Son həftələr dünya birjalarında neftin qiyməti yüksəlməkdə davam edir.
Fevralın 8-də "Brent" neftinin aprel fyuçerslərinin qiyməti 0.77 faiz bahalaşaraq bir barrel üçün 60.01, WTI markasının mart fyuçersləri isə 1.18 faiz artaraq 57.53 dollara çatıb.
Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində isə neftin orta qiyməti 40 dollar götürülüb. "Qara qızıl"ın bahalaşması Azərbaycanın iqtisadi həyatına nə vəd edir? Büdcəyə yenidən baxıla bilərmi?
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asim Mollazadə "Turan" agentliyinə bildirib ki, dünya bazarında neft qiymətlərinin son artımı bir neçə faktordan asılıdır:
"Çində iqtisadi canlanmadır"
"Son vaxtlar neft qiymətinin dəyişməyinin ən əsas səbəbi Çində iqtisadi canlanmadır. Bununla yanaşı, ABŞ-ın enerji ehtiyatlarının azalması da öz təsirini göstərib".
Deputat qeyd edib ki, neft qiymətlərinin eyni templə artması və ya indiki səviyyədə qalması koronavirus pandemiyasından sonra dünyada gedən bərpa prosesinin sürətindən asılı olacaq. Komitə üzvü vurğulayıb ki, "qara qızıl"ın bahalaşması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək: "Bu gün Azərbaycanın qarşısında duran ən əsas vəzifə Qarabağın bərpasıdır. Kommunikasiya sistemlərin, infrastrukturun bərpası istiqamətində artıq işlər gedir. Ümumiyyətlə, yaxın illərdə Azərbaycan iqtisadiyyatı məhz enerji və Qarabağın bərpası işlərinin hesabına inkişafa doğru gedəcək".
"Büdcə kəsirini azaltmağa imkan verəcək"
A.Mollazadə hesab edir ki, neft qiymətinin artımı büdcəyə yenidən baxılmasına gətirib çıxarmayacaq: "Belə vəziyyət dəfələrlə yaranıb, bu, birinci dəfə deyil. Mənə elə gəlir ki, büdcəyə yenidən baxılmayacaq. Sadəcə, neft qiymətlərinin artımı büdcə kəsirini azaltmasına imkan verəcək".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə AzadlıqRadiosuna bildirib ki, belə qiymət sonuncu dəfə ötən ilin fevralında müşahidə olunub: "İl ərzində qiymət koronavirus pandemiyası ilə əlaqədar aşağı düşürdü. İndi isə öz templərini bərpa elədi. Yanvarın 3-də artıq neft 51 dollardan yuxarı qiymətə satılırdı. Yanvarın 8-dən sonra neftin qiyməti daim 55 dollardan yuxarıdır. Belə olan halda indi çox normal dinamika müşahidə olunur. Atıq bir aydır neftin qiyməti 55-60 dollar dəhlizindədir".
"Səudiyyə Ərəbistanı neft hasilatını azaltması ilə bağlı qərar verib"
Ekspertə görə, neft qiymətlərini bu səviyyədə saxlayan amillərdən biri Neft İxrac Edən Ölkələr Birliyin (OPEC) fevral-mart aylarında "qara qızıl"ın hasilatını artırmayacağı ilə bağlı ilin əvvəlində verdiyi qərardır: "Fevralın ilk həftəsindən artıq bu dəhlizin yuxarı həddinə yaxınlaşması isə ondan irəli gəlir ki, Səudiyyə Ərəbistanının özü neftinin hasilatını 1 milyon barrel azaltması ilə bağlı qərar verib və artıq bu qərarın icrasına başlayıb. Bu, bazar üçün çox yaxşı xəbər oldu. Başqa bir məsələ o oldu ki, fevralın 3-də ABŞ-ın Enerji Administrasiyası həftəlik ehtiyatları açıqlayanda bildirdi ki, onun neft ehtiyatları 1 milyon barrel azalıb. Bu da yaxşı bir siqnal idi. Ona görə neftin qiyməti 59 dolları keçdi".
İ.Şabanın yaxın gələcəklə bağlı proqnozu isə belədir: "Dünyanın ən böyük hasilatçıları – Rusiya, ABŞ tərəfindən Səudiyyə Ərəbistanı kimi hasilatın azaldılması ilə bağlı xəbərlər yayılsaydı, onda biz neft qiymətinin daha çox artmasının şahidi ola bilərdik".
Ekspert bildirib ki, indi Avropa ölkələrində koronavirusla bağlı karantin məhdudiyyətləri mövcuddur: "Bu məhdudiyyətlər aradan qalxması elan ediləndə bu, neft qiymətinin irəliləməsinə səbəb ola bilər. Mart ayında isə OPEC hasilatın artırması ilə bağlı qərar versə, bu, qiymətlərin irəliləməsinə tormoz olacaq".
"Neft Fonduna daxilolmalar artacaq"
İ.Şaban vurğulayıb ki, beynəlxalq institutların proqnozlarına görə, neftin orta qiyməti 50-53 dollar arasında dəyişir. Ekspertin fikrincə, bu il neftin qiyməti 55 dollar olsa, bu, Azərbaycan büdcəsində proqnozlaşdırılan 40 dollarla müqayisədə 35 faiz artımdır: "Həm Azərbaycan Dövlət Neft Şirkətinin, həm digər hasilatçılarının büdcə ödəmələri proqnozdan da çox olacaq. Neft Fonduna daxilolmalar artacaq. Bu ona imkan verəcək ki, cari il üçün proqnozlaşdırılan 3 milyard 116 milyon manat büdcə kəsiri iki dəfə azaldılsın".