Ötən gün, mayın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinkenin görüşündə Qarabağ məsələsi də müzakirə olunub.
Söhbətin detalları ictimaiyyətə tam açıqlanmasa da, son vaxtlar ABŞ-ın bu məsələdə fəallığı daha çox hiss olunur.
Bəs, bu nə ilə bağlıdır? Hadisələrin gedişində ABŞ-ın rolu nə ola bilər?
ABŞ Dövlət Departamentində baş məsləhətçi işləmiş, amerikalı siyasi şərhçi Pol Qoblun fikrincə, beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan sərhəddində baş verənlərə daha çevik reaksiyası və fəallığı təbiidir. Çünki burada söhbət bir ölkə daxilində münaqişədən yox, iki dövlət arasında yaranan gərginlikdən gedir:
“30 ildir azərbaycanlılar və ermənilər arasında döyüş gedir. Amma bu 30 ildə münaqişə Azərbyacanın ərazisində olub. Yerevanın Qarabağdakı ermənilərə dəstəyinə rəğmən bu bir ölkənin ərazisində gedən, yerli münaqişə idi. Amma indi iki ölkə arasında münaqişə ehtimalı var. Azərbaycan əsgərləri Ermənistan ərazisinə doğru irəliləsəydi və ya erməni tərəfi onlara atəş açsaydı bu hansısa bir yerli bir vətəndaş münaqişəsi yox, iki dövlət arasında gedən beynəxalq səviyyətli bir müharibə olacaqdı. Belə hallara beynəlxalq ictimaiyyət daha çevik reaksiya verir. Çünki burada hər zaman təhlükə var. Ona görə də təkcə ABŞ yox, digər dünya ölkələrinin Syunik, Zəngəzur ərazisində baş verənlərə reaksiyası 30 illlik Qarabağ münaqişəsinə reaksiyasından daha çevik oldu”.
Rusiya vasitəçi olarsa…
ABŞ rəsmiləri mayın 12-dən Azərbaycan və Ermənistan sərhəddində başlanan gərginliklə bağlı narahatlıqlarını ifadə ediblər. Tərəflərlə danışan ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan demarkasiya olunmamış sərhədlərin yaxınlığında hərbi hərəkətləri məsuliyyətsizlik kimi qiymətləndirib və bunun təxribat xarakteri daşıdığını bildirib.
Yerevan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub Ermənistan ərazisində postlar qurur. Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini deyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin toplantısında deyib ki, Moskva Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsində vasitəçiliyə hazırdır. O bildirib ki, Ermənistan-Azərbaycanla birgə komissiya yaradıla və Rusiya burda məsləhətçi və ya vasitəçi kimi iştirak edə bilər.
ABŞ-ın coğrafiyaçıları var...
Pol Qobl düşünür ki, sərhədləri hər iki tərəfin razılığı ilə müəyyənləşdirməkdə ABŞ da vasitəçilik edə bilər. Amma bunun üçün gərək dövlətlərin özü ABŞ hökumətinə müraciət eləsin:
“Ermənistanın Rusiyanın köməyindən istifadə etməkdən başqa yolu yoxdur. Azərbaycan isə digər imkanları düşünmür. Mən hesab edirəm ki, Azərbaycan səhrəd məsələsi ilə bağlı ABŞ hökumətinə müraciət etmək haqda düşünə bilər. ABŞ dövlət departamentində coğrafiya şöbəsi var. Orada dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə mütəxəssislər var. Onlar həm də bu sahədə danışıqların aparılması üzər peşəkardılar. Azərbaycan ABŞ-dan bu məsələdə köməklik istəsə bunu qısa zamanda ala bilər. Bu prosesləri daha da sürətləndirə bilər. Amma deyə bilərəm ki, bu çətin bir prosesdir. Tərəflərin xəritəni dəqiqləşdirmək üçün texniki dəstəyə ehtiyacları olacaq. Nə Azərbaycanın, nə də Ermənistanın belə bir təcrübəsi var. Bu zaman böyük bir təhlükə ortaya çıxır. Rusiya öz xəritələrindən istifadə edilməsinə çalışacaq. Amma sual yaranır ki, hansı xəritədən? Çünki sovet dövründə iki xəritə olub”.
Bu sovet problemidir
Pol Qoblun fikrincə, Qırğızstanla Tacikistan, Özbəkistanla Tacikstan, Qazaxstanla Rusiya arasında yaşanan səhrəd mübahisəsi indi də Ermənistan və Azərbaycan arasında yaşanır. Onun fikrincə, bu problemin kökündə duran fundamental problem odur ki, sovet zamanı Azərbaycan və Ermənistanın sərhədləri dəqiq müəyyənləşdirilməyib.
Qoblin sözlərinə görə 1980-ci illərdə iki xəritə olub. Biri SSRİ Müdafiə Nazirliyinin hazırladığı, digəri isə Moskva Dövlət Universitetinin coğrafiyaçıları tərəfindən hazıralanan xəritələr. İndi Azərbaycan tərəfi bir, Ermənistan tərəfi digər xəritəni əsas götürür. Amma bu xərətilərdən hansının əsas olduğu vaxtında müəyyənləşdirilməyib. Pol Qobl düşünür ki, Azərbaycan və Ermənistan sərhədində yaranan gərginliyi həll etmək üçün beynəlxalq ekspertlərin dəstəyindən istifadə olunmalıdır.
Hələlik nə Azərbaycan, nə də Ermənistan hökuməti sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı xəritələrdən istifadə edildiyini rəsmi açıqlamayıb. Amma tərəflər xəritələr müəyyənləşdirilərkən, öz əllərində olan xəritənin daha doğru olduğunu bildirirlər.