Çexiya Praqa və Moskva arasında getdikcə şiddətlənən diplomatik çəkişmənin əsnasında həmrəylik dəstəyi üçün Avropa İttifaqı və NATO-dan olan müttəfiqlərinə müraciət edib.
Çexiya və Rusiya arasında diplomatik qarşıdurma Praqa Moskvanı 2014-cü ildə Çexiyanın silah anbarlarından birində partlayış törətməkdə ittiham etdikdən sonra başlanıb.
Çexiyanın xarici işlər naziri Yan Hamaçek aprelin 20-də verdiyi bəyanatda deyib ki, “biz Avropa İttifaqı və NATO ölkələrini kollektiv hərəkətə çağırırıq”.
Bundan bir gün əvvəl, aprelin 19-da Praqa Çexiya kəşfiyyatının Rusiya agentləri kimi müəyyənləşdirdiyi 18 Rusiya diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.
Moskva buna cavab olaraq Çexiya səfirliyinin 20 əməkdaşını persona non grata elan edib.
Şərhçilər bildirirlər ki, bu, 1989-cu ildən bəri Moskva ilə Praqa arasında ən kəskin qarşıdurmadır.
Çexiya naziri: “Mən hər şeyə hazıram”
Hamacek jurnalistlərə deyib ki, Rusiya səfiri Aleksandr Zmeyevskini XİN-ə dəvət edib və Moksvanın qeyri-simmetrik addımı ilə bağlı ona etiraz notası verib.
Nazir daha sonra Facebook səhifəsində yazmışdı ki, “Rusiya tərəfindən azacıq fərqli reaksiya gözləyirdi” və onun hökuməti bu xüsusda növbəti addımlarını götür-qoy edəcək:
“Mən hər şeyə hazıram. Mən hətta münasibətlərin sıfırdan başlanmasına da hazıram. Bu o deməkdir ki, biz Çexiyadakı bütün Rusiya diplomatlarını evlərinə göndərə bilərik”.
Kremlin sözçüsü Dmitri Peskov Praqanın “əsassız ittihamlarını” rədd edib və Çexiyanın hərəkətlərini “düşünülməmiş və ikitərəfli münasibətlərə ziyanlı” adlandırıb.
Bundan əvvəl Çexiya hökuməti Rusiyanın Rosatom şirkətinin ölkədəki Dukavanı atom elektrik stansiyasının yeni enerji blokunun tikintisi üçün keçirilən tenderdən çıxarıb və bildirib ki, Rusiyadan COVID-19-a qarşı Sputnik V vaksinin alınması məsələsinə baxılmayacaq.
NATO vəziyyəti müzakirə edir
Çexiya kəşfiyyatının məlumatlarına istinad edən hökumət bildirir ki, 2014-cü ildə Vrbetitse şəhəri yaxınlığında baş vermiş partlayışı Rusiyanın hərbi kəşfiyyatı törədib.
İçərisində 50 ton çəkisində silah olan anbar 2014-cü ildə partladılmış və bu zaman iki nəfər həlak olmuşdu. İki ay sonra eyni yerdə 13 tonluq silahı olan başqa bir anbar partladılıb.
Çexiya polisi bildirir ki, həmin partlayışla əlaqədar iki rusiyalı agent axtarışa verilib.
Bu da bildirilir ki, söhbət 2018-ci ildə İngiltərədə keçmiş casus Sergey Skripalın zəhərlənməsində şübhəli bilinən eyni iki agentdən gedir.
Çexiyanın NATO-dakı səfiri aprelin 20-də alyansın ən ali orqanı Şimali Atlantika Şurasına partlayışın Rusiya Baş Kəşfiyyast idarəsi – GRU-nun agentləri tərəfindən törədildiyi barədə məlumat verib.
NATO rəsmisi bildirib ki, müttəfiqlər yaranmış vəziyyəti Çexiya Xarici İşlər Nazirliyi ilə müzakirə edəcəklər.
Rəsmi vurğulayıb ki, NATO müttəfiqləri Rusiyanın qorxulu və sabitsizləşdirici davranışına qarşı Çexiya ilə həmrəydirlər.
29155
Bu arada açıq mənbələrlə işləyən Bellingcat təhqiqat qrupu aprelin 20-də bildirib ki, Çexiya kəşfiyyatının Vrbetitse partlayışına bağladığı Rusiya əməliyyatında GRU-nun 29155 nömrəli dəstəsi kimi tanınan qurumunun azı 6 agenti iştirak edib.
The Insider, Der Spiegel jurnalının və Respekt.cz saytının birgə apardığı araşdırma göstərib ki, bu dəstənin başçısı kimi müəyyən eedilmiş general Andrey Averyanov Mərkəzi Avropaya məxfi səfər edib. O Çexiyada baş vermiş partlayışla eyni gündə Moskvaya qayıdıb.
29155 nömrəli dəstənin Skripalların zəhərlənməsi də daxil Avropa boyunca sui-qəsd cəhdləri və başqa diversiyalarla bağlı olduğuna inanılır.
Avropa İttifaqı aprelin 19-da bəyan edib ki, Çexiyaya “tam dəstək və həmrəylik” mövqeyində dayanır.
İttifaq Rusiyanın Avropada “təkrar olunan təhlükəli və ziyanlı davranışlarından narahat olduğunu bildirib.
Aİ-nin xarici işlər komissarı Josep Borrell ittifaq ölkələrinin xarici işlər nazirləri ilə müzakirələrdən sonra bildirib ki, “Rusiya Avropada təhlükəsizliyin bu oturuşmuş beynəlxalq prinsip və normalarına qarşı fəaliyyətlərini dayandırmalıdır”.