ABŞ-ın Milli İctimai Radiosu (NPR) "Recorded Future" kibertəhlükəsizlik şirkətinə istinadən yazır ki, ölkə ötən il fidyə tələb edən 65 min kiberhücuma məruz qalıb. Bu, saatda 7 hücum deməkdir. Hücumların get-gedə artacağı ehtimal olunur.
NPR daha sonra yazır ki, "Colonial" boru kəmərinə hücum ölkənin cənub-şərqində panika nəticəsində benzindoldurma məntəqələrinin boşaldılmasına səbəb olub. Dünyanın ən böyük ət emalı şirkəti olan JBA-ə hücumsa yerli mal əti təchizatı ilə bağlı narahatlıq yaradıb.
Evdən işləməyin rolu
Politoloq Ariel Koen "Forbes"da məqaləsində mayın ilk günlərində haker hücumuna məruz qalmış "Colonial" boru kəmərinin əhəmiyyətini göstərmək üçün bəzi rəqəmlər təqdim edib. O yazır ki, 8 min 850 kilometr uzunluğunda olan bu boru kəməri Hyustondan Nyu-York limanına qədər uzanır və ABŞ-ın Şərq sahilinin yanacaq ehtiyacının 45 faizini ödəyir. O, daha sonra qeyd edir ki, rus hakerlərinin hücumu əməliyyat kompüter sistemlərini deyil, biznes kompüterlərini hədəfə alsa da, şirkət ehtiyat tədbirləri görərək bütün kəmərin fəaliyyətini dayandırıb.
"Bu əsas yanacaq arteriyasının işini dayandırması neft, aviasiya yanacağı, benzin və dizel qıtlığına yol açıb", –Koen yazır.
Ekspertlər deyirlər ki, şirkətlər və təşkilatlar öz informasiya texnologiyaları sistemlərini baxımsız və haker hücumlarına həssas vəziyyətdə qoyurlar. "Bir çox amerikalı evdən işləmək üçün modem və routerlərdən istifadə etdiyindən pandemiya onları daha da həssas edib", - yazıda deyilir.
Mütəxəssislər bu hücumların dayandırılmasının çətin olacağını deyirlər. Bu gün cinayətkarlar internetin qaranlıq künclərindən mürəkkəb virus proqramları tapıb çıxarırlar. Bitkoyn kimi kriptovalyutaların artan populyarlığı isə onların polis və maliyyə tənzimləyicilərindən yayınmasına şərait yaradır.
4.4 milyon dollar
Virus hücumu şirkəti və onun rəhbərliyini çətin vəziyyətə qoyur. Şirkətin öz gizli məlumatlarına çıxışını itirməsi azmış kimi, üstəlik hücumun açıq olması səhmlərin dəyərdən düşməsinə, ölkə səviyyəli problemlərə yol aça bilər.
Ötən il "Colonial" şirkəti öz IT sistemlərini yenidən açmaq üçün 4.4 milyon dollar xərcləmək qərarına gəlib. Şirkətin icraçı direktoru Cozef Blaunt NPR-a başqa seçimi olmadığını deyib: "Bu, ölkə üçün verilmiş düzgün qərar idi".
Kiçik Corc Buş administrasiyasında milli təhlükəsizlik müşavirinin müavini olmuş Xuan Sarate fidyə tələb edən virus hücumlarının get-gedə daha da peşəkarlaşdığını deyib. Onun sözlərinə görə, bu peşəkarlaşmanı hücumların sayı və mürəkkəbliyi, habelə tələb olunan məbləğlərdən görmək mümkündür.
Mütəxəssislər deyirlər ki, "Colonial" boru kəmərinə hücumu təşkil edən "DarkSide" (Rusiyada yerləşir) adlı cinayətkar dəstənin hətta hücum etdiyi şirkətlərin suallarını cavablandırmaq üçün öz müştəri xidmətləri nömrəsi də var.
Alternativ valyutalar
Alternativ valyutalar anonimlik imkanı verir. Üstəlik, bəzi ölkələrdə bu məsələlərin tənzimlənməsi çox yumşaqdır. Bəzi yerlərdə isə bu sahə yerli-dibli tənzimlənmir.
Cinayətkarların yararlandığı valyutalardan asılı olaraq, tranzaksiyaların izinə düşmək çətin ola bilər.
Kiber Hazırlıq İnstitutunun (Cyber Readiness Institute ) direktoru Kirsten Todt deyir ki, şirkətlər artıq hər ehtimala qarşı əvvəldən bitkoyn alırlar ki, bu qəbildən olan hücumlara məruz qalsalar, ondan istifadə edə bilsinlər.
ABŞ-ın Ədalət Departamenti "Colonial" boru kəmərinin ödədiyi fidyənin çox hissəsinin izinə düşərək onu bərpa etməyə nail olub. Ancaq mütəxəssislər bunun bütün hallarda belə olmayacağını deyirlər.
"Biz buna qarantiya verə bilmərik və biz bunu hər dəfə etməyə qadir olmaya bilərik", –ABŞ-ın baş prokurorunun müavini Liza Monako deyib.