Martın 3-də Ermənistan müxalifəti Milli Məclisin qarşısında daha bir mitinq keçirib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bugün müxalif “Vətənin xilası” hərəkatının nümayəndələri ölkə prezidentinin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın fərmanı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini gözləyirdilər.
Lakin prezident Armen Sarkisyan bu addımı atmayıb.
Bununla əlaqədar “Vətənin xilası” hərəkarının baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan deyib ki, müxalifət “istədiyinin yalnız yarısına” nail ola bilib:
“Bu o deməkdir ki, biz bugün qələbəni bayram etməməli və deməliyik ki, daha bir addım atmışıq. İrəlidə bizim mübarizə üçün vaxtımız olacaq. Bir məsələ var ki, bütün bu sənədlərdən mühümdür. Ordu komandanlığı, hər halda mənim məlumatıma görə, bildirib ki, müxtəlif instansiyaların – prezidentin, hökumətin və başqalarının qanunsuz əmrlərinə tabe olmayacaq”.
Baş nazir Nikol Paşinyana qarşı ən barışmaz mövqe tutan Daşnaksutyun partiyasının nümayəndəsi Artsvik Minasyan bəyan edib ki, prezident Armen Sarksiyan Konstitusiya Məhkəməsinə müracət etməsə partlayış vəziyyəti yaranacaq:
“Bu məsələ niyə bu qədər mühümdür? Çünki bugün bir neçə gün bundan əvvəl olduğu kimi qətiyyətli yanaşma təsdiqlənib. Erməni ordusu və xalqı həmrəydirlər. Bu birlik özünün davamlı antikonstitusiya, antidövlət və antimilli hərəkətləri bizim dövlətçiliyimizi zəiflətməyə və nəticədə onun itirilməsinə çalışan bir nəfərə qurban verilə bilməz”.
Vazgen Manukyana cinayət işi açılıb
Mitinq zamanı Daşnaksutyun partiaysının başqa bir üzvü Geğam Manukyan bildirib ki, İstintaq Komitəsi müxalifət hərəkatının lideri Vazgen Manukyan barəsində cinayət işi qaldırıb.
O “hakimiyyətin zorakılıqla ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına və ya konstitusiya quruluşunun devrilməsinə açıq çağırış etməkdə” ittiham olunur.
Vazgen Manukyan fevralın 20-də keçirilən mitinqdə hakimiyyətin üsyan yolu ilə ələ keçirilməsindən danışmışdı.
Azatutyun yazır ki, martın 3-də Yerevanda polis əlavə təhlükəsizlik tədbirləri görüb.
Müxalifət Milli Məclisin ərazisində işıq-səs partlayıcı qurğularının yerləşdirildiyini bildirib.
Bu da iddia olunur ki, Milli Məclisin damında hərbi geyimli snayperlər yerləşdirilib.
Parlamentin ərazisində snayperlərin yerləşdirilməsi məsələsinə ombudsmen də toxunub.
O bildirib ki, dövlətin dinc mitinqçilərə silah nümayiş etdirməsi yolverilməzdir.
Müxalifət bəyan edib ki, Baqramyan küçəsini bağlamaqda davam edəcək.