Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:37

İtaliya Rusiya səfirliyinin iki əməkdaşını qovur


Rusiyanın Xarici İşlər Nazirliyi
Rusiyanın Xarici İşlər Nazirliyi

“Reuters” Rusiya Prezidenti Vladimir Putin administrasiyasına istinadla yazıb ki, Kreml İtaliya ilə əlaqələrin konstruktiv qalacağına ümid edir

Roma qalmaqallı casusluq işilə bağlı Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır. Xarici işlər naziri Luiqi Di Maio bunu NATO üzvü ilə Rusiya arasında “çox ciddi insident” adlandırıb.

Kreml isə bildirib ki, mübahisəyə baxmayaraq İtaliya ilə münasibətlərin saxlanacağına ümid edir.

İtaliya polisinin daha öncə bildirməsinə görə, donanma kapitanı Rusiyanın ordu zabiti ilə birlikdə casusluqda şübhəli bilinərək saxlanıb. Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Sergey Razovun məsələ ilə əlaqədar çağrıldığını bildirib.

“Pul məbləği qarşılığında sənəd ötürərkən...”

DiMaio Facebook-da yazıb ki, Rusiya səfirinə etiraz bildirib, ona “bu aşırı ciddi insidentdə rolu olan iki rusiyalı zabitin dərhal qovulması” haqda informasiya verib.

“Karabiner (İtaliya polisi) tərəflərin gizli görüşünə müdaxilə edib, italyan zabit pul məbləği qarşılığında sənəd ötürərkən saxlanıblar”, – polis bildirib.

Rusiyanın Romadakı səfirliyi hərbi attaşenin idarəsindən bir əməkdaşın saxlandığını təsdiqləyib, “işin detallarının aydınlaşdırıldığını” bildirib. Səfirlik ümidini bildirib ki, bu işin Rusiya-İtaliya münasibətlərinə “təsiri olmayacaq”.

“Reuters” daha sonra Rusiya Prezidenti Vladimir Putin administrasiyasına istinadla yazıb ki, Kreml bu hala baxmayaraq İtaliya ilə əlaqələrin konstruktiv qalacağına ümid edir.

İtaliyanın “Corriere della Sera” qəzetinin yazmasına görə, Rusiya səfirliyində işləyən zabit özündən yüksək rütbəli əməkdaşla birlikdə qovulub.

Məxfi sənədlər

Qəzet qeyd edir ki, italiyalı kapitanda təkcə İtaliyaya aid deyil, “NATO-nun çox məxfi sənədləri” ola bilərdi, “bu da təkcə İtaliyanın deyil, digər ölkələrin də təhlükəsizliyinə risk yaradır”.

Polis italyan kapitanla rusiyalı zabitin bir gün öncə axşam görüşdüyünü bildirir. Hər ikisi “casusluq və dövlət təhlükəsizliyinə bağlı ağır cinayətlərdə” şübhəli bilinir, bəyanatda vurğulanır.

İtalyan zabitin saxlandığı, “əcnəbinin durumunun isə, onun diplomatik statusunu nəzərə alaraq, hələ də nəzərdən keçirildiyi” qeyd edilir.

Son illər Rusiya və NATO üzvləri arasında bir sıra casus qalmaqalları olub, Moskvayla Qərbin münasibətlərindəki gərginlik isə dərinləşməkdədir.

Ötən həftə Bolqarıstan Rusiyanın iki diplomatını qovub, onların diplomatik statusa “uyğun gəlməyən” fəaliyyətlə məşğul olduğu bildirilir. NATO üzvü olan ölkənin hüquq-mühafizə orqanları Rusiyaya hərbi sirləri ötürən casus qrupunu ifşa edib.

Moskva isə Bolqarıstanın hərəkətini “əsassız” adlandırıb.

XS
SM
MD
LG