Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:10

İlham Əliyev: ‘Minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq’ 


Azərbaycan Prezidenti İlham Əliyev Qvatemala , İrlandiya, Albaniya , Norveç , Monteneqro , Estoniya , Somali , Yeni Zelandiyanın, Sloveniya və Danimarkanın yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib, 12 iyun 2021, Bakı
Azərbaycan Prezidenti İlham Əliyev Qvatemala , İrlandiya, Albaniya , Norveç , Monteneqro , Estoniya , Somali , Yeni Zelandiyanın, Sloveniya və Danimarkanın yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib, 12 iyun 2021, Bakı

“Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq”.

Bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala, İrlandiya, Albaniya, Norveç, Monteneqro, Estoniya, Somali, Yeni Zelandiya, Sloveniya və Danimarkanın Azərbaycana yeni təyin olunan qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

"Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".

Dövlət başçısı qeyd edib ki, ərazini təmizləyəndən sonra şəhər və kəndlərin bərpasına və yenidən qurulmasına başlanacaq.

"Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir" –

İlham Əliyev ötən ilin noyabrında imzalanmış üçtərəfli sənəddən danışarkən belə söyləyib.

"...bu sülh sazişi üçün bünövrədi..."

Prezidentin sözlərinə görə, sözügedən sənəd gələcək əməkdaşlığa dairdir və kommunikasiyaların açılmasını, sülhməramlı əməliyyatları təmin edir.

“Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir", - dövlət başçısı deyib və əlavə edib ki, Ermənistan hökuməti Azərbaycanın sülh razılaşmasına dair danışıqlara başlamaq istəməsiylə bağlı bəyanatlarını cavablandırmır.

İ.Əliyev Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı beynəlxalq tərəflərin dəstəklədiyi təklifə də məhəl qoymadığını bildirib:

"Biz bunu başa düşə bilmirik".

İlham Əliyev fikrinin davamı olaraq söyləyib ki, Ermənistan sülh istəyirsə, delimitasiya ilə bağlı danışıqlara başlamalıdır.

Ötən il 44 günlük müharibə nətiucəsində Azərbaycan işğal altındakı ərazilərində nəzarəti qismən bərpa edib, bundan sonra minadan təmizləmə əməliyyatına başlanıb. Ancaq iki dövlət arasında hələlik sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG