Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:34

Çin hökuməti əvvəl bu filmi ekranlara buraxmadı


"Better Days" filmindən kadr
"Better Days" filmindən kadr

"Better Days" (Daha yaxşı günlər) adlı Çin filmi ötən il yayın əvvəli dünya ekranlarına çıxmalı idi. Çin hökuməti Derek Tsanın bir Çin məktəbində bullinq və intihardan söz açan bu filmini distribüşn siyahısından çıxarıb. Üstəlik, heç bir izahat vermədən. Bir çoxları bunu prezident Si Cinpin hökumətinin senzuranı daha da gücləndirməsi kimi dəyərləndiriblər.

İndi isə hökumət qərarını yumşaldıb. Bu dəfə də heç bir izahat vermədən. Ancaq budəfəki qərar kino həvəskarlarının xeyrinədir: ilin ən yaxşı filmlərindən sayılan "Better Days" geniş auditoriya qazana biləcək. Çinin özündə oktyabrın sonunda ekranlara çıxmış bu filmin kassa gəliri artıq 80 milyon dolları keçib.

"Gözlərini yum və suya tullan"

"Böyümək dayvinq kimidir. Düşünmə, sadəcə, gözlərini yum və suya tullan", – bu amansız dramın qəhrəmanı deyir. Ancaq sizi yetkinliyə aparan, içində üzdüyünüz o dənizin burulğanı biz uclu daşlar və vəhşi qasırğalarla doludursa, su sizi çəkib dənizin dibinə apara bilər. Məktəbin sonuncu sinif şagirdi Çen Niyan ali məktəbə mərkəzləşdirilmiş qəbul imtahanına hazırlaşarkən məhz belə bir faciəvi halla qarşılaşır. "Qaokao" adlanan bu imtahan gənclərin canına vəlvələ salır. İki gün davam edən bu ağır imtahan uşaqların gələcəyini təyin edir.

Ancaq əlaçı şagird Çen Niyanın beynini məşğul edən təkcə tənliklər və qrammatika deyil. Filmin əvvəlində onun az-çox dost adlandıra biləcəyi digər tələbə Hu intihar edir. O özünü məktəbin üst mərtəbəsindən atıb həlak olur. Bullinq qurbanı olan Hunu öləndən sonra da rahat buraxmırlar. Sinif yoldaşları onun cəsədinin ətrafına toplaşıb telefonla şəklini çəkir və internetdə paylaşır.

"Better Days" filmindən kadr
"Better Days" filmindən kadr

Digər ailələrin problemləri

Çen Niyan onun bədənini örtən yeganə şagird olur. Bu xeyirxah hərəkəti onu şagirdlərin bullinq və təhqirinin növbəti qurbanına çevirir. Evdə də işlər o qədər yaxşı getmir. Niyanı çox sevən tənha anası qanunsuz mallar satmaqla pul qazanır. O, daim kreditorlardan və polisdən yayınmağa çalışır.

Əlbəttə, sinif yoldaşlarının ailələri də bundan çox da yaxşı vəziyyətdə deyil. Bəzilərinin valideynləri evdə deyil (məsələn, uzaqda işləyir və uşaqlarını ildə bir dəfə görür), bəzilərininki isə onlarla kobud davranır, uşaqların bullinq hərəkətlərinə göz yumur.

Bütün bunlara müəllimlərin soyuq avtoritarizmi də əlavə olunur. "600 bal yığıb arzuladığın universitetə gir!" məktəbin şüarına çevrilir. Şagirdlər inanırlar ki, onların yeganə pənah yeri qaokaoda yaxşı bal yığıb universitetə girməkdir. Yolüstü bir neçə daha zəif şagirdin bullinqə məruz qalması isə heç kimin vecinə deyil.

"Better Days" filmindən kadr
"Better Days" filmindən kadr

Tanışlıqdan sevgi hekayəsinə

Çen Niyan məktəbi yarımçıq qoymuş Syao Bey ilə tanış olur və ondan onu pis qızlardan, oğlanlardan qorumasını istəyir. Onların tanışlığı sevgi hekayəsinə çevrilir. İki gənc kameraların daim onları izlədiyini, ancaq, əsasən, görünməz qaldıqlarını hiss edir.

"Houston Chronicle" qəzetində dərc edilmiş rəydə deyilir ki, "Better Days" yaxşı çəkilmiş, təsirli piano və orkestr musiqisi olan bir filmdir. Ancaq bu gözəllik Tsanın göstərdiyi bullinqin eybəcərliyini gizlədə bilmir. Filmdə bullinqin Çin cəmiyyətinin bir elementi olduğunu görürük.

Tsanın üç il bundan əvvəl qadın dostluğu haqda çəkdiyi "Soul Mate" filmində də müasir Çin şəhər cəmiyyətinin problemlərindən söz açılır. Ancaq sözügedən rəydə deyilir ki, "Better Days" "Soul Mate"dən daha ağır filmdir.

XS
SM
MD
LG