Aprelin 1-də Ermənistan Milli Məclisi özünün növbədənkənar iclasında “Ermənistan Respublikası Seçki Məcəlləsinə dəyişiklik və əlavələr haqqında” qanunu birinci oxunuşda qəbul edib.
Qanun layihəsinə 83 deputat səs verib. Əleyhinə səs verən və bitərəf qalan olmayıb.
Qanun layihəsinin müəllifləri hakim fraksiyadan iki deputat, habelə müstəqil deputatlar Arman Babacanyan və Sergey Baqratyandır.
Bu qanun seçkidə bundan əvvəlki qismən majoritar sistemi ləğv edir və tamamilə adi proporional sistem tətbiq olunur.
Müxalif “Maariflənmiş Ermənistan” səsvermədə iştirak etməyib, digər müxalif partiya – “Çiçəklənən Ermənistan”ın deputatları isə? ümumiyyətlə səsverməyə gəlməmişdilər.
“Maariflənmiş Ermənsitan” partiyasının lideri Edmon Marukyan hakim fraksiyanı “yalançılıqda” ittiham edib.
İki versiya iddiası
Onun sözlərinə görə, hakimiyyət Avropa Şurası Venesiya Komissiyasına layihənin bir variantını göndərib, parlament müzakirəsinə isə başqa versiyanı təqdim edib.
Marukyan habelə deyib ki, iyunda keçirilməli olan parlament seçikisindən əvvəl oyun qaydaları dəyişdirilərsə, seçkinin legitimliyi şübhə altına düşəcək.
Təhlilçilər bildirirlər ki, tam proporsional sistemə keçid yalnız partiya siyahıları əsasında seçki deməkdir və bu, daha çox Paşinyanın partiyası üçün əlverilşlidir.
Son rəy sorğuları onun partiyasının 33 faiz populyarlığa malik olduğunu göstərib. Rəy sorğularına görə müxalifət partiyalarını respondentlərin yalnız 1-3 faizi dəstəkləyib.
Rəyi soruşulanların 60 faizindən çoxu heç bir siyasi qüvvəyə inanmadığını deyib.
Bu təklifi iki il əvvəl elə Marukyan vermişdi
Qanun layihəsinin hakim “Mənim addımım” fraksiyasından olan həmmüəllifi Vaaqn Ovakimyan bu fikri təkzib edib və bildirib ki, bu dəyişikliklərdə təklif olunanlar böyük paketə daxildir:
“Yəni burda Venesiya Komissiyasına təqdim olunmayan heç bir başqa yenilik yoxdur. Yeganə fərq bundadır ki, buradakı bəzi tənzimləmələrin böyük paketdən əvəl qəbul edilməsi təklif olunub”.
Hakim fraksiyanın başqa bir deputatı Ruben Rubinyan Edmon Marukyanın iki il bundan əvvəl parlamentdə etdiyi çıxışı ona xatırladıb.
O vaxt Seçki Məcəlləsi müzakirə olunanda Marukyan seçkinin tamamilə adi proporsional sistemə keçirilməsini təklif etmişdi:
“İndi bizim reytinq sistemini (majoritar sistem - red) ləğv etmək imkanımız var. Bəli, oyun qaydaları bilavasitə seçki ərəfəsində dəyişdirilir, amma qaydalar daha liberal olur axı...Mənim buna əlavə edəcəyim başqa heç nə yoxdur. Mən Edmon Marukyanın 2018-ci ildə irəli sürdüyü arqumenti tam dəstəkləyirəm. Cənab Marukyan bu təklifi verəndə seçkiyə 45-50 gün qalırdı”.
Qanun layihəsinin ikinci oxunuşu az sonra keçirilməli idi.