Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:41

Navalnının şəbəkəsinə qarşı məhkəmə təxirə salındı


Sankt Peterburqda Navalnıya həsr olunmuş qrafiti
Sankt Peterburqda Navalnıya həsr olunmuş qrafiti

İddianın təmin olunması o deməkdir ki, “bu qurumlarda işləyən, onlarla əməkdaşlıq edən və onlara köməklik göstərən hər bir kəs ekstremizmdə ittiham olunaraq həbs ediləcək”

Moskvada müxalifətçi Aleksey Navalnının siyasi şəbəkəsinə qarşı məhkəmənin hazırlıq iclası təxirə salınıb. İclas başlayan kimi prokurorlar işlə bağlı materialların daha altı cildini təqdim ediblər. Qurumların vəkilləri yeni materiallarla tanış olmaqdan ötrü vaxt istəyiblər.

İclas iyunun 9-na təxirə salınıb.

***

Mayın 17-də Moskvada məhkəmə həbsdə olan müxalifətçi Aleksey Navalnının siyasi şəbəkəsinə qarşı iddiaya, onun “ekstremist” təsnifatına salınması məsələsinə baxacaq.

Navalnıya bağlı üç təşkilat – Antikorrupsiya Fondu (FBK), Vətəndaşların Hüquqlarını Müdafiə Fondu (FZPG) və Navalnının regional qərargahının “ekstremist” hesab olunmasına dair iddia qaldırılıb.

10 ilədək həbs

Prokurorların bildirməsinə görə, bu təşkilatlar “özlərinin liberal şüarları altında sosial və ictimai-siyasi vəziyyətdə sabitsizlik üçün şərait yaradılması ilə məşğul olublar”.

İnsan haqları fəalları iddianı ölkədə müxalifətçiləri və narazıları susdurmağa yönəlik “qalmaqallı” cəhd adlandırıblar.

İddianın təmin olunması o deməkdir ki, “bu qurumlarda işləyən, onlarla əməkdaşlıq edən və onlara köməklik göstərən hər bir kəs ekstremizmdə ittiham olunaraq həbs ediləcək”, – Navalnının müttəfiqi Leonid Volkov ötən ay deyirdi.

Bu təsnifat Navalnı və tərəfdarlarını, eləcə də ona maddi dəstək verənləri İslam Dövləti, Al-Qaeda qruplaşmalarının üzvləri ilə bir sıraya qoyacaq. Ekstremist təşkilata üzvlük, yaxud onun maliyyələşdirilməsinə görə 10 ilədək həbs cəzası kəsilə bilər.

Araşdırmalar

FBK-nın başçısı İvan Jdanov aprelin 29-da deyib ki, məhkəmənin nəticəsindən asılı olmayaraq təşkilat fəaliyyətini dayandırmayacaq. FBK Rusiya elitasının dəbdəbəli həyat tərzi haqda saysız araşdırmalar dərc edib.

Ötən ay YouTube sosial şəbəkəsində Prezident Vladimir Putinə məxsus olduğu bildirilən iqamətgahla bağlı araşdırma dərc olunub. Putin isə sarayın ona məxsus olmadığını deyib.

Navalnı ötən yay sinir qazıyla zəhərlənməsinə görə birbaşa Putini ittiham edir. O, hazırda 2 il yarım həbs cəzası çəkir və özünə qarşı ittihamları siyasi motivli adlandırır.

Ötən ay Moskvada prokurorlar Navalnının regional ofislərinin fəaliyyətini dayandırıb, FBK və FZPG-yə qarşı oxşar iddia qaldırıblar.

Volkov aprelin 29-da bildirib ki, Navalnının regional qərargahlar şəbəkəsi bağlanır, çünki əməliyyatları idarə etmək “mümkün deyil”. Volkov bəzi qərargahların müstəqil sosial və siyasi qruplar kimi fəaliyyətlərini davam etdirəcəyini deyib.

XS
SM
MD
LG