ABŞ Prezidenti Co Bayden ermənilərin 1-ci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında kütləvi öldürülməsini genosid aktı kimi tanıya bilər. Bunu aprelin 21-də bir sıra qərb agentlikləri mənbələrə istinadla yazıb. Bu addımın Türkiyəni qəzəbləndirəcəyi, NATO-nun iki üzvünün onsuz da gərgin münasibətlərini daha da pisləşdirəcəyi gözlənir.
Baydenin genosidi tanımağa hazırlaşması haqda ilk dəfə “The New York Times” və “The Wall Street Journal” yazıb.
“Reuters” yazır ki, bu addım əsasən simvolik olsa da, Ağ evin onillərlə ehtiyatla formalaşdırdığı dildən imtina demək olar.
Bayden aprelin 24-də qurbanların anım mərasimində çox güman ki, “soyqırımı” sözünü işlədəcək, məsələdən agah üç mənbə agentliyə deyib.
Konqresmenlərin çağırışı
Ağ evin sözçüsü Jen Psaki jurnalistlərə söyləyib ki, Ağ ev məsələ haqda şənbə günü “daha çox şey danışacaq”, amma detalları açıqlamayıb.
Dövlət Departamenti şərh üçün müraciətə cavab verməyib, Ağ evin Milli Təhlükəsizlik Şurası da Psakinin dediyindən əlavə nəsə bildirməyib.
Bir il öncə Bayden hələ namizəd olanda Osmanlı hakimiyyətinin son illərində öldürüldüyü bildirilən 1.5 milyon ermənini yad edib, bu qırğınları genosid kimi tanıma cəhdlərini dəstəkləyəcəyini söyləyib.
Türkiyə həmin dönəmdə bir çox erməninin Osmanlı qüvvələri ilə toqquşmalarda öldürüldüyünü qəbul etsə də, rəqəmin az olduğunu, həmin qırğınların sistematik, yaxud soyqırımı olmadığını bəyan edir.
2019-cu ildə ABŞ senatı qırğınları genosid kimi tanıyan, amma hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib. O zaman bu addım Türkiyəni dərindən qəzəbləndirmişdi.
Nümayəndələr Palatasından Adam Şif hər iki partiyanı təmsil edən 100 konqresmenlə birlikdə bu həftə Baydenə məktub yazaraq onu seçki kampaniyası vədinə əməl etməyə, “onillərin səhvini düzəltməyə” çağırıb.
Bayden Erdoğanla danışmayıb
Onillər boyunca ABŞ prezidentləri “genosid” sözünü işlətməyiblər. Türkiyə ilə münasibətlərin korlanacağı sarıdan əndişələrin bunda rolu olub.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə münasibətləri yaxşı idi. Amma Bayden yanvarın 20-dən prezident kürsüsünə keçəndən Erdoğanla danışmayıb.
Bu arada Bayden administrasiyası Türkiyəyə təzyiqi artırıb, insan haqlarının vəziyyətinə görə Ankaradan narazılıq bildirib. Türkiyənin Rusiyadan silah sistemi alması, Suriyadakı siyasətdə fərqliliklər də ziddiyyətləri gücləndirib.
Bayden kütləvi qırğınları soyqırımı kimi tanıyarsa, NATO müttəfiqlərinin əlaqələrinə daha da ziyan vurar, Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu aprelin 21-də deyib.
“Birləşmiş Ştatlar münasibətlərimizi pisləşdirmək istəyirsə, özləri bilərlər”, – Çavuşoğıu Türkiyənin “HaberTurk” televiziyasına bildirib.
İqtisadi amil
Avrasiya Qrupu tədqiqat və konsaltinq firmasının təsisçisi Yan Bremmer “Reuters”ə deyib ki, Erdoğanın Baydenin gözlənən addımına reaksiyasi məhdud ola bilər.
“Erdoğan çətin ki Birləşmiş Ştatları Türkiyənin zəif iqtisadiyyatına bundan artıq ziyan vura biləcək addımlara təhrik etsin”, – o vurğulayıb.
Vaşinqtondakı Yaxın Şərq İnstitutunda Türkiyə proqramının direktoru Gonul Tolun fikrincə, Erdoğanın təzyiq vasitələri azalıb və onun reaksiyası elə də güclü olmaya bilər.
“Bayden Türkiyə daxil olmaqla dünyada insan haqları pozuntularını vurğulayıb, amma ritorikadan o yana keçməyib. İndi onun üçün daha az risklə insan haqlarını müdafiə etmək şansı yaranıb”, – Tol “The Associated Press”ə deyib.
Prezidentliyinin ilk günlərində Bayden Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı birbaşa tədbir görmədiyinə görə tənqid olunub. ABŞ kəşfiyyatı şahzadənin dissident jurnalist Camal Xaşoqinin öldürülməsi əməliyyatına dəstək verdiyini ortaya qoyub. Baydeni həm də Çinin uyğurlar və digər azlıqlarla davranışını pisləməsinə baxmayaraq daha sərt tədbirə əl atmadığına görə tənqid edirlər.