Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı, hazırda həbsdə olan Laçın Vəliyev deyir ki, partiyanın Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun əleyhinə ifadə vermədiyinə görə şərlənib.
Bu barədə o, aprelin 14-də AXCP Rəyasət Heyətinin 4 üzvü – Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Məmməd İbrahim və daha 8 nəfərin məhkəməsində şahid qismində dindirilərkən danışıb.
Adları çəkilən AXCP funksionerləri də daxil olmaqla, 36 nəfər 2020-ci il iyulun 15-də Bakıda keçirilmiş orduya dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınlarının aşırılması və s.) görə mühakimə olunur.
Bu iş üç qrupa bölünüb və hər qrupda 12 nəfərin işinə baxılır. Bu işlərə Səbail Rayon Məhkəməsinin sədri və hakimləri baxır.
Laçın Vəliyev ifadəsində bildirib ki, Ramana qəsəbəsində Bəxtiyar İmanovla eyni məhəllədə yaşayırlar. İyulda keçirilən yürüşdə 10 yaşlı uşağı ilə birlikdə iştirak edib. Vəliyev deyir ki, gecə saat 23.00 radələrinə qədər yürüşdə olub, sonra evinə qayıdıb.
“Dedi ki, uşağa görə narahatlıq olar”
“Bəxtiyarı həbs eləyəndən sonra məni çağırdılar, 4 gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxladılar. 2-3 saat da DTX-də dindirdilər. Məndən AXCP-nin, Bəxtiyarın əleyhinə ifadə vermək tələb olunurdu. Deməliydim ki, təşkilatçı kimi, məni o yürüşə Bəxtiyar göndərib, o da Əli Kərimlidən təlimat alıb. Mən isə dedim ki, nəinki Bəxtiyar göndərməyib, hətta geri qayıtmağı tövsiyə edib. Çünki uşaq da mənimlə idi, 10 yaşı var. Dedi ki, uşağa görə narahatlıq olar”, – şahid məhkəmədə bildirib.
Onun sözlərinə görə, martda bu iş üzrə məhkəmə prosesi başlayanda onu yenə çağırıb, məhkəmədə İmanovun əleyhinə ifadə verməyi tələb ediblər.
Bundan imtina edəndə onu yenidən tutub saxlayıblar:
“Əvvəl dedilər ki, guya mən dələduzluq eləmişəm. Mən sübutlarımı ortaya qoydum ki, mənim üzümə dayandırdıqları adamların özünün mənə borcu var. Gördülər ki, alınmır, bir həftə sonra – martın 19-da yenə tutdular, bu dəfə narkotiklə cinayət işi açdılar”.
Vəliyevə qarşı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Cinayət işinin materiallarında iddia olunur ki, ondan 4,7 qram metamfetamin, 6,4 qram heroin aşkarlanıb.
Xatırlatma
2020-ci ilin iyulunda Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada bəzi olaylar yaşanıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.
Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb.
AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib.
İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bu iş üzrə 2020-ci ilin iyulunda həbs olunan 36 nəfər noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb.