Fevralın 12-də Rusiyada müxalifətçi Aleksey Navalnının məhkəməsi davam edir. Müxalifət 2-ci Dünya müharibəsi veteranına böhran atmaqda ittiham olunur.
Antikorrupsiya fəalı isə Kremlin bu işi onu gözdən salmaq üçün quraşdırdığını bildirir.
Həmin veteran konstitusiyaya ötənilki dəyişikliklərə dəstək ifadə olunan videoda çəkilib. Düzəlişləri Prezident Vladimir Putinin 2024-cü ildən sonra da, hakimiyyətini uzatmasına yol açır.
Görüntülər necə yayılır
Navalnı və vəkilləri bugünkü prosesdə deyiblər ki, iclasda çəkilişin qadağan olunmasına baxmayaraq, bəzi dövlət media orqanları məhkəmə zalından videogörüntü əldə edib.
“Gəlin, normal bir jurnalistdən soruşaq, onlar video alıblarmı”, – Navalnı deyib.
“Sizin sual soruşmaq hüququnuz yoxdur”, – hakim cavab verib.
“Sizin bir məsələyə diqqət ayırmanızı istəyirəm, hər dəfə şahid mənim suallarımı cavablandıra bilməyəndə prosesi dayandırır və şahidin zaldan çıxmasına şərait yaradırsınız. Onu bayırda nə demək, suallarına necə cavab verməklə bağlı təlimatlandırırlar”, – Navalnı vurğulayıb.
O, hakimi “Cinayət Məcəlləsini zəif bilməkdə”, “tutuquşu kimi danışmaqda” suçlayıb. Dojd TV bu haqda Navalnının tvitlərini paylaşıb.
“İnanıram ki, siz özünüzü biabır etməyi, siyasi tamaşa düzəltməyi dayandırmalı, bəzi kurslar götürməlisiz”, – Navalnı bildirib.
Məhkəmə Navalnının iyunda paylaşdığı sosial media postu üzərində qurulub. O, videoda çəkilənləri “satqınlar”, “şüursuz adamlar”, “korrupsioner lakeylər” adlandırıb.
Veteran üzrxahlıq tələb edir
Rusiyanın İstintaq Komitəsinin mövqeyinə görə, bu şərhlərdə 2-ci Dünya müharibəsi veteranının “şərəf və ləyaqətini alçaldan qərəzli saxta informasiya” var.
Navalnı cərimələnə, ona ictimai iş, yaxud həbs cəzası kəsilə bilər.
Məhkəmənin ötən həftə təxirə salınmasına isə iddiaçı İqnat Artyomenkonun özünü pis hiss etməsi, təcili yardımla aparılması səbəb olub. Aparılmazdan öncə 94 yaşlı veteran deyib ki, Navalnıdan ictimai üzrxahlıq gözləyir.
Müxalifətçinin fikrincə, Artyomenko prosesi izləməyə mental baxımdan qadir deyil. Veteran prosesə evindən qoşulmuşdu.
Fevralın 2-də Moskvada məhkəmə Navalnıya 2 il 8 ay həbs cəzası kəsib, onun mənimsəmə işi üzrə daha öncəki şərti cəzası real həbslə əvəzlənib. O, yanvarın 17-də Berlindən qayıdarkən saxlanıb. Almaniyada isə ötən avqustda Sibirdə zəhərlənmədən müalicə olunurdu. Navalnı buna görə Putin və təhlükəsizlik agentlərini ittiham edir. Kreml iddiaları rədd edir.