Həbsdə olan müxalifətçi Aleksey Navalnının komandalar şəbəkəsinin başçısı deyir ki, polis ölkənin Uzaq Şərqindəki Xabarovsk şəhərində bir neçə fəalı, jurnalistləri, yerli müxalifətçiləri saxlayıb. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun "Sibir.Reallıqlar" portalı yazır.
Leonid Volkov martın 19-da Twitter-də yazıb ki, Navalnının Xabarovsk komandasının başçısı Aleksey Vorsin saxlanıb və martın 20-də yerli məhkəmə onun barəsində qətimkan tədbiri seçəcək.
Daha bir neçə fəal və jurnalist
Vorsin və daha iki fəal bir gün öncə Telegram-da polisin onların evlərində axtarış apardığını yazırdı. Onlar dindirilmə üçün saxlandıqlarını deyirdilər.
Xabarovskda polis Navalnı komandasının daha bir üzvü, jurnalist Mariya Nuikinanı dekabrda polisə itaətsizlik göstərmək şübhəsilə saxlayıb. Volkovun Twitter-də yazmasına görə, məhkəmə Nuikina barəsində qərar verənəcən o, polis nəzarətində qalacaq.
“Arsenyevskiye Vesti” qəzetinin jurnalisti Aleksandra Runova da martın 19-da bəlli olmayan ittihamlarla saxlanıb.
Yerli fəal Valentin Kvaşnikovun həyat yoldaşının sözlərinə görə, polis martın 19-da onların evində axtarış aparıb və həyat yoldaşını dəqiq açıqlanmayan bir iş üzrə şahid kimi saxlayıb.
Xatırlatma
Navalnı yanvarın 17-də müalicə aldığı Berlindən Moskvaya qayıdarkən aeroportda saxlanıb. O vaxtdan onun müttəfiqləri və tərəfdarlarına qarşı təzyiqlər davam edir. Müxalifətçi ötən avqustda Sibirdə zəhərlənəndən sonra Almaniyaya aparılıb. Avropada bir neçə laboratoriya onun Noviçok sinfindən sinir qazıyla zəhərləndiyini təsdiqləyib.
Fevralın 2-də məhkəmə Navalnını mənimsəmə işi üzrə şərti cəzanın şərtlərini pozmaqda təqsirli bilərək 2 il 8 ay həbsə məhkum edib. Müxalifətçi bu işi siyasi motivli hesab edir.
Məhkəmənin hökmü ölkədə kütləvi etirazlara səbəb olub, bir neçə şəhərdə etirazlarda 1400-dən çox saxlanan olub.
Ötən ilin iyulunda Xabarovsk şəhərində keçmiş qubernator Sergey Furqalın həbsinə etirazlar keçirilib. O, on il qabaq şübhəli qətllərdə əli olmaqda suçlanır.
Furqal isə ittihamları rədd edir.