Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Xocavənd rayonlarında olublar.
AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə prezident İ.Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Verilən məlumata görə, uzunluğu 13 kilometr olan bu yol dörd hərəkət zolaqlı olacaq.
Prezident Hadrut qəsəbəsində çıxış da edib. O vurğulayıb ki, Hadrut qəsəbəsi ötən il oktyabrın 9-da işğaldan azad edilib: "Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (Xocavənd) rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan 7 rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik".
"...Həyat qayıdacaq, insanlar qayıdacaq..."
Prezident sonra da deyib: "Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik".
Sonra prezident İ.Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub. Bu yolun uzunluğunun isə 43 kilometr olduğu bildirilir.
Daha sonra prezident Hünərli, Tuğ və Azıx kəndlərində olub.
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.