Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:04

Putinə vaksin vurulub, amma bunun hansı vaksin olduğu açıqlanmır


Rusiya prezidenti Vladimir Putin COVID-19a qarşı vaksinlə peyvənd olunub.

Bu xəbəri RIA Novosti martın 23-də Kremlə istinadən yayıb.

Siyasi dairələr Vladimir Putinin peyvənd olunmasının həm də adi rusiyalıların vaksinasiyaya ürəkləndirilməsi məqsədi daşıdığını bildirirlər.

Kreml martın 23-də bildrimişdi ki, prezidentə Rusiyada istehsal edilmiş üç vaksindən hansının vurulduğu bilərəkdən açıqlanmır.

Putin bu yaxınlaradək ölkəsindəki ağır epidemioloji vəziyyətə baxmayaraq şəxsən peyvənd olunmadığına görə tənqid edilirdi.

Rusiyada indiyədək 4.3 milyon nəfərə vaksinin hər iki dozası vurulub. Bu, 146 milyonluq ölkə əhalisinin 5 faizindən də azdır.

Rusiya koronavirusa yoluxma sayına görə 4.4 milyon nəfərlə dünya üzrə dördüncü yerdədir.

Ölkə COVID-19-dan ölüm hallarının sayına görə dünyada yeddinci yeri tutur. Rusiyada indiyədək koronavirusdan 94 min 231 nəfər vəfat edib.

Tərəddüd edən rusiyalıların sayı artıb

Rusiyada hələlik Qamaley adına mərkəzin hazırladığı Sputnik V, Novosibirskdəki Vektor elmi mərkəzinin məhsulu olan EpiVakKorona və Çumakov adına mərkəzin KoviVak vaksinləri dövlət qeydiyyatından keçib.

Ötən avqustda Rusiya dünyanın ilk vaksini – Sputnik V-ni rəsmən təsdiqləyəndə, dünya boyunca bu preparatın təhlükəsizliyindən narahatlıq ifadə olunmuşdu.

Bu ona görə idi ki, Sputnik V sınaqların heç ikinci fazasını da tam keçmədən təsdiqə verilmişdi.

Buna baxmayaraq sonradan mötəbər tibb jurnalı Lancet yazmışdı ki, Sputnik V vaksinin iki dozası 91.6 faiz effektivlik nümayiş etdirib.

Buna baxmayaraq Rusiyada müstəqil Levada mərkəzi bildirir ki, bu ölkədə vaksin vurdurmaqda tərəddüd edənlərin sayı artıb.

Onlar ötən dekabrda 58 faiz idilərsə, bu rəqəm fevral ayında 62-yə yüksəlib.

EpiVakKorona və KoviVak vaksinləri də sınaq fazalarını tam keçmədən istifadəyə verilib.

XS
SM
MD
LG