Amnesty International beynəlxalq insan haqları təşkilatı Aleksey Navalnının “vicdan məhbusu” statusunu bərpa edib.
Təşkilat Rusiya müxalifətçisinin statusunu bu ilin əvvəllərində onun bəzi keçmiş bəyanatlarına görə dayandırmışdı.
Qrup bildirirdi ki, bu bəyanatlarda onun prinsiplərinə uyğun gəlməyən “nifrətin qızışdırılması elementləri” olub.
Londonda mənzillənmiş təşkilatın mayın 7-də verdiyi bəyanatda deyilir ki, “Navalnı heç bir konkret cinayəti olmadan, sadəcə özü və tərəfdarları üçün ictimai həyatda iştirak haqqını tələb etdiyinə və korrupsiyasız hökumət istədiyinə görə həbsxanaya atılıb.”
Amnesty bildirir ki, bunlar “vicdan məhbusu” statusunun parametrlərinə uyğun hərəkətlərdir.
Amnesty International Aleksey Navalnının siyasi məhbus statusunu fevral ayında onun keçmişdə zorakılığı dəstəkləməsi və nifrəti qızışdırması iddiaları ilə bağlı dayandırmışdı.
Lakin qrup bildirir ki, Rusiya hökuməti onun qərarından Navalnının hüquqlarının daha da pozulması üçün sui-istifadə edib.
Heç kəsi yalnız keçmişlə qiymətləndirmək olmaz
Bəyanatda deyilir ki, Amnesty International bu səbəbdən Navalnı ilə bağlı qərarını yenidən nəzərdən keçirib.
Təşkilat belə nəticəyə gəlib ki, heç kimin “vicdan məhbusu” statusu yalnız onun keçmişdə verdiyi hər hansı bəyanata görə dayandırıla bilməz.
“Biz başa düşürük ki, hərt hansı bir fərdin mövqeyi və davranışları zamanla dəyişə bilər. Amnesty International təşkilatının bir missiyası da adamlara insan hüquqlarını dərk etməsi üçün zaman tanınması və onların öz keçmiş davranışlarının əsirinə çevrilməsinə yol verilməməsidir”.
Lakin Amnesty bunu da vurğulayıb ki, kiminsə “vicdan məhbusu” kimi tanınması hələ təşkilatın həmin şəxsin baxılşlarını qəbul etməsi anlamına gəlmir.
Bəyanatda deyilir ki, Amnesty Navalnının statusunu bərpa etməklə də onun təməl hüquqlarının qorunması üçün təcili hərəkətə ehtiyac olduğunu vurğulanamaq istəyir.
Xatırlatma
Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra Almaniyada bir neçə ay müalicə almışdı.
Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib. O, yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb.
Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.
Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.
Birləşmiş Ştatlar və Avropa Birliyi Navalnı işi və etirazçılara təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq edib.