Son aylar Azərbaycanda koronavirusa yoluxmada artım davam edir. Üstəlik, virusa yoluxanlar arasında gündəlik ölüm 30-dan aşağı düşmür.
Peyvənd proseduruna baxmayaraq, koronavirus xəstəliyinə tutulmuş vətəndaşlar haqqında getdikcə daha çox məlumatlar əldə edilir. Elə bununla bağlı "Turan" agentliyinin suallarına Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov cavab verir. Onun sözlərinə görə, peyvəndin qəbulu koronavirus infeksiyası xəstəliyindən tam qorunmağa zəmanət vermir.
"Birinci dozadan təqribən bir ay sonra ikincisi vurulmalıdır. Bədənin qorunması, yəni, kifayət qədər antivirus mexanizminin olması təkrarlanan peyvənddən bir müddət sonra ortaya çıxır. Yalnız bundan sonra vaksinin xeyri barədə danışa bilərsiniz. Tam vaksinasiya proseduru bitmədən vətəndaşlar koronavirus xəstəliyinə tutula bilərlər", - T.Eyvazov bildirib.
"Xəstəliyə vaksin almayanlardan daha yaxşı dözürlər"
Onun qeyd etməsinə görə, insan bədəninin təbii xüsusiyyətləri səbəbindən infeksiyaya zəif müqavimət göstərirsə, tam peyvənd proseduru (iki inyeksiya) başa çatdıqdan sonra koronavirus ilə xəstələnə bilərsiniz: "Bu cür insanlarda müqavimət zəifdir, vaksin yüz faiz təsir göstərmir. Analiz edəndə müdafiəedici cisimlərin aşağı sayda miqdarını göstərirsə, yenidən peyvənd edilməlidirlər. Vaksinləşdirilmiş insanlar əgər koronavirusla xəstələnsələr, xəstəliyə vaksin almayanlardan daha yaxşı dözürlər".
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.9 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə ümumilikdə 285 min 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 915 nəfərin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. İndi 40 yaşdan yuxarı şəxslərə peyvənd vurulur. Vaksinasiya dövlət hesabına aparılır. İndiyə qədər 1.1 milyondan çox vaksin vurulduğu bildirilir. Onlardan 750 mindən çoxu birinci mərhələnin (vaksinlər iki dozada vurulur) payına düşür.
Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.