Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:00

Britaniya qadağaları yüngülləşdirir


London, 29 mart, 2021-ci il
London, 29 mart, 2021-ci il

Aprelin 12-dən bütün mağazalar açılıb, əhali bərbərə gedə, eyni ailənin üzvləri özünəxidmət şərtilə tətilə çıxa biləcək

İngiltərədə yoluxmalar azaldığından koronavirus qadağalarının yüngülləşdirilməsi yönündə daha bir addım atılıb. Ölkədə yetkin yaşlıların əksəriyyətinin COVID-19-a qarşı vaksinin azı bir dozasını qəbul etdiyi bildirilir.

Aprelin 12-dən bütün mağazalar açılıb, əhali bərbərə gedə, eyni ailənin üzvləri özünəxidmət şərtilə tətilə çıxa biləcək. İdman zalları, üzgüçülük hovuzları, kitabxanalar, zooparklar da açılır.

Restoran və barlar müştərilərə açıq havada xidmət göstərəcək. Baş nazir Boris Conson bunu bir pabın bağçasında pivə içməklə qeyd edəcəyini deyib.

Rəsmilərin xəbərdarlığı

Conson qadağaların yüngülləşdirilməsini “azadlığa doğru yol xəritəmiz yönündə böyük addım” adlandırıb, amma hamını ehtiyatlı olmağa, “məsuliyyətlə davranmağa” çağırıb.

İndilik daha çox açıq havada fəaliyyətə icazə verilir, qapalı məkanda daha sıx təmasla virusun yayılmasını önləməyə çalışırlar.

Ölkədə yetkin yaşlıların 60 faizindən çoxuna vaksinin azı bir dozasının vurulduğu deyilir. Amma Britaniyanın səhiyyə rəsmiləri qitədəki kimi yoluxmaların daha bir dalğasıyla bağlı xəbərdarlıq edirlər.

Hökumət martın 17-dən qadağaları daha da yüngülləşdirməyi, iyunun 21-dən bütün sosial məhdudiyyətləri qaldırmağı planlaşdırır.

Şotlandiya, Uels, Şimali İrlandiya isə özlərinin səhiyyə siyasətlərini yürüdürlər, yumşalmanın miqyasını məhdudlaşdırıblar.

Avstraliya

Avstraliyada vaksinasiya planlarında dəyişiklik edilir. Belə ki, səhiyyə ekspertləri yaşı 50-dən aşağı olanlara AstraZeneca deyil, Pfizer vaksini vurmağı tövsiyə edib.

Bu qərar AstraZeneca vurulmuş nisbətən cavanlarda nadir qan laxtalanması ilə əlaqədar qlobal miqyasda narahatlıqla bağlıdır.

Ölkə ilkin olaraq 25 milyonluq əhalisinə oktyabradək vaksin vurmağı planlayırdı. Martın sonunacan 4 milyonluq doza hədəf qoyulsa da, buna çatmaq mümkün olmayıb. Aprelin 10-can cəmi 1.16 milyon doza peyvənd vurulduğu açıqlanıb.

Baş nazir Skot Morison deyib ki, “bir çox qeyri-müəyyənliklər həll olunmadığından” vaksin hədəfləri qoymaq mümkün deyil.

“Hökumət birinci dozaların tamamlanması üçün yeni hədəflər qoymayıb, heç bir planı yoxdur”, – Morison Facebook-da yazıb.

Birləşmiş Ştatlar

Bu arada ABŞ mərkəzi bankının rəhbəri bildirib ki, fiskal və monetar stimul və vaksinasiya səbəbindən iqtisadiyyat uzunmüddətli güclü artım və aşağı işsizlik dövrünə hazırdır.

“Hiss edirik ki, iqtisadiyyatın daha sürətlə artmağa, iş yerlərinin daha sürətlə yaranmağa başladığı yerə çatmışıq”, – federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel CBS televiziyasının “60 Minutes” proqramına deyib.

Pauel pandemiyanın yenidən baş qaldırmasının mümkünlüyünün iqtisadiyyat üçün əsas risk olduğunu sözlərinə əlavə edib.

Risk ondadır ki, “sürətlə təkrar acılıma gedəcəyik, adamlar sürətlə əvvəlki işlərinə qayıdacaqlar və yoluxmalarda daha bir artım görəcəyik. İqtisadiyyat irəli getməlidir. Amma biz COVID-i nəzarətdə saxladığımız dərəcədə irəli gedə bilər”, – Pauel deyib.

XS
SM
MD
LG