ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə potensial üzbəüz sammitə hazırlaşdıqları, köməkçilərinin bu görüşdən ötrü ən yaxşı məkan axtarışına çıxdıqları bildirilir. “Politico” dərgisi görüş yeriylə bağlı bir neçə ideal seçimin olduğunu yazır.
“Sadəcə, ola bilsin”
Bayden bu həftə deyib ki, iyunun ortasında Avropaya səfəri zamanı Putinlə görüşəcəyinə “ümid edir və bunu gözləyir”. ABŞ Prezidentinin NATO, Böyük Yeddilər (G7), Avropa Birliyi liderləri ilə görüşləri planlaşdırılır. Putin bu tədbirlərdə olmayacaq, amma keçmiş məmur və təhlilçilərin fikrincə, Baydenin rusiyalı həmkarı ilə elə qonşuluqda ikən görüşməyi ağlabatandır.
Dərgi tərəflərdən əlavə rəsmi məlumat ala bilməyib. Amma media artıq mümkün görüş yerlərindən yazır. Adətən, belə toplantılar “neytral” hesab olunan İsveçrə, Finlandiya və Avstriya ərazisində baş tutur. Di gl, təhlilçilər gözlənilməz namizədləri də çıxdaş etmirlər. İslandiya paytaxtı Reykyavik, Çexiya paytaxtı Praqa, hətta ola bilsin, “sadəcə, ola bilsin”, Azərbaycan paytaxtı Bakı kimi.
Məqalədə deyilir ki, Azərbaycanın həm Vaşinqton, həm də Moskvayla davamlı münasibətlərinə baxmayaraq, Baydenin Bakıya gələcəyi o qədər də real görünmür. Bir səbəb Ermənistanla ötənilki 44 günlük müharibədir. Azərbaycan həmin müharibədə Ermənistanın işğalı altında olan torpaqlarının bir qisminə nəzarəti geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
“Ermənilərin xətrinə dəyər”
“Baydenin Bakıya səfəri Ermənistanın, o cümlədən çoxsaylı erməni əsilli amerikalıların xətrinə dəyər. Bayden bu yaxınlarda 20-ci əsrin əvvəlində törədilmiş erməni genosidini tanımaqla onları məmnun edib”, – məqalədə deyilir.
Türkiyə Osmanlı İmperiyası dövründə öldürülmüş ermənilərin sayının şişirdildiyini, bu qətllərin sistematik xarakterli, yəni soyqırımı olmadığını bildirir.
Rusiyayla bağlı məsələlərdən agah bir ABŞ rəsmisi “Politico”ya deyib ki, Putin görüş üçün hansısa ölkəyə gedib-getməməklə bağlı Birləşmiş Ştatlar və avropalılar kimi narahat olmur. “O, səhnənin ulduzudur, NATO və Avropa Birliyi ölkələrinin ərazisinə ayaq basmasının onlarda yaratdığı qıcığı izləməyi sevir”, – məmur bildirir.
Bayden administrasiyasının Azərbaycan rəhbərliyi ilə ilk təması aprelin 28-də olub, Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Tərəflərin regional təhlükəsizlik sahəsində əməkdaşlıqdan tutmuş demokratik proseslərin inkişafı, insan haqları, siyasi plüralizmin qorunması kimi bir sıra məsələləri müzakirə etdiyi bildirilir.