Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:38

AstraZeneca: 79% effekt, azalan inam


AstraZeneca vaksini
AstraZeneca vaksini

ABŞ-da sınağa Çili və Perudan iştirakçılar daxil olmaqla 30 min könüllü cəlb edilib

AstraZeneca şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksini Covid-19-a qarşı 79 faizlik qoruma təmin edir. Bunu Birləşmiş Ştatlarda böyük klinik sınaq ortaya qoyub.

“The New York Times” qəzetinin yazmasına görə, şirkətin açıqladığı nəticələr vaksinə qlobal inamı gücləndirə bilər. Amma bu data Birləşmiş Ştatlarda böyük fərq yaratmayacaq, çünki vaksin bu ölkədə hələ təsdiqlənməyib və istifadə olunmaya bilər.

Yaşlılar üzrə 80 faiz effekt

Şirkətin mayın 22-də yaydığı bəyanatda görə, vaksin xəstəliyin ağır formasının və xəstəxanaya yerləşdirilmənin önlənməsində 100 faiz effektlidir. Vaksinin bütün yaş qruplarında effektli olduğu bildirilir. Yaşlılar üzrə göstərici 80 faizdir.

“The New York Times” yazır ki, hətta əgər AstraZeneca ABŞ-da təcili istifadəyə təsdiqlənsə, mayacan bu ölkəyə göndərilməsi mümkün görünmür. O vaxtacan ABŞ-da artıq dövriyyədə olan üç vaksin böyüklərə yetəcək qədər istehsal olunacaq.

Qəzet araşdırmanın AstraZeneca vaksini üçün dönəmdə təqdim olunduğunu vurğulayır. Bu ay 12-dən çox ölkə vaksinin mümkün yan təsirlərindən dolayı ondan istifadəni qısa müddətə dayandırıb.

AstraZeneca bazar ertəsi bildirib ki, yeni datanın təhlilini davam etdirəcək və vaksinin təcili təsdiqindən ötrü Ərzaq və Dərman Administrasiyasına müraciət edəcək. Vaksin 70-dən çox ölkədə təsdiqlənib, amma Amerika tənzimləyicilərinin təsdiqi ondan ötrü güclü stimul deməkdir.

ABŞ-da sınağa Çili və Perudan iştirakçılar daxil olmaqla 30 min könüllü cəlb edilib.

Avropada AstraZeneca-ya inam azalıb

Bu arada son həftələr Avropa ölkələrinin çoxunda sözügedən vaksinə inamın azaldığı xəbər verilir. Martın 22-də Britaniyanın YouGov sorğu şirkəti yeni sorğunun nəticələrini açıqlayıb.

Almaniya, Fransa, İspaniya, İtaliya daxil Avropa Birliyinin ən böyük ölkələrində əhalinin böyük hissəsi peyvəndi təhlükəsiz saymır.

Britaniyada isə bu vaksinə müsbət baxırlar. Respondentlərin üçdə ikisi onun təhlükəsiz olduğunu deyib, cəmi 9 faizsə AstraZeneca-ya inanmır.

AB ölkələrindən bəziləri vaksinin qan laxtalanmasına səbəb olması xəbərlərindən dolayı ondan istifadəni müvəqqəti dayandırmışdı. Amma Avropa Tibb Agentliyi ötən həftə vaksinin “təhlükəsiz və effektli” olduğunu açıqladı. Dünya Səhiyyə Təşkilatı (DST) və Britaniyanın dərman tənzimləyici orqanı da oxşar bəyanatlar verdi. Bundan sonra Avropa ölkələri vaksindən istifadəni bərpa etdilər.

YouGov-un martın ortasında keçirdiyi sorğuya görə, almaniyalıların 55 faizi vaksini təhlükəsiz hesab etmir. Bu, bir ay içində 15 faiz artım deməkdir. 32 faiz isə onu təhlükəsiz sayır.

Vaksinlərə onsuz da tərəddüdlə yanaşılan Fransada isə respondentlərin 62 faizi AstraZeneca-nı təhlükəsiz hesab etmir. İtaliya və İspaniyanın hər birində belə düşünənlərin sayı bir ayda 27 faiz artıb.

Amma Pfizer və Moderna vaksinlərinə inamsızlıq artmayıb, YouGov bildirir.

XS
SM
MD
LG