Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Hesabat: Azərbaycan interneti bloklayan 29 ölkə arasında


Access Now və #KeepItOn Coalition qeyri-mənfəət saytları 2020-ci ildə ölkələr boyunca internetə girişin əngəllənməsinə dair hesabat açıqlayıb.

Sözü gedən təşkilatlar 2020-ci ildə 29 ölkədə internetin azı 155 dəfə bağlanmasını qeydə alıblar.

Hesabatda deyilir ki, bu hərəkətlərin nəticəsində yüz milyonlarla insan COVID-19 pandemiyası, həyati əhəmiyyət daşıyan başqa informasiyalardan, habelə təhsil və iş imkanlarından məhrum edilib.

Hesabatda deyilir ki, Hindistan ötən il interneti ən çox bağlayan ölkə olub.

2019-cu ildən başlayaraq və 2021-ci ildə də davam edərək Birma Raxin və Çin ştatlarında interneti dünya üzrə rekord müddətdə qapalı saxlayıb.

Hesabatda deyilir ki, bu il internetin rekord sayda bloklanması zorakılıqlar, ələxüsus da münaqişə zonalarında davam edən hərbi əməliyyatlarla bağlı olub.

“Məhv olmuş arzular…”

Bu da qeyd olunur ki, avtoritar rejimlər interneti əsasən etirazları susdurmaq, seçkiləri saxtalaşdırmaq, insan haqları pozuntularını gizlətmək və senzura tətbiq etmək məqsədilə bağlayıblar.

“Məhv olmuş arzular və itirilmiş imkanlar” adlı hesabatda bu da deyilir ki, 2021-ci ilin başlanğıcından Uqanda hökuməti prezident seçkisinin keçirilməsi ilə bağlı interneti bağlayıb.

Birma hərbiyyəsi çevriliş cəhdi müddətində, Hindistan isə fermerlərin etirazları dövründə eyni üsula əl atıblar.

Hesabatda vurğulanır ki, avtoritar rejimlər internetə məhdudiyyət qoyarkən qlobal pandemiyanın mövcudluğuna məhəl qoymayıblar.

Sənəddə bildirilir ki, 2020-ci ildə internetə girişdən məhrum edilənlər artıq bundan əvvəl də hakimiyyətlərin repressiyalarına, zorakılıq və qanunsuzluqlarına məruz qalırdılar.

Hesabatda buna misal olaraq Birma və Banqladeşdəki Rohinca müsəlmanları, demokratiya uğrunda mübarizə aparan belaruslar, efiopiyalılar və yəmənlilər göstərilir.

Sənəddə bildirilir ki, internetin bağlanması etirazların qarşısını almaq məqsədilə edilsə də, reallıqda insanların həyatını təhlükədə qoyur.

İnternetin bağlanmasına kömək edənlər

Hesabatda bildirilir ki, 2020-ci ildə müxtəlif ölkələrdə internetin 28 tam qapanması baş verib və hökumətlər eyni zamanda çoxkanallı və mobil internet bağlantısını da kəsiblər.

Bu da deyilir ki, 2020-ci ildə Belarus, Azərbaycan, İraq, İran və İordaniya azı bir şəhəri internetdən tamamilə məhrum ediblər.

Hesabatda Azərbaycanda internetin Azərbaycan-Ermənistan münaqişəsi dövründə məhdudlaşdırıldığına işarə edilir.

Amma deyilir ki, bununla belə, Azərbaycan Müdafiə Nazirliyi xüsusi Telegram kanalı açaraq internet istifadəçilərini münaqişə barəsində rəsmi məlumatları dəstəkləməyə sövq edib.

Hesabatda hökumətlərə interneti bağlamaqda texniki kömək göstərdiyi iddia olunan şirkətlərin - Allot və Sandvine şirkətlərinin (Kanada) adları çəkilir.

İddia edilir ki, Keniya, Azərbaycan və Tanzaniyada internetin bloklanmasında İsrailin Allot şirkətinin texnologiyasından istifadə olunub.

XS
SM
MD
LG