Almaniyada koronavirusa yoluxmaların azalmasına baxmayaraq qismən karantin rejimi martı əvvəlinədək uzadıla bilər.
Kansler Angela Merkel 16 vilayətin baş nazirləri ilə fevralın 10-da bir araya gələrək strategiyanı müzakirə edəcək. Bu arada bizneslər karantin qadağalarını yumşaltmağa çağırır.
Hər 100 min nəfərə 50 yoluxma
Merkelin qadağaları uzatmaq tərəfdarı olduğu bildirilir. Noyabrdan qüvvəyə minmiş məhdudiyyətlər dekabrın ortasında sərtləşdirilib.
Hökumət karantinin qaldırılması üçün hər 100 min nəfərə 50 yoluxma həddinə düşməyi hədəfləyir. Hazırda bu göstərici 73-dür, yanvarın əvvəlində isə bundan iki dəfə çox idi.
Ölüm səviyyəsi yüksəkdir, günə ortalama 500-dək ölüm qeydə alınır.
Avropa vaksinasiyanı sürətləndirməyə çalışır, çünki daha yoluxucu virus variantları pandemiya ilə mübarizədə əldə olunmuş kövrək proqresə təhdid yaradır.
Bir neçə araşdırma vaksinlərin Cənubi Afrika variantına qarşı daha az effekt göstərdiyini üzə çıxarıb.
Britaniya, İspaniya
Avstriyanın Tirol regionundan çıxanlar mənfi COVID-19 testi təqdim etməlidirlər. İndilik AB-də Cənubi Afrika variantının ən çox bu regionda yayıldığı bəllidir, kansler Sebastyan Kurz belə deyib.
Britaniyada aşkarlanmış variant isə həm bu ölkəyə ziyan vurub, həm də qlobal miqyasda sürətlə yayılmaqdadır. Hökumət fevralın 9-da beynəlxalq ziyarətçilər üçün qaydaları sərtləşdirəcəyini bildirib. Onlardan səyahətə 72 saat qalmışa qədər mənfi test nəticəsi istənilir. 10 günlük məcburi karantin müddətində isə daha iki COVID-19 testi verməlidirlər.
İspaniyada aşkarlanmış yoluxmalar 3 milyonluq həddi keçib. Britaniya, Cənubi Afrika və Braziliyadan gələnlər üçün giriş qadağaları martın 2-cən uzadılıb.
Afina ətrafında fevralın 11-dən iki həftəliyə üçüncü sərt karantin elan olunub.
Qonşu Bolqarıstan isə yoluxmaların artmasına baxmayaraq qadağaları sərtləşdirmir. Fevralın əvvəlindən karantin qismən yumşaldılıb.
Fransanın Səhiyyə naziri Oliviyer Veran ölkədə COVID-19-la bağlı vəziyyətin sabit olduğunu, daha bir karantinin elan olunmamasının mümkünlüyünü bəyan edib.
Bu arada dünyada ikinci ən uzunömürlü şəxs hesab olunan 117 yaşlı rahibə Andrenin COVID-19-dan sağaldığı açıqlanıb.
Vaksinasiya
Vaksinlərə gəlincə, ABŞ-ın Johnson & Johnson şirkətinin baş icraçı direktoru Aleks Qorski bildirib ki, virus mutasiyaları səbəbindən adamlar növbəti bir neçə il ərzində hər il COVID-19 peyvəndi vurmalıdırlar. Bu şirkət birdozalı vaksinini bir neçə ölkədə təsdiqlənməyə təqdim edib.
Vaksinasiyada İsrail öndə gedir, 9 milyonluq əhalinin hər dörd nəfərindən birinə peyvəndin hər iki dozasının, azı 41 faizə isə bir dozanın vurulduğu bildirilir.
Baş nazir Bencamin Netanyahunun deməsinə görə, son bir ayda COVID-19-dan ölənlərin 97 faizindən çoxu peyvənd olunmayanlar olub.
Venesuela lideri Nikolas Maduro bəyan edib ki, Rusiyanın Sputnik V vaksinin ilk 100 min dozası gələn həftə ölkəyə çatdırılacaq.
Rusiya hakimiyyəti bu yoxsul ölkəyə 10 milyon vaksin göndərməyə razılaşıb.