COVID-19 virusu insanlara, çox güman, yarasalardan birbaşa, yaxud başqa heyvan vasitəsilə keçib. Bunu Dünya Səhiyyə Təşkilatının (DST) Çin ekspertləri ilə birgə araşdırması ortaya qoyub.
Martın 30-da açıqlanacaq hesabatı bəzi media orqanları görüb. Sənəddə pandemiyanın mənşəyi haqda qəti fikir yoxdur. Birləşmiş Ştatlar artıq Çinin sənədə mümkün müdaxiləsi və bilərəkdən təhrifiylə bağlı şübhəsini bildirib.
DST rəhbəri Tedros Adhanom Gebreyesus hesabat açıqlanmazdan öncə deyib ki, pandemiyanın mənşəyinə dair bütün fərziyyələr açıq qalır və əlavə araşdırmaya ehtiyac var.
Hesabatda qeyd olunur ki, COVID-19-a səbəb olmuş SARS-CoV-2 virusunun yarasalardan insanlara başqa heyvan vasitəsilə keçməsi çox ehtimal olunur.
Vuhan bazarının rolu
Alimlər uzun müddət SARS-CoV-2 virusunun yarasalardan qaynaqlandığını düşünüblər, yarasalar koronavirus daşıyıcıları hesab olunur. SARS-CoV-2-yə çox yaxın variant yarasalarda aşkarlanıb.
Hesabatda mümkün vektorları anlamaqdan ötrü virusa yoluxduğu bəlli olan viverra, su samuru, panqolin, safsarların da tədqiqi tövsiyə olunur.
Alimlər qeyd edirlər ki, 2019-cu ilin dekabrında ilk yoluxmaların aşkarlandığı Vuhandakı bazarın pandemiyadakı rolu qeyri-müəyyəndir. Bir sıra heyvanlar həmin bazarda satıldığı üçün həmin məkanla bağlı şübhələr vardı.
Hesabata görə, ABŞ-ın keçmiş prezident Donald Tramp və digərlərinin virusun Vuhanda tədqiqat laboratoriyasından sızmasıyla bağlı iddiaları “həddən artıq qeyri-real” görünür. Sənəd bu ehtimalı istisna edir.
Çin hökuməti virusun bu ölkədən çıxmadığını, dondurulmuş ərzaqla gətirildiyini bildirir. Hesabatda bu versiya “mümkün”, amma çox qeyri-real hesab olunur.
İnformasiyaya çıxış
DST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi daha öncə soyuq-zəncir nəzəriyyəsini sorğulayıb, araşdırmanın siyasiləşdirilməsilə bağlı suallar qaldırıb. Çin uzun müddət bu ideyanı ortaya atıb, virusun mənşəyini ölkədən kənarla əlaqələndirməyə çalışıb.
DST alimləri fevralda Vuhanda pandemiyanın mənşəyini araşdırandan sonra verdikləri açıqlamalar əsasən bu hesabatda təkrarlanır. Həmin missiya uzun müddət gecikdirilmişdi, Tramp administrasiyası ilə Çinin pandemiyanın necə başlaması üzrə mübahisələri fonunda gerçəkləşirdi.
Çinin tədqiqatçılara data və didər informasiyaya nə dərəcədə çıxış verməsilə bağlı da suallar var.
“Həmin hesabatın hazırlanması metodologiyası və proseslə bağlı real narahatlığımız var. Pekin hökumətinin onun yazılmasına kömək etməsi faktı da buraya daxildir”, – ABŞ-ın Dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində deyib.
ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti Entoni Fauçi deyib ki, hesabatın mötəbərliliyi haqda qərar verməzdən öncə ilkin informasiyanı görmək istərdi.
“Hesabatı oxuyandan sonra onların həqiqətən nəyə çıxışları olduğunu, yaxud olmadığını hiss edəcəyəm”, – o deyib.