Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının ( YAP) növbədənkənar qurultayı keçirilib. Partiya qərargahında keçirilən qurultayda 200 nəfərə yaxın üzvün iştirak etdiyi bildirilir.
Bu da sosial şəbəkələrdə və bəzi müxalifət partiyalarında narazılığa səbəb olub. Narazılığın səbəbi kimi tədbirin ölkədə xüsusi karantin rejimi şəraitində keçirilməsi göztərilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkədə koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejiminin qaydalarına görə, havada idman oyunlarının keçirilməsi istisna olmaqla bütün kütləvi tədbirlər qadağandır.
Görək, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar üçün bərabər imkanlar yaradılırmı?
“… Qərəzli məlumata malikdilər”
Yeni Azərbaycan Partiyasının Nəzarət Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov “Turan” İnformasiya Agentliyinə mövzu ilə bağlı bunları deyib:
«Görünür ki, sosial şəbəkələr istifadəçilərin böyük bir qisminin ölkədəki siyasi partiyalara yaradılmış şərait haqqında ya məlumatları yoxdur, ya da ki, qərəzli məlumata malikdilər. Əks halda belə suallar yaranmazdı».
“Tədbirə qatılan 196 nəfərin hamsı maskadan istifadə edirdi”
Partiya funksionerin sözlərinə görə, Azərbaycanda hazırda 52 partiya fəaliyyət göstərir və onlardan 10-dan artığı bir neçə ay əvvəl qurultaylarını keçirib:
«Pandemiya dövrünə uyğun olaraq qurultaylar onlayn şəkildə keçirilib. Yeni Azərbaycan Partiyası da pandemiya dövrünün reallığını nəzərə alır və bu səbəbdən də qurultay sosial məsafə qorunub saxlamaqla, Mərkəzi Aparatda keçirildi. Tədbirə qatılan 196 nəfərin hamsı maskadan istifadə edirdi. Ona görə hesab edirəm ki, ittiham əsassızdır».
E.Nəsirov qeyd edib ki, Azərbaycanda digər məsələlərində də siyasi partiyalar üçün eyni şərait yaradılıb:
«2019-cu ilin sonunda Prezident Administrasiyasında aparılan islahatlar nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı, bu şöbəyə Ədalət Vəliyev rəhbərlik edir. Artıq 2020-ci ilin yanvar ayından başlayaraq 2 ay ərzində Azərbaycanda demək olar ki, bütün partiyaların siyasi rəhbərliyi ilə görüşlər keçirilib və həmin görüşlərdə zaman məhdudiyyəti olmayıb. Bəzən bir partiyanın rəhbəri ilə görüş 5-6 saat çəkib.”
Onun deməsinə görə, yeganə partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) özü –özünü təcrid vəziyyətinə salıb və bu görüşlərdən imtina edib, saxta iddialarla çıxış edib.
“Lider TV-nin binasında bir neçə partiya ofislə təmin edilib”
E.Nəsirov vurğulayıb ki, həmin görüşlərdə partiyalar onları narahat edən məsələləri gündəmə gətiriblər:
«Bu məsələlərdən biri ofis məsələsi idi. Aparılan danışıqlar və yeni siyasi dialoqun nəticəsində bu problem də həllini tapmağa başlayıb. Lider TV-nin binasında bir neçə partiya ofislə təmin edilib. Digər partiyaların ofislə təmin edilməsi ilə bağlı yerlər araşdırılır və onların hər biri ofislə təmin ediləcək».
O, əlavə edib ki, YAP-ın qurultayında siyasi partiyalar məsələsinə də toxunulub:
«Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin çıxışında ölkədə məhz yeni siyasi mədəniyyətin, siyasi dialoq mühitin formalaşması, partiyalararası dialoqun aparılması kimi məsələlər diqqət mərkəzində saxlanıldı».
Yeri gəlmişgən AXCP onların qeyd edilən görüşə qatılmamlarını, dialoq üçün konkret təkilflər vermələri ilə izah etmişdi.AXCP bəyan edib ki, görüntü xatirinə dialoq olmaz.
«...çox istəyirik regionlara səfər edək..."
Respublikaçı Alternativ Partiyasının (ReAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətinin bərabər rəqabət şəraitində həyata keçirilməsi imkanları çox məhduddur. Onun sözlərinə görə, hakim partiya öz səlahiyyətlərindən və vəzifədə olan məmurlarından istifadə edərək qanunun hamıya eyni cür şamil olunmasının önünə keçir:
«Məsələn, biz qurultayımızı onlayn keçirtdik, amma çox istəyirik regionlara səfər edək, böyük toplantılar keçirək. Koronavirusa görə toplantılara məhdudiyyət qoyulduğu ilə bağlı, rayon təşkilatların yenidən qurulması işi ləngiyir. Biz bunu anlaşıqlı qarşılayırıq, çünki bu dünyada geniş yayılmış bir problemdir”.
Onun fikrincə, amma qanunun hamıya eyni cür şamil edilməməsi istər istəməz insanlarda qıcıq yaradır:
“ Necə ola bilər ki, eyni ölkədə yaşayırıqsa, eyni qanunlar varsa və qaydalar eyni şəkildə tədbiq olunmalıdırsa, niyə bir partiyanın onlarla üzvü bir yerə yığışıb məhdudiyyət olmadan tədbir keçirə bilir, amma biz 10 nəfərdən artıq insanı bir yerə toplayıb tədbirlərimizi keçirə bilmirik?»
N.Cəfərli hesab edir ki, partiyaların maliyyələşməsi məsələsində də imkanlar qeyri-bərabərdir:
«Düzdür, parlamentdə təmsil olunan partiyalara qanunvericilikdə nəzərdə tutulmuş sayda dövlət büdcəsindən yardımın ayrılması var. Amma ianələrin və üzvlük haqların yığılması ilə bağlı müəyyən problemlər var. Çünki müxalif partiyalara ianə verən iş adamları, fərdi sahibkarlar incidilir, nəzarətə götürülür. YAP-a ianə verənlərin hansısa bir problemlə qarşılacağını təsəvvür etmək belə mümkün deyil. Yeri gəlmişkən onların hüç hesabatlığı da yoxdur, bu da ayrı bir problemdir».
«Bəzi partiyaların hətta ofisi yoxdur”
O, vurğulayıb ki, bəzi partiyaların hətta ofisi yoxdur:
«Azərbaycan Xalq Cəbhəsi Partiyasının məsələn, ofisi ümumiyyətlə yoxdur. Biz də neçə illərdir icarə xarakterli kiçik bir ofisdə məskunlaşmışıq. Çünki digərinə həm maddi imkanımız yoxdur, həm də sahibkarlar müxalif partiyalara ofisi icarəyə vermir».
Lakin N.Cəfərli ümid edir ki, getdikcə Azərbaycanın siyasi səhnəsində dəyişikliklər olacaq, siyasi partiyaların fəaliyyət göstərməyinə bərabər imkanlar olacaq.
Koronvirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda kütləvi tədbirlər dayandırılıb.