Martın 3-də Braziliyada COVID-19-dan ölüm ikinci gün də yüksəlib. Ölkənin ən böyük Sao Paulo ştatında qismən karantin elan olunub. Almaniyada isə karantin üç həftəliyə uzadılacaq.
Braziliya son 24 saat ərzində 1910 ölüm qeydə alındığını bildirib. Ölkədə pandemiya 260 min insanın həyatına son qoyub və bu, Birləşmiş Ştatlardan sonra ikinci yer deməkdir.
44 milyon əhalisi olan Sao Paulo ştatında qismən karantin elan olunub.
Koronavirusun P1 adlı Braziliya ştammının daha yoluxucu olduğu güman edilir. Araşdırmalar onun virusun öncəki variantlarına yoluxmuş şəxsləri yoluxdura bildiyini göstərir.
Şimali Amerikada yoluxmalar azalır
İlk dəfə Manaus şəhərində qeydə alınmış variant azı 20 ölkəyə yayılıb. Artıq Braziliyada müşahidə olunan dalğanın dünyanın digər yerlərinə də yayıla biləcəyi ehtimalından danışılır.
Media qonşu Paraqvayda səhiyyə sisteminin çökmək üzrə olduğunu bildirir.
Pandemiya Cənubi Amerika ölkələrinə böyük zərbə vurur. Region ölkələrində vaksinasiya təzə başlayıb. Şimali Amerikada isə yoluxmalar yanvardan bəri azalmaqdadır.
Birləşmiş Ştatlarda yoluxmalar yanvarın ortasındakı pik həddən 70 faiz azalıb. Gündəlik ölüm sayında isə 40 faizədək azalma müşahidə olunur.
ABŞ Prezidenti Co Bayden mayın sonunacan hər bir yetkin amerikalı üçün yetərincə COVID-19 vaksini olacağını bəyan edib. Bir gün sonra isə prezident Texas və Missisipi kimi sərhədlərini açan, maska qaydasını qaldıran ştatları tənqid edib.
O, maska taxmaq qaydasını qaldırmaq qərarının “neandertal düşüncə” adlandırıb, virus təhlükəsinin davam etdiyini deyib.
Avropa
Bu arada Almaniya qismən karantini martın 28-cən uzadacağını bildirib. Amma beş nəfərədək böyüklərin yığışmasına, bəzi mağaza və xidmətlərə qadağalara yüngülləşdiriləcək.
Kansler Angela Merkel vilayət başçıları ilə mərhələli açılım strategiya üzrə razılaşma əldə ediblər. Strategiyanın mərkəzində irimiqyaslı testlər və vaksinasiya dayanır.
Avropanın digər yerlərində də diqqət virus mutasiyalarına yönəlib.
Britaniya variantının daha yoluxucu olduğu bildirilir. Yunanıstanda yeni yoluxma dalğası müşahidə olunur və karantin martın 16-dək uzadılıb. Estoniya həftəsonları restoranları və həyat üçün əhəmiyyətli olmayan mağazaları bağlayacaq.
Çexiya Respublikası özəl şirkətlərdə yeni kütləvi test kampaniyasına başlayıb. Ölkədə sərt karantin hökm sürür, yoluxmalar isə artmaqdadır.