Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:05

‘Dostları’ Putinə Brejnevin daçasını alıblar?


Leonid Brejnev "Qlitsiniya" daçasında Rumıniyanın keçmiş diktatoru Nikolae Çauşesku ilə
Leonid Brejnev "Qlitsiniya" daçasında Rumıniyanın keçmiş diktatoru Nikolae Çauşesku ilə

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnevin Krımdakı daçasını əlbəyaxa döyüş növlərindən təlim keçən bir moskvalı alıb.

Amma xəbər verilir ki, bu adamın arxasında Rusiya prezidentinə yaxın şirkət dayanır.

Rusiyanın Proyekt layihəsi bildirir ki, bu daça nəvaxtsa Vladimir Putinin daha bir iqamətgahı olmalıydı.

Əslində “Qlitsiniya” adlı bu daça 1955-ci ildə SSRİ-nin ovaxtkı başçısı Nikita Xruşşov üçün tikilmişdi.

Brejnev Titonu burda qonaqlayıb

Nikita Sergeyeviç bu malikanədə keçmiş Yuqoslaviyanın rəhbəri İosif Broz Titonu qəbul edib.

Brejnev bu daçada daha çox istirahət edib və çox sayda qonaqları məhz burada qarrşılayıb.

Bu qonaqlar əslində keçmiş sosialist blokuna daxil ölkələrin başçıları idilər.

Obyekti Krımın Rusiya tərəfindən ilhaqından 10 il əvvəl, 2004-cü ildə Rusiyanın VTB dövlət bankı ovaxtkı məzənnə ilə 15 milyon dollara almışdı.

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma öz xatirələrində yazır ki, bu daça Vladimir Putin üçün onun iqamətgahı kimi alınıb.

Bu daçanın məhz Putinə aid olmasını Krımın ovaxtkı prokuroru Viktor Şemçuk da bildirib.

İqamətgahın alınmasına dair müqavilə 2004-cü ildə Putinin yarımadaya səfəri zamanı imzalanıb.

Lakin Rusiyanın Proyekt portalı yazır ki, sonradan bu müqavilə Kremllə çox da yaxşı münasibətləri olmayan prezidentt Viktor Yuşşenkonun təzyiqi altında təsərrüfat məhkəməsi tərəfindən pozulub.

Ukrayna rəhbərliyinin “krısalığı”

Ukrayna prezidentinin həmin vaxt Krımdakı nümayəndəsi olmuş Gennadi Moskal isə bildirirdi ki, bu alqı-satqı müqaviləsinin ləğvi Moksva və Kiyev arasındakı “qaz müharibəsinin” əsas səbəblərindən biri idi.

O müsahibələrindən birində Ukrayna rəhbərliyinin bu məsələdə “krısalıq” etdiyini demişdi.

Moskal iddia edirdi ki, həmin daçanın Putinə verilməsi “milyonlarla dəfə” daha çox fayda verərdi.

2019-cu ildə, artıq Krımın Rusiya tərəfindən ilhaqından 5 il sonra Brejnevin keçmiş daçası 1,2 milyard rubla (16 milyon dollar) satılıb.

Bu həmin vaxt Krımda ən bahalı alqı-satqı əməliyyatı sayılırdı.

Daçanı auksionun keçirilməsindən 8 ay əvvəl qurulmuş şirkət almışdı.

Şirkətin baş direktoru və əsas kreditoru moskvalı Yanis Ermanis idi.

Yoxsul məhəllənin sakini

Proyekt layihəsinin məlumatına görə həmin bu Ermanis Moskvanın şərqindəki yoxsul Qolyanovo məhəlləsində yaşayır.

Ermanis ixtisasca iqtisadçıdır və cavanlığından Vyetnam əlbəyaxa döyüş növü ilə məşğul olur və fərdi qaydada təlim keçir.

Amma Proyektin məlumatına görə Ermanisin adına qeydiyyatdan keçirilmiş şirkət “Rossiya” bankına bağlıdır.

Bu bankın əsas səhmdarı isə prezident Putinin dostu Yuri Kovalçukdur.

Şirkətin qalan səhmdarları da Rusiya prezidentinin dostlarıdır.

Kovalçuk və onun şəriklərinin bu daçanı öz istifadələri və ya Putin üçün alıb-almadıqları bilinmir.

Bu obyektə ən yaxın olan yaşayış məntəqəsi – Yalta şəhərində “Qlitsiniyanı” Putinin mülkü adlandırırlar.

Lakin jurnalistlərin məlumatına görə obyektin özü baxımsız görünür və orada artıq bir neçə ildir ki, qonaq olmayıb.

XS
SM
MD
LG