Rusiya bir aktyor və bir kinorejissoru film çəkmək üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) – yer səthindən 402 kilometr hündürlüyə göndərmək planlarını açıqlayıb. Bu baş verərsə, Rusiya kosmosda film çəkən ilk ölkə olacaq. Qrupun oktyabrda göndərilməsi planlaşdırılır.
Kosmosda cərrahiyyə əməliyyatı
"RIA Novosti" dövlət xəbər agentliyi ötən cümə axşamı günü 35-yaşlı aktrisa Yuliya Peresildin 37-yaşlı rejissor Klim Şipenkonun kosmosda çəkəcəyi yeni filmdə baş rolu ifa edəcəyi xəbərini yayıb. "Vızov" (Çağırış) adlanın bu filmin qəhrəmanı kosmosda olan xəstə kosmonavtın üzərində tibbi əməliyyat keçirməli olan cərrahdır. Kosmonavtın tibbi vəziyyəti onun kosmosdan Yerə dönməsinə imkan vermədiyindən onu mütləq kosmosda əməliyyat etmək lazımdır.
Rusiyada yetərincə məşhur olan Peresild və Şipenko ölkənin kosmik agentliyi olan "Roskosmos"un noyabrda açıq müsabiqə elan etməsindən sonra seçiliblər. Sözügedən müsabiqə ötən ilin noyabrında elan edilib. Finalçılarsa bu ilin martında seçilib.
Peresild çox sayda film və teleserialda çəkilib. Onun işləri arasında "Sevastopol döyüşü" və "Züleyxa gözlərini açır" kimi filmlərdə oynadığı rollar var. Şipenkonunsa 2020-ci ildə çəkdiyi "Nökər" filmi Rusiyada ən çox gəlir gətirən filmlərdən biridir. O, bundan başqa "Solyut-7" və "Mətn" kimi filmlərin müəllifidir.
Tom Kruz da filmə çəkiləcək
Maraqlıdır ki, amerikalı aktyor Tom Kruz və kinorejissor Daq Layman hələ 2020-ci ildə kosmosda çəkiləcək filmin üzərində işə başladıqlarını bəyan etmişdilər. Rusiyanın planları və nəzərdə tutduğu vaxt çərçivəsi onu, bir növ, amerikalı kinematoqrafçılarla yarış mövqeyinə gətirir.
Amerika filminin nə adı, nə də ekranlara çıxacağı tarix məlumdur. Film Elon Maskın "SpaceX" şirkəti ilə əməkdaşlıq şəraitində çəkiləcək.
CNN "Deadline" saytına istinadən yazır ki, Kruz kosmosa uçaraq BKS-də yerləşəcək.
Hələ 1998-ci ildə ABŞ, Rusiya və daha 14 ölkənin birgə əməkdaşlığı ilə qurulmuş Beynəlxalq Kosmik Stansiya milyardlarla dollara başa gəlmiş nəhəng layihədir. BKS Yerin ətrafında dövr edən süni peykdir.
Peresild və Şipenko "Çağırış" filmini çəkmək üçün kosmosa uçmazdan əvvəl ciddi təlimdən keçməlidirlər. Onların bir dublyor və bir operatorla birlikdə gələn ay başlanacaq hazırlıq prosesinə sentrifuqa sınağı, qravitasiyasız şəraitdə uçuş və paraşüt təlimi də daxildir. Dövlət komissiyasına tövsiyə edilən dublyorun aktrisa Alyona Mordovina, operatorunsa Aleksey Dudin olduğu bildirilir. Bütün təlimlər Rusiyanın Birinci Kanalı tərəfindən işıqlandırılacaq.
Çəkiliş heyəti BKS-ə oktyabrın 5-də "Soyuz MS-19" gəmisində Qazaxıstanın "Baykonur" kosmodromundan yola düşəcək.
Pilot və aktrisanın qərarı
Bundan başqa, layihədə pilot və aktrisa Qalina Kairovanın iştirakı ayrıca qeyd olunur. Kairovaya müsabiqədə iştirakı davam etdirmək təklif olunub. Ancaq onun bundan sonra bu filmdə çəkilmək üçün yox, peşəkar kosmonavt heyətinə daxil olmaq üçün yarışacağı bildirilir.
Ekrana çıxma tarixi bilinməyən film "Roskosmos", Birinci Kanal və "Yellow, Black and White" studiyasının birgə işi olacaq.
"Çağırış" bədii filmi geniş elmi-maarifləndirici layihənin bir hissəsidir. Layihə çərçivəsində raketqayırma və kosmik sənaye haqda sənədli filmlər toplusunun çəkilməsi planlaşdırılır.
"Bu layihə kosmosa uçuşların tədricən təkcə peşəkarlar üçün deyil, həm də bu işdə maraqlı olan daha geniş çevrə üçün əlçatan olacağının bariz göstəricisidir", –rəsmi məlumatda qeyd edilir.