Bayden administrasiyası dünyanın yoxsul hissələrinə kömək məqsədilə COVID-19-a qarşı vaksinlərin patent qorumasını yumşaltmağa çağırıb. Daha çox vaksin dozası əldə etməyi hədəfləyən bu addımı bəzi ölkələr və səhiyyə fəalları alqışlayıb.
Amma farmaseptik sənaye, digərləri bunun yoluxmaları tezliklə aradan qaldıra bilməyəcəyini, innovasiyaya zərbə vuracağını deyib.
“The Associated Press” agentliyi dərman patentlərinin necə işlədyini araşdırıb.
Patentlər innovasiyanı qoruyur, rəqiblərin bir şirkətin ixtirasını mənimsəyərək rəqib məhsul buraxmasını önləyir. Birləşmiş Ştatlarda dərmanların patentləri adətən təqdim olunandan sonra 20 il qüvvədə olur. Bir dərmanın təsdiqlənməsi on ilədək çəkə bilər, sonra şirkətlər 12 il ərzində rəqabətsiz satışla məşğul olurlar. Çox vaxt dərman istehsalçıları məhsullarını ya təkmilləşdirir, ya da istifadəsini genişləndirirlər, beləliklə də monopoliyanı uzatmağa imkan verən əlavə patentləri əldə edirlər.
1 milyard dollardan artıq pul
Agentlik dərmanların hazırlanması prosesinin inanılmaz dərəcədə baha başa gəldiyini yazır. Adətən bir dərmanın ixtirasından təsdiqlənməsinə qədər 1 milyard dollardan artıq vəsait sərf olunur. Bir neçə illik rəqabətsiz satış perspektivi olmasa, bu riskə getməyə stimul yaranmaz.
Konqresdə bir çox demokrat da daxil olmaqla Bayden administrasiyasına təzyiq güclənirdi. Axı, dünyanın qalan hissəsinə daha çox COVID-19 vaksini lazımdır. Hindistan və Cənubi Afrika oktyabrda patent məhdudiyyətlərini yumşaltmaq ideyasını ortaya atandan bir çox ölkələrin onlara dəstəyi artıb.
Dərman sənayesinin bu təşəbbüsə qarşı çıxmasının qısa cavabı “pul”dur. Farmaseptik şirkətlər ABŞ-da dərmanlarına istədikləri qiyməti qoyur, ildə iki dəfə qiyməti qaldırırlar. Böyük istehsalçılar dünyanın ən gəlirli şirkətlərinə çevrilirlər. Amma innovasiyanın böyük hissəsi startap şirkətlərindən gəlir ki, onlar da ilkin mərhələdə tədqiqatın maliyyələşdirilməsindən ötrü investorlardan asılıdırlar.
Qərar verilərsə...
Patent məhdudiyyətləri ilə bağlı qərarı 164 üzvü olan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) verir. Qurumun bütün üzvləri razılaşarsa qərar qəbul olunur. Bundan sonra vaksin istehsalçıları çox mürəkkəb istehsal prosesilə bağlı nou-haunu paylaşmalıdırlar.
İndiyəcən vaksinlərlə bağlı belə presdent olmayıb. Amma 20 il öncə ÜTT üzvləri müvəqqəti yumşalmaya gedərək yoxsul ölkələrin İİV, vərəm və malyariyaya qarşı ucuz dərmanlar idxal etməsinə icazə verdi. Sonra bu, daimi qərara çevrildi.
COVID-19 vaksinlərinin patent qoruması qaldırılarsa nə baş verəcək? Təhlilçilərin fikrincə, bu heç də inkişaf etməkdə olan ölkələrin onları sürətlə istifadə edəcəyi anlamına gəlmir. Çünki vaksin hazırlamaq üçün təkcə reseptə əməl etmək bəs deyil, xüsusi avadanlığı olan fabriklər, yüksək ixtisaslı işçilər, sərt nəzarət lazımdır. Üstəlik, vaksin istehsalı üçün gərəkən komponentlər də hazırda çatışmır və vəziyyət tezliklə düzələn deyil.