyyəti tibbi müdaxilə tələb etsə də, onlar karantin və ümumi narahatlıq səbəbindən lazımi xidməti ala bilmirlər. Bu isə yuxusuzluq və əsəblə bağlı problemlərin daha da dərinləşməsinə, müalicənin təxirə düşməsinə səbəb olur.
Ancaq mütəxəssislər israr edirlər ki, yuxusuzluq problemi ilə üzləşən adamlar mütləq həkimə müraciət etməlidirlər.
Britaniyalı mütəxəssis Liza Artis deyir ki, problem dərinləşəndən sonra məsələ ciddiləşir. Çünki uzun müddət formalaşan vərdişdən qurtulmaq daha çətin olur.
Mütəxəssislər yuxu problemlərinin ən çox rast gəlinən müalicə üsullarından biri kimi koqnitiv davranış terapiyasını (CBT-I) göstərirlər. Bu üsul insanların "yuxu gigiyenası"nı yaxşılaşdırır. Məsələn, yatmazdan əvvəl içki içmək, siqaret çəkmək kimi vərdişlərin qarşısını alır, beyni çarpayını yalnız yuxu ilə assosiasiya etməyə öyrədir (çarpayıda işləmək, yemək olmaz). Üstəlik, müəyyən edilib ki, CBT-I telemüalicəsi xəstələrə bu üsuldan üzbəüz yararlanan xəstələr qədər yaxşı təsir göstərib. Bu, həm də müalicəyə çıxışın asanlaşması deməkdir. Əgər xəstə həkimin qəbuluna düşmək üçün uzun növbə gözləməlidirsə, onlayn müalicə zamanı belə bir çətinlik olmur.