Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:45

Gürcüstan müxalifəti parlamentin boykotunu dayandırır


Nika Melia BMH-ın parlamentə gedəcəyini açıqlayır
Nika Melia BMH-ın parlamentə gedəcəyini açıqlayır

Melia BMH-ın parlamentə qayıdışını açıqlayarkən AB-nin vasitəçilik etdiyi siyasi razılaşma çərçivəsində öhdəlik götürməyib

Gürcüstanın əsas müxalifət lideri Nika Melia mayın 30-da deyib ki, Birləşmiş Milli Hərəkat (BMH) yeddi aylıq boykotdan sonra parlamentin işinə qatılacaq.

“Oliqarx Bidzina İvanişvilinin ələ keçirdiyi Gürcüstan dövlətini azad etməkdən ötrü parlamentə girəcəyik”, – Melia Tbilisidə jurnalistlərə deyib.

Multimilyarder İvanişvili hakim Gürcü Arzusu partiyasının qurucusudur.

Hakim partiya ötən oktyabrda parlament seçkisini udandan sonra ölkədə siyasi iflic vəziyyəti yaranıb. Müxalifət seçkinin ədalətsiz, saxtakarlıqla keçdiyini bildirir.

AB-nin vasitəçilik etdiyi saziş

Bundan sonra müxalifət partiyaları parlamenti boykot edib, yeni seçki tələbiylə etirazlar keçirilib.

Birləşmiş Ştatların dəstəklədiyi Avropa Birliyi böhranın həllində vasitəçi rolu oynayıb.

Mayın əvvəlində Melia Avropa Birliyinin köməyi ilə girovluğa buraxılıb. O, 2019-cu ilin antihökumət etirazları zamanı “kütləvi iğtişaş”ların təşkilində suçlanaraq barəsində həbs qətimkan tədbiri seçilmişdi.

BMH onun həbsini siyasi motivli hesab edirdi. Bundan sonra ölkədə siyasi böhran daha da dərinləşdi.

Aprelin 19-da Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel müxalifətlə hakim partiya arasında kompromis razılaşmasının əldə olunmasına vasitəçilik etdi, bir sıra müxalifət partiyalarının parlamentə daxil olmasının yolu açıldı. Melianın həbsxanadan buraxılması da həmin razılaşmanın bir hissəsi idi.

BMH sənədi imzalamayıb

Amma keçmiş prezident Mixeil Saakaşvilinin təsis etdiyi BMH digər partiyalarla birlikdə parlamentə girmədi və 150 yerlik qanunverici orqanda 36 yer boş qaldı.

Melia BMH-ın parlamentə qayıdışını açıqlayarkən AB-nin vasitəçilik etdiyi siyasi razılaşma çərçivəsində öhdəlik götürməyib.

AB və ABŞ-ın Gürcüstandakı missiyası birgə bəyanatlarında BMH-ın parlamentə qayıdışını ölkədə demokratiyanın möhkəmlənməsi yönündə “daha bir pozitiv addım” adlandırıb.

“Ancaq Birləşmiş Milli Hərəkatın fürsətdən istifadə edərək digər parlament partiyaları ilə birlikdə 19 aprel razılaşmasını imzalamamasından dərin təəssüf hiss keçiririk”, – missiyalar vurğulayır.

AB-nin vasitəçilik etdiyi razılaşmaya görə, Gürcü Arzusu builki bələdiyyə seçkilərində 43 faizdən az səs yığarsa, 2022-ci ildə erkən parlament seçkisi keçiriləcək. Sənəddə həmçinin parlamentdə hakimiyyət bölgüsünün qaydaları müəyyənləşdirilir, ədliyyə sistemində islahatlar əks olunur, Mərkəzi Seçki Komissiyasına islahatlar təklif edilir.

XS
SM
MD
LG