Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:18

Alimlər Rusiya vaksininin effektivliyinə şübhə bildiriblər


Mayın 2-də Rusiyanın Sputnik V vaksinin ilk partiyası Azərbaycana gətirilib
Mayın 2-də Rusiyanın Sputnik V vaksinin ilk partiyası Azərbaycana gətirilib

Müxtəlif ölkələrdən olan bir qrup epidemioloq və bioloqun The Lancet mötəbər tibb jurnalında dərc edilmiş məqaləsində Rusiyada hazırlanmış Sputnik V vaksininin klinik sınaqlarının üçüncü fazasının nəticələrindən ciddi şübhə ifadə olunur.

Məqalə müəllifləri bildirirlər ki, III faza nəticələrinin şübhəliliyi Sputnik V vaksininin bütövlükdə effektivliyinə və təhlükəsizliyinə inamsızlığa əsas verir.

The Lancet jurnalında dərc edilmiş açıq məktubda aralarında Rusiya eksperti də olan alimlər qrupu elə bu jurnalda bundan əvvəl dərc olunmuş sınaq nəticələrini təhlil etdiyini bildirir.

Vaksinin istehsalçısı – Qamaleya adına institut məhz sözü gedən sınaq nəticələrinə görə vaksinin 91 faiz effektivliyə malik olduğunu bəyan etmişdi.

The Lancet jurnalında Sputnik V haqqında yazılmış tərifli məqalə Rusiya hökumətininin mövqeyini möhkəmlətmiş və bir sıra Avropa İttifaqı ölkələri də daxil müxtəlif ölkələri bu vaksinin alınmasına ürəkləndirmişdi.

Rusiya Sputnik V vaksini ilə təchizat barədə onlarca ölkə ilə kontraktlar imzalayıb, lakin onun preparatı digər 6 vaksindən fərqli olaraq rəsmən Dünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənməyib.

Şübhə yaradan məqamlar

Tənqidi məqalənin müəllifləri yazırlar ki, vaksin yaradıcılarının arqumentlərini təhlil ediblər.

Onlar bu nəticəyə gəliblər ki, vaksin barədə təqdim olunmuş göstəricilərdə çoxlu uyğunsuzluqlar və şübhə doğuran məqamlar var.

Bu məqamlardan biri də vaksinin guya bütün yaş qrupları üçün eyni ekffektivliyə malik olmasına dair iddiadır.

Bundan başqa qeyd olunur ki, Rusiya vaksin istehsalının və onun III faza sınaqlarının şəffaflığını təmin etməyib.

Lakin alimlərin ən böyük narahatlığı bir sıra sınaqların nəticələrinin ümumiyyətlə açıqlanmamasıdır və bunlarsız vaksinin effektivliyi barədə nəticələr etibarlı sayıla bilməz.

Bundan əvvəl məktub müəllifləri Sputnik V vaksininin I və II faza sınaqlarının nəticələri barədə də şübhə ifadə etmişdilər.

Lakin vaksin yaradıcılarının bu məqaləyə elə The Lancet jurnalında dərc olunmuş cavabında deyilir ki, Sputnik V vaksininin “təhlükəsizliyi və immunogenliyi” bir çox tədqiqatlarla təsdiqlənib.

Vaksinin yaradıcıları bildirirlər ki, Argentinada Rusiya vaksini ilə kütləvi peyvəndləmə aparılır.

Onlar habelə lazımi nəticələri təqdim etmədiklərinə dair iddianı rədd edirlər.

Rusiya onun vaksininə qərəzli münasibət olduğunu deyir

Rusiyanın Sputnik V vaksini indiyədək dünyanın 50-dən çox ölkəsində istifadə üçün təsdiq edilib.

Rusiyanın özündən başqa bu preparatla Argentina və Serbiyada kütləvi peyvəndləmə həyata keçirilir.

Avropa İttifaqının EMA səhiyyə agentliyi hələki Sputnik V vaksininin nəzərdən keçirilməsini başa çatdırmayıb.

Lakin Slovakiyada bu vaksinin Rusiyadan sifariş edilməsi siyasi qalmaqala və baş nazirin istefasına səbəb olub.

Slovakiya rəsmiləri bildiriblər ki, göndərilən vaksinlərlə və onlar barədə məlumat arasında ciddi uyğunsuzluqlar var.

Rusiyanın təqdim etdiyi göstəricilər habelə Braziliya rəsmilərini də qane etməyib.

Lakin Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə iddia edib ki, Sputnik V vaksininə qarşı, xüsusilə də Qərbdə qərəzli kampaniya aparılır.

Maraqlıdır ki, nazirlik bu bəyanatlarında The Lancet jurnalında dərc edilmiş birinci, tərifli yazıya istinad edir.

Öz əhalisini təchiz edə bilmir, amma

Amma bu arada ekspertlər Rusiyanın vaksin istehsal etmək üçün kifayət qədər istehsal gücünün olub-olmamasını da sual edirlər.

Reuters agentliyi yazır ki, Rusiya mayın 12-ə olan məlumata görə indiyədək 33 milyon doza istehsal edib. Bunun 15 milyon dozasından azı ixrac edilib.

Bu, yüz milyonlarla doza istehsal edən Pfizer və AstraZeneca şirkətinin göstəricilərindən qat-qat aşağıdır.

Agentlik məsələ ilə yaxından tanış mənbələrə əsasən yazır ki, Rusiya üçün Sputnik V vaksinini istehsal etmək və məhsuldarlığı artırmaq çox çətindir.

Reuters yazır ki, bütün bunlar Sputnik V vaksinini istehsal etmək niyyətində olan Hindistan kimi ölkələri narahat etməlidir.

Birləşmiş Ştatlar və Avropa üçün vaksinlə ilk növbədə öz əhalisini təmin etmək prioritet olsa da, öz əhalsini çox cüzi təmin edən Rusiyanın 50 ölkəyə vaksin satmağa cəhd göstərməsi məntiqli görünmür.

Bir sıra Qərb rəsmiləri Rusiyanı vaksinlərdən siyasi təsir vasitəsi kimi istifadəyə can atmaqda ittiham edirlər.

Reuters ekspertləri bildirirlər ki, son nəticədə Rusiyanın vəd etdiyi bazar Çin və ABŞ istehsalçıları tərəfindən tutulacaq.

Kor-koranə istehsal

Sputnik V vaksinin maliyyəçisi - Rusiya Birbaşa İnvestisiyalar Fondu isə israr edir ki, 2021-ci il üçün 800 milyon dozanın istehsalı nəzərdə tutulub.

Lakin mənbələr bildirirlər ki, Sputnik V vaksinini istehsal edən R-Pharm şirkətinin yeni zavodu istehsalat çətinlikləri ilə üzləşir.

Şirkətin baş direktoru Aleksey Repik Reuters agentliyinə deyib ki, zavodun 200-dən çox bioreaktorunda proses çox vaxt kor-koranə aparılır.

Onun sözlərinə görə vaksinin bir partiyasının hazırlanmasına 1 ay, ayyarım vaxt lazımdır.

Çünki vaksinin tərkibindəki biomaterial bu müddətdə yetişir. Bundan sonra hazır vaksinlər əsas nümunə ilə tutuşdurulur. Məhsul əsas nümunəyə uyğun gəlməsə istehsal edilmiş vaksinin hamısı zibilxanaya atılır.

XS
SM
MD
LG