Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:33

Əsgər Fərhadinin ‘Bir qəhrəman’ı onu ‘ən yaxşı kino rejissoru’na çevirə bilər


Əsgər Fərhadi, 74-cü Kann festivalı
Əsgər Fərhadi, 74-cü Kann festivalı

Əsgər Fərhadinin (Asghar Farhadi) “A Hero” (“Bir qəhrəman”) filmi borc ödəyə bilmədiyindən həbsdə yatmalı olan Rəhimin (Əmir Cədidi) hekayətidir.

Həbsdən 2 günlüyə buraxılan Rəhim borclu olduğu adamı şikayətini geri götürməyə inandıra bilir. Ancaq bu işdə ona başqa bir adamın yaxşılığı kömək edir. Düzdür, heç də bütün işlər planlaşdırılan kimi getmir.

Məsələ burasındadır ki, həmin iki gün ərzində Rəhim sevgilisi (S. Qoldust) ilə görüşür. Sevgilisi qızıl sikkələrlə dolu bir çanta tapıb. Rəhim əvvəlcə sikkələri satmaq üçün plan qurur. Daha sonra özü ağır durumda olsa da, qızılın sahibini axtarıb tapmaq istəyir və buna nail olur. Həbsxana rəisləri bunu biləndə şoka düşür və hətta bu mövzunu televiziyaya çıxarırlar. Rəhim yerli qəhrəmana çevrilsə də, tora düşür. Hekayə sosial mediada əcayib istiqamətdə gəlişməyə başlayır…

Ən özgüvənli rejissor?

Fərhadi bu əxlaq dramının həm ssenari müəllifi, həm rejissoru, həm də prodüseridir. “Variety” yazır ki, Fərhadi kino sənayesinin ən özgüvənli rejissorlarından biridir. O nə cür film çəkmək istədiyini öncədən çox gözəl bilir. Amerika Kino Akademiyası onun daha öncəki iki namizədliyini iki Oskarla mükafatlandırıb. Bunlardan biri rejissorun 2011-ci ildə çəkdiyi “A Separation” (“Ayrılıq”), digəri isə 2016-cı ildə çəkdiyi “The Salesman” (“Satıcı”) filmidir. “The Salesman” eyni zamanda orijinal senari nominasiyasında Oskara namizəd idi.

Sayt daha sonra yazır ki, İran fars dilində çəkilmiş bu yeni filmin də Oskara namizədliyini irəli sürmək qərarına gəlsə, Fərhadinin ölkəsinə üçüncü Oskarı qazandırma ehtimalı çox yüksəkdir. Bu baş verərsə, Fərhadinin İtaliya kino rejissoru Federiko Fellininin rekorduna çatmasına cəmi bir Oskar qalacaq.

Ancaq təəssüf ki, Əsgər Fərhadinin özü Oskar mükafatı laureatı deyil. Yəni onun iki filmi ən yaxşı xarici film nominasiyasında qalib sayılsa da, Fərhadinin özünə “ən yaxşı rejissor” nominasiyasında mükafat verilməyib. “Ən yaxşı xarici film” nominasiyasında bir növ filmin namizədliyini irəli sürən ölkəyə Oskar verilir.

BAFTA mükafatlarında bu qayda fərqlidir. Burada prodüser və rejissora ayrıca nominasiyalar nəzərdə tutulub.

“Bir qəhrəman” başqa nominasiyalarda da qalib gələ bilər?

Bəs görəsən, “A Hero” filminin ən yaxşı xarici film nominasiyasından başqa nominasiyalarda da qalib olma ehtimalı varmı?

Bu vaxtadək xarici dillərdə çəkilmiş filmlərin rejissorları 34 dəfə “ən yaxşı kino rejissoru” nominasiyasında Oskara namizəd göstəriliblər. İlk dəfə Fellini “La Dolce Vita” (“Şirin həyat) (1961) filminə görə nominant olub. 2009-cu ildə “ən yaxşı film” nominasiyası genişləndirilib. O zamandan bəri 6 xarici kino rejissoru — avstriyalı Mixael Haneke (“Amour”), Meksikalı Alfonso Kuaron (“Roma”), polşalı Pavel Pavlikovski (“Cold War”), koreyalı Bonq Cun-ho (“Parasite”), amerikalı Li Aysaak Chanq (“Minari”) və danimarkalı Tomas Vinterberq (“Another Round”) bu nominasiyada namizəd olub.

Üstəlik, bunların arasında Pavlikovski və Vinterberqin filmləri “ən yaxşı film” nominasiyasında Oskar mükafatına namizəd deyildi.

“Variety” daha sonra yazır ki, sentimental və maraqlı Rəhimi canlandıran Cədidi bu ilin ən gözəl aktyor oyunlarından birini ortaya qoyub. Tam rola fokuslanan Cədidi bu filmdə fərqli duyğuları canlandırır. Yazıda deyilir ki, xarici filmlər hətta “ən yaxşı film” nominasiyasında qalib gəlsə də, “ən yaxşı aktyor” nominasiyasında namizəd göstərilmir. Buna missal kimi “Parasites” filminin adı çəkilir.

“Yaxşı başlanğıc”?

“A Hero”nun Kannda nümayişi yaxşı başlanğıcdır”, - yazıda deyilir. Qarşıdan prestijli film festivalları ilə dolu payız mövsümü gəlir. Özəlliklə Venesiya, Toronto və Telluride festivalları diqqət mərkəzində olacaq. Əsgər Fərhadinin bu kino şənliklərində qazanacağı uğurları izləmək maraqlı olardı. Daha sonra, kinosevərlər, təbii ki, filmin Oskar mükafatına namizədliyini və mübarizəsini izləmək istəyəcəklər.

XS
SM
MD
LG