Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:43

ABŞ Rusiya diplomatlarını qovur, yeni sanksiyalar qoyur


ABŞ prezidenti Co Bayden
ABŞ prezidenti Co Bayden

ABŞ Rusiya üzərinə, onun təbirincə deyilərsə, Moskvanın “ziyanlı xarici fəaliyyəti” ilə bağlı yeni sanksiyalar elan edib.

ABŞ prezidenti Co Baydenin administrasiyası aprelin 15-də Rusiyanın 10 diplomatının ölkədən çıxarılması və bu ölkənin onlarca qurumu və nümayəndəsi üzərinə sanksiyalar qoyulması barədə qərarını açıqlayıb.

Bəyanatda deyilir ki, sözü gedən tədbirlər ötən ilin seçkilərinə müdaxiləyə və ABŞ federal agentliklərinə haker hücumlarına görə Kremlin cəzalandırılması məqsədilə görülür.

Bu da xəbər verilir ki, bu tədbirlər habelə Rusiyanın maliyyə və dövlət borcu sahələrini hədəfləyir.

Ağ Ev rəsmiləri bildirirlər ki, bu tədbirlərdən məqsəd Rusiyanın 2020-ci il ABŞ seçkisinə müdaxiləsinə görə cəzalandırılmasıdır.

Rəsmilər deyirlər ki, Bayden iyunun 14-dən ABŞ-ın maliyyə təsisatlarının Rusiyanın rublla borc əməliyyatlarında iştirakını qadağan edir. Bu borc hazırda 185 milyard dollar olaraq qiymətləndirilir.

ABŞ özünün maliyyə təsisatlarına Rusiyanın xarici valyuta ilə borclarının alqı-satqısını 2019-cu ildən qadağan edib.

Kredit almaq çətinləşəcək, rubl zəifləyəcək

Ağ Ev bildirir ki, sözü gedən fərman Rusiyanın ziyanlı fəaliyyətlərinə görə cəzalandırılması üçün verilir.

Ziyanlı fəaliyyət dedikdə seçkilərə müdaxilə, kiberhakerlik, kimyəvi silahlardan istifadə və Rusiyanın Talibana Əfqanıstandakı ABŞ hərbçilərinin öldürülməsi üçün pul mükafatı təklif etdiyinə dair iddialar nəzərdə tutulur.

Yeni sanksiyaların onsuz da gərgin olan ABŞ-Rusiya münasibətlərini daha da pisləşdirəcəyi gözlənilir.

Bayden bu həftənin əvvəllərində Vladimir Putinlə telefon söhbətində Rusiya prezidentini Ukraynanın sərhədi boyunca qoşun cəmləşdirilməsini dayandırmağa çağırmışdı.

Ağ Ev rəsmilərindən biri deyib ki, tarixi təcrübəyə diqqət yetirlərsə, ABŞ investorlarının Rusiyanın dövlət borclarını almaqdan məhrum edilməsinin Moskva üçün böyük çətinliklər yaratdığı xatırlanar.

Rəsminin sözlərinə görə, Baydenin fərmanında nəzərdə tutulmuş qadağanlar Rusiyanın kreditlər almasını bahalaşdıracaq, ölkədən kapital axınına təkan verəcək və Rusiya rublunu zəiflədəcək.

Joe Biden Putinə görüşməyi təklif edib
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Məqsəd gərginliyi artırmaq deyil

Rəsmi bunu da əlavə edib ki, bütün bu cəza tədbirləri Rusiyanlın keçmişdəki fəaliyyətləti ilə bağlıdır və Vaşinqton Moskva ilə gərginliyi artırmaq məqsədi güdmür:

“Biz bunu açıq bildirmişik ki, Rusiya ilə sabit və proqnozlaşdırıla bilən, irəliyə yönəlik münasibətlər istəyirik”.

ABŞ kəşfiyyatı SolarWinds şirkəti üzərinə böyük haker hücumuna görə Rusiyadan şübhələnir.

Ötən il baş vermiş bu hücum nəticəsində ABŞ-ın istər ictimai, istərsə də özəl sektordakı bir çox qurumlarına ciddi ziyan dəymişdi.

Rusiya bu iddiaları rədd edir.

ABŞ kəşfiyyatı bildirir ki, hakerlər bu hücumda ziyanlı proqram kodundan istifadə edərək, ABŞ-ın azı doqquz agentliyinə müdaxilə edə biliblər.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ötən ay demişdi ki, ABŞ SolarWinds hücumuna “aylar yox, həftələr ərzində” cavab verəcək.

ABŞ hakimiyyət orqanları bu hücumu Rusiya kəşfiyyatının hazırladığını bildirirlər.

Rusiya kəşfiyyatı

Fərmanda konkret olaraq Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR), habelə APT 29, Cozy Bear və The Dukes kimi tanınan haker qruplarının adları çəkilir.

Qeyd olunur ki, onlar SolarWinds Orion platformasına və digər IT strukturlarına müdaxilə ediblər.

Bundan başqa ABŞ rəsmiləri ötən ay bildirmişdilər ki, 2020-ci il ABŞ seçkisində keçmiş prezident Donald Trampın qələbə şanslarını artırmaq üçün edilən hərəkətlərə Rusiya prezidenti Vladimir Putin xeyir-dua verib.

Aprelin 15-də elan edilmiş tədbirlərə habelə Rusiyanın kiberfəaliyyətlərə dəstək verən 6 şirkətinə qarşı sanksiyalar da daxildir.

Bundan başqa Rusiyadan olan 32 vahid və fərdlər ötən ilin prezident seçkisinə müdaxilə cəhdində ittiham edilir.

Ağ Ev bildirib ki, ölkədən çıxarılması barədə qərar qəbul edilmiş 10 Rusiya diplomatının arasında Rusiya xüsusi xidmətlərinin nümayəndələri də var.

NATO və Avropa İttifaqı ABŞ-ın aprelin 15-də elan etdiyi sanksiyaları dəstəklədiklərini bildiriblər.

Sözü gedən sanksiyalarla bağlı ABŞ-ın Moskvadakı səfiri Con Sullivan Rusiya XİN-ə dəvət olunub.

Səfirə bildirilib ki, Moskva bu sanksiyalara mütləq cavab verəcək.

XS
SM
MD
LG