Bu gün, aprelin 13-də Milli Məclisdə qəbul olunan "Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında" hesabatda bildirilir ki, ötən il dövlət qurumlarında 452 nöqsan aşkar edilib. Sənədə görə, hesabat dövründə 83.3 milyon manatlıq vəsaitlərin təyinatdankənar istifadəsi baş verib. Cəmi pozuntuların məbləği isə 130.3 milyon manat göstərilib. Qeyd edilir ki, onlardan 51.9 milyon manat bərpa olunub, 3.3 milyon manatın bərpası bu il nəzərdə tutulur, 16.4 milyon manatla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib, 58.7 milyon manatın bərpası isə mümkün olmayıb.
Nəzarət tədbirləri haraları əhatə edib
Hesablama Palatasından "Turan" agentliyinə bildirilib ki, 2020-ci ildə həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin dövlət vəsaitləri üzrə əhatə dairəsi genişləndirilib: "Ötən ildə keçirilmiş nəzarət tədbirlərinin əhatə dairəsi həm məbləğ, həm də mənbələr baxımından əvvəlki illə müqayisədə çox olub. Hesabat ilində audit formasında aparılmış nəzarət tədbirləri ilə ümumilikdə 9279.1 milyon manat vəsait əhatə edilib. Həmin vəsaitin nəzərəçarpacaq hissəsi 2019-cu ilin payına düşüb".
Qurumdan bildirilib ki, ötənilki nəzarət tədbirləri daha çox aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, büdcənin planlaşdırılmasını, icrası sahələrini və Dövlət Sosial Müdafiə Fondunun hesabatlılığını əhatə edib: "Subsidiyalara müraciət edən istehsalçıların, sadəcə, 1/4-i torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33.7 faizi dövlət dəstəyindən kənarda qalıb...".
412.4 milyon manat...
Auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412.4 milyon manat təşkil edir: "Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazışlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə ümumilikdə 335.4 milyon manat həcmindədir. 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən, 452 halda nöqsan müəyyən edilib. Hesabat ilində ümumilikdə 130.3 milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub".
Habelə vurğulanıb ki, 2020-ci ildə açıqlanan Açıq Büdcə İndeksi beynəlxalq reytinq hesabatlarında Hesablama Palatasının fəaliyyəti 89 balla qiymətləndirilib: "Bu, qiymətləndirilmənin aparıldığı 117 ölkə arasında üçüncü böyük göstəricidir".
"Yoxlamaların həcmi daha geniş olsa, yaxşı olar"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə "Turan"a bildirib ki, Hesablama Palatasının hesabatı dövlət orqanlarının yol verdiyi maliyyə nöqsanlarını əhatə etmir: "Çünki Palatanın cəmi 15-16 işçisi var və bu işçilər 100 milyon manatlıq, bəlkə də milyard manatlıq xərcləri yoxlamaq üçün əziyyət çəkirlər. Yəni, bütün büdcəni təftiş etmək mümkün deyil. Fikrimcə, yoxlamaların həcmi daha geniş olsa, yaxşı olar".
Deputat qeyd edib ki, Hesablama Palatası özü nöqsanlara yol verən vəzifəli şəxsləri cəzalandıra bilmir: "Qurum məmurları korrupsiya sxemlərinə sərf olunmuş vəsaitləri büdcəyə qaytarmağa məcbur edir. Əksər hallarda Palata buna nail ola bilir".
Komitə üzvünün fikrincə, texniki xırda səhvlər böyük qəbahət deyil: "Minlərlə şəffaf və dürüst işləyən məmurlarımız var. Amma əgər hər hansı dövlət orqanında istənilən neqativ sxem varsa, hüquq-mühafizə orqanları pozuntulara yol verən vəzifəli şəxsləri cəzalandırmalıdır".
"Pozuntulara yol verən şəxslərin işləri məhkəmələrə gedib çıxırmı?"
R.Quliyev qeyd edib ki, dövlət büdcəsi xalqın pullarıdır: "Bu pulları necə mənimsəmək olar? Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Düşünməsinlər ki, mənimsədikləri pulu qaytarmaqla azad olacaqlar. Onlar məhkəmə qarşısına çıxarılmalıdır. Biz deputatlar Hesablama Palatasının sədri Vüqar Gülməmmədovdan da xahiş etmişik ki, növbəti dəfə bizə məlumat təqdim olunsun ki, pozuntulara yol verən şəxslərin işləri məhkəmələrə gedib çıxırmı və onlara qarşı nə kimi tədbirlər görülüb?".
"Azərbaycanda antikorrupsiya prosesi böyük vüsət alıb"
Deputat vurğulayıb ki, Azərbaycanda antikorrupsiya prosesi böyük vüsət alıb, inkişaf edir və bu mübarizə davam edəcək: "Tutduğu vəzifəsindən və statusundan asılı olmayaraq, məmur cənab prezidentin tapşırıqlarını yerinə yetirmirsə və şəffaf işləmirsə, onlara qarşı ən yaxşı mübarizə apara biləcək ən güclü maliyyə auditi aləti Hesablama Palatasıdır".
"Bizdə qanunvericiliklə..."
İqtisadçı Rövşən Ağayev da deyir ki, "maliyyə pozuntularına yol verənləri hansı cəzalar gözləyir" məsələsi artıq Hesablama Palatasının səlahiyyətinə aid deyil: "Bizdə qanunvericiliklə Hesablama Palatası maliyyə pozuntularını üzə çıxarmaqla işini bitirir. Bundan sonra maliyyə pozuntularına yol verən şəxslərə cəza verilib-verilməməsi icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir".
Ekspert qeyd edib ki, Azərbaycanda ayrı-ayrı vaxtlarda korrupsiyaya görə həbslər baş versə də, bəzi şəxslər cəza müddətinin başa çatmasından tez azad olunublar: "Korrupsiya istənilən ölkədə ola bilər, önəmli olan korrupsiyanın qarşısının alınması, vəsaitlərdən səmərəli istifadə üçün nəzarət mexanizmləri və hesabatlılıq sisteminin olmasıdır".
R.Ağayev vurğulayıb ki, Hesablama Palatası maliyyə, uyğunluq auditi ilə yanaşı, səmərəlilik auditi də keçirə bilər: "Səmərəlilik auditi Hesablama Palatasına vəsaitlərin xərclənməsində hansı nəticələrə nail olunduğunu dəyərləndirməyə imkan verir. Ola bilər ki, Hesablama Palatası belə audit keçirib, amma onun barəsində məlumata açıq mənbələrdə rast gəlməmişik".
"Büdcə hesabatlılığı, şəffaflığı, açıqlılığı çox ağırdır"
Ekspert hesab edir ki, Hesablama Palatası Milli Məclisə tabe orqan kimi ildə bir dəfə hesabatla çıxış etmək yox, parlament komitələrində dinləmələr keçirə, auditin nəticələri barədə deputatları məlumatlandıra bilər: "Belə fəaliyyət həm də audit olunan müəssisələrin, təşkilatların rəhbərlərinin məsuliyyətini artıra bilər".
R.Ağayevin fikrincə, maliyyə pozuntularının baş verməsi həm də satınalma ilə bağlı qanunvericilikdəki boşluqlardan qaynaqlanır: "İndiki halda bu riski aradan qaldıracaq effektiv mexanizm yoxdur".
Ekspert qeyd edib ki, Azərbaycan büdcəsi investisiya təyinatlıdır: "Büdcənin hər üç manatından bir manatı investisiya üçün nəzərdə tutulur. Amma 2017-ci ildən bu yana elə bir şərait yaranıb ki, investisiya layihələri barədə məlumatları əldə etmək, demək olar ki, mümkün deyil. Büdcə hesabatlılığı, şəffaflığı, açıqlılığı çox ağırdır. Vəsaitlərin nə qədərinin səmərəli xərcləndiyini görə bilmirik".
Azadlıq Radiosuna danışan bəzi ekspertlər də hesab edirlər ki, Hesablama Palatası müstəqil olarsa, onun effekti daha da artar.