ABŞ Dövlət Departamenti Rusiyada media azadlığının artan təhdid altında olduğunu bildirir. Hakimiyyət AzadAvropa/AzadlıqRadiosu və digər media təşkilatlarına məhdudlaşdırıcı “xarici agent” damğası və cərimələrlə hücuma keçib.
Departamentin sözçüsü Ned Prays aprelin 29-da brifinqdə deyib ki, Rusiya hökuməti getdikcə “xarici perspektivlərə daha dözümsüz” yanaşır, ölkədə narazıları əzir.
Rusiyanın Roskomnadzor media tənzimləyicisi AzadAvropa/AzadlıqRadiosu-nun rusdilli xidmətlərinə 1 milyon dollara yaxın cərimə kəsib, onları “xarici agent” qanununu pozmaqda ittiham edir.
“Ciddi dözümsüzlük”
Bu günlərdə isə Rusiya hökuməti Latviyada yerləşən Meduza xəbər portalını “xarici agent” elan edib.
“Aydın şəkildə demişik ki, Rusiyanın AzadAvropa/AzadlıqRadiosu-na və digər media təşkilatlarına qarşı hərəkətləri ciddi dözümsüzlük və sıxışdırıcı məhdudiyyətləri göstərir”, – Prays vurğulayıb.
Rusiyanın “xarici agent” qanunvericiliyi 2012-ci ildə qəbul olunub, sonradan ona dəfələrlə dəyişiklik edilib. Qanun xaricdən maliyyələşən və hökumətin mövqeyincə, siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından tələb edir ki, qeydiyyatdan keçsinlər, özlərini “xarici agent” kimi təqdim etsinlər və fəaliyyətləri haqda məlumat versinlər.
Roskomnadzor oktyabrdan tələb edir ki, xaricdən maliyyələşən media qurumları kontentin “xarici agent” tərəfindən hazırlandığını iri şriftli mətnlə bildirsinlər. Videomateriallarda bu 24 sözdən ibarət elan ekranın azı 20 faizini tutmalı, azı 15 saniyə göstərilməlidir.
“Buna cavab verəcəyik”
Radionun hədəfə alınması Rusiyanın bu media qurumunu ölkədə bağlamağı hədəfləməsi sarıda narahatlıq yaradıb.
“Rusiya hökuməti AzadAvropa/AzadlıqRadiosu-nu zorla bağlamaq yönündə hərəkət edərsə, buna cavab verəcəyik”, – Prays vurğulayıb, amma hansı addımların atıla biləcəyini açıqlamayıb.
AzadAvropa/AzadlıqRadiosu ABŞ Konqresi tərəfindən maliyyələşən müstəqil qeyri-kommersiya təşkilatıdır, “xarici agent” qanununa əməl etməkdən imtina edir.
Radionun Prezidenti Ceymi Flay deyib ki, qurum “ifadə azadlığı və jurnalist bütövlüyünə zərbə vuracaq vəziyyətə salınmayacaq. Roskomnadzor-a və Kremlə Rusiyadakı izləyicilərimizlə necə işləmək haqda redaksiya qərarı verməsinə imkan verməyəcəyik”.
Dövlət katibi Entoni Blinken AzadAvropa/AzadlıqRadiosu-nun məsələsini rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib.
“AzadAvropa/AzadlıqRadiosu-nun Rusiyadakı vəziyyəti bizi çox məşğul edib”, – Blinken aprelin 28-də dünya mətbuat azadlığına həsr olunmuş dəyirmi masada deyib.