Rusiyanın Şimali Qafqaz regionundakı Kabarda-Balkariya Respublikasının sakinləri balkar xalqının İosif Stalin tərəfindən Mərkəzi Asiyaya sürgün edilməsinin 77-ci ildönümünü qeyd ediblər.
Türkdilli və əksərən müsəlman balkarların sayı hazırda 110 mindir.
Martın 8-də regional məscidə toplaşanlar balkarların 1944-1957-ci illərdə Qazaxıstan və Qırğızıstana deportasiyası zamanı həyatlarını itirənlərin xatirəsinə dualar ediblər.
Kabarda-Balkariya Respublikasının rəhbəri Kazbek Kokov, baş nazir Ali Musukov, parlamentin spikeri Tatyana Yeqorova və respublikanın başqa rəsmiləri martin 8-də Nalçik şəhərində keçirilən yadetmə mərasiminə qatılıblar.
Cənab Kokov balkarların deportasiyasını “dəhşətli cinayət” və “böyük haqsızlıq” adlandırıb:
"Biz hamımız həmin günün ağrısını bölüşür, qanunsuzluq və haqsızlığın qurbanlarını yad edirik. Biz dogma yurduna qayıda bilməyənlərin qohum və yaxınlarına hüsn-rəğbətimizi bildiririk”.
1944-ün 8 martında
1944-cü ilin 8 martında yarısı qadın və uşaqlar olmaqla 38 min balkar Mərkəzi Asiyaya sürgün edilib.
İosif Stalin onları nasist Almaniyasına rəğbət bəsləməkdə ittiham edirdi.
Deportasiyadan sağ çıxanlar 1957-ci ildə vətənə qayıda biliblər.
O vaxt Stalinin ölümündən sonra SSRİ Ali Soveti Rusiya tərkibində Kabarda-Balkariya Sovet Sosialist Muxtar Respublikasını bərpa edib.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, balkarların sürgün edilməsinin təşəbbüsçüsü və təşkilatçısı Lavrenti Beriya olub.
Sürgün edilən balkarlara 30 il sonra siyasi bəraət verilib.
Qafqazın “etnik yükünü” azaltmaq
AzadlıqRadiosuna müsahibə verən balkar elm xadimi Tamara Bittirova deyib ki, Şimali Qafqazın “etnik yükünü azaltmaq” ideyaları az qala 19-cu əsrdən mövcud olub:
“Hələ dekabrıstlər deyirdilər ki, Qafqazı etnik baxımdan bir azca redaktə etmək lazımdır. Belə bir tanınmış publisist vardı. Basiyyat Şaxanov. Onun 1899-cu ildə dərc olunmuş ilk məqaləsi “Bir qəribə layihə haqqında” adlanırdı. O həmin məqalədə Kartsov adlı bir məmurla mübahisə edirdi. Kartsov Şimali Qafqaz türklərini Orta Asiyaya köçürməyi təklif edirdi. O bu qənaətdəydi ki, Qafqaza daha çox rusları köçürmək lazımdır”.
Bittirova bildirir ki, söhbət qaraçaylardan, balkarlardan, qeyri-türkdilli vaynaxlardan, çeçen və inquşlardan gedirdi. Kartsov kumıkları da sürgün etməyi təklif edirdi:
“Yəni belə planlar hələ Stalinə qədər də vardı. Özünün “Daha bir köçürmə” məqaləsində Şaxanov rusların Rusiya quberniyalarından Qafqaza köçürülməsini pisləyir. O statistik məlumatlara əsaslanaraq bildirirdi ki, Qafqazda hətta Qafqaz xalqlarının öz yerləri də darısqaldır”.