Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədrisin əyani forması dayandırılacaq. Dərslər distant keçiriləcək. Nazirlik bunu mövcud koronavirus pandemiyası şəraiti ilə əsaslandırıb.
Bəs digər sahələrdə qapanmaya ehtiyac varmı?
"...Qərarlar qəbul edilə bilər"
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov "Turan" agentliyinə bildirib ki, karantinin sərtləşdirilməsi və hansısa müvafiq tədbirlər Operativ Qərargahın qərarından asılıdır: "Epidemioloji vəziyyəti nəzərə alaraq müvafiq dərəcədə qərarlar qəbul edilə bilər".
Nazirlik rəsmisinin sözlərinə görə, təxminən 10 gün davam edən Novruz bayramı tətili (20-28 mart) zamanı ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı və rəqəmlərdə artım olsa belə, bu, elə də yüksək olmamışdı: "Hamıya bəllidir ki, ictimai nəqliyyatda sıxlıq koronavirus infeksiyasının yayılmasına şərait yaradan yeganə olmayan, amma ən başlıca amillərdən biridir. Digər amil isə kütləvi tədbirlərdir – toylar, yaslar, ad günləridir. Ən ciddi yayılma məhz bu cür hallarda baş verir. Ona görə də bu cür tədbirlərin məhdudlaşdırılmasının davam etdirilməsi və sanitar-gigiyenik normaların tətbiqinə nəzarətin gücləndirilməsi vacibdir".
Bakı, Gəncə, Sumqayıtda...
N.Seyidov qeyd edib ki, Bakı əhalisinin bir qismi artıq yoluxub sağalıb: "Amma regionlarımızda paytaxtla və digər iri şəhərlərlə müqayisədə bütün ilboyu yoluxma halları az olub. Ona görə indi regionların qorunması çox vacibdir. Orada alovlanma olarsa, bu, alovlanma sürətli ola bilər. Bakıda isə alovlanma nisbətən az sürətlə gedir, çünki elə bir bina yoxdur ki, il ərzində onun sakinlərinin təxminən 20-30 faizi yoluxub sağalmasın. Yəni, Bakı, Gəncə, Sumqayıtda qısa müddətdə kollektiv immunitetə çatma ehtimalı daha çoxdur, nəinki regionlarda".
Bu məsələyə, hələlik, Nazirlər Kabineti yanında Operativ Qərargahın özündən münasibət almaq mümkün olmayıb.
"Bizim hələ ki, müəyyən vaxtımız var"
Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AzadlıqRadiosuna deyib ki, hələlik, hər sahədə qapanmaya ehtiyac yoxdur: "Əgər biz ikinci dalğanın rəqəmlərinə baxsaq, o vaxt aktiv xəstələrin sayı 60 mini keçəndə qapanmaya gedilmişdi. İndi isə aktiv xəstələrin sayı 20 mini keçib və bizim hələ ki, müəyyən vaxtımız var".
Ekspertin fikrincə, hələlik, kollektiv immunitet haqqında danışmaq tezdir. Baxmayaraq ki, onun ehtimalına görə, Azərbaycanda yoluxma rəsmi rəqəmlərdən yüksəkdir: "290 min nəfər isə vaksinasiyanın iki mərhələsindən keçib. Ona görə də Azərbaycanda immunizasiya olunmuş insanların sayı, hələ ki, azdır və bu o deməkdir ki, ölkədə epidemiya ciddi şəkildə davam edir".
"Hətta peyvənd vurulmuş insanlar yoluxa bilər"
Mütəxəssisin sözlərinə görə, ölkədə əhalinin immunizasiyası 60 faizdən yuxarı deyilsə, hətta peyvənd vurulmuş insanlar yoluxa bilər: "Ona görə də biz hazırda kollektiv immunitet qazanmamış bir cəmiyyət kimi davranmalıyıq".
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, qapatmalar indiyə kimi bir elə özünü doğrultmayıb: "Sanki virusun öz alqoritmi, yoluxmanın dalğaları var və dünyada yoluxma halları artdıqca, bizdə də proses buna paralel gedir".
"Qapatmanın çıxış yolu olduğunu düşünmürəm"
O hesab edir ki, ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılması bir fayda verməyib: "Novruz bayramı günlərində ictimai nəqliyyat, ümumiyyətlə, işləmədi, amma yoluxmaların sayının artması məhz bayram günlərinə təsadüf edir. Ona görə də qapatmanın çıxış yolu olduğunu düşünmürəm".
N.Cəfərlinin fikrincə, sosial-iqtisadi vəziyyəti, işsizlik səviyyəsini nəzərə aldıqda qapanmanın sosial problemlərin artmasına, insanların gəlirlərinin aşağı düşməsinə və psixoloji durumun gərginləşməsinə səbəb olacağını düşünmək lazımdır: "Zatən iqtisadi daralma müşahidə olunur. Keçən il, həmçinin bu ilin yanvar-fevral aylarında da Ümumi Daxili Məhsulun azalması baş verib. Yenidən qapanmaya gedilərsə, bu, iqtisadiyyata, əsasən də xidmət sektoruna yeni-yeni ciddi zərbələr vuracaq. Elə sahələr var ki, artıq özünə gələ bilmir və son yumşalmadan sonra öz fəaliyyətini bərpa etməyib".
"Amma bu məbləğ əlbəttə ki, kifayət deyil"
O qeyd edib ki, sosial məsafə, qapalı məkanlarda maska ilə bağlı təbliğat davam etdirilməlidir. Onun fikrincə, qapanmaya gedilsə, insanlara 196 manat kompensasiya verilməlidir: "Çünki yaşayış minimumu 6 manat artıb və ona uyğun olaraq insanlara 190 manat yox, 196 manat veriləcək. Amma bu məbləğ, əlbəttə ki, kifayət deyil. Bizdə yaşayış minimumu beynəlxalq standartlara uyğun hesablansa, məlum olacaq ki, Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz deyil, 25-30 faizdir. Ən azından Türkiyə standartlarına uyğun yaşayış minimumu hesablansa, dördnəfərlik ailə üçün bu rəqəm təqribən 1200 manat olacaq".
Koronavirus pandemiyasi ilə bağlı Azərbaycanda ötən il martın 24-dən karantindir. Bu müddət ərzində rejim zaman-zaman sərtləşdirilsə də, sonra yumşaldılıb. Azərbaycanda vaksinasiyaya isə yanvarın 18-dən başlanıb. O vaxtdan indiyə kimi 600 minə yaxın şəxsin peyvənd olunduğu açıqlanıb.
Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Rəsmi qurumların bildirməsinə görə, ölkəyə əlavə də vaksin gətiriləcək.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi ümumilikdə 263 min 961 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 593 nəfərin vəfat etdiyi bildirilir.