Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:46

Herat 'Taliban'ın əlindən salamat çıxarmı


"Taliban" döyüşçüləri Herat küçələrində keşik çəkir. 19 avqust 2021
"Taliban" döyüşçüləri Herat küçələrində keşik çəkir. 19 avqust 2021

Əfqanıstanın qərbində yerləşən Herat şəhəri avqustun 12-də, paytaxt Kabildən cəmi iki gün əvvəl "Taliban"a təslim olub. Şairləri, rəssamları, filosofları və sənəti dəstəkləyən zəngin insanları ilə tanınan Herat bir zamanlar Mediçi Florensiyası ilə müqayisə olunurdu. Son dövrlərdə isə burada vətəndaş cəmiyyəti çiçəklənir, milli irs və ədəbiyyat və sufilik ənənələrə bağlılıq qorunub saxlanırdı. Əhalisinin əksəriyyətini farsdilli tacik və hazaraların təşkil etdiyi Herat "Taliban"ın bundan əvvəlki əmirliyi dövründə (1996 – 2001) çox əziyyət çəkib. Sakinlər puştun hakimlərin nə dediyini anlamırdılar.

"Mərkəzi Asiyanın çörək səbəti"

Britaniyanın "Prospect" jurnalı yazır ki, heratlılar "Taliban"ın bundan əvvəlki hakimiyyətini dəhşətlə xatırlayırlar. Ötən həftə "Taliban" əsgərlərinin oğurluqda şübhəli bilinən iki nəfərin üzünə qatran çəkib şəhəri gəzdirməsi isə həmin hadisələrin yenidən təkrarlanacağından xəbər verir.

Herat hələ Herodotun zamanından bəri "Mərkəzi Asiyanın çörək səbəti" adlandırılır. XV əsrin Çin diplomatlarından XIX əsrin Britaniya əsgərlərinə, hətta 1960 – 70-ci illərin foto və video çəkən səyahətçilərinə qədər hamı vadidə yerləşən bu şəhəri vəsf edib. Şəhərin istehkamlarının Makedoniyalı İsgəndər tərəfindən tikildiyi deyilir. Bu tarixi abidə 2006 – 2011-ci illərdə alman inkişaf proqramları çərçivəsində bərpa edilib.

"Taliban" döyüşçüləri Herat küçələrində. 13 avqust 2021
"Taliban" döyüşçüləri Herat küçələrində. 13 avqust 2021

Teymurilər dövrü, sufilik

Monqol hücumunun ardınca gələn yüzillikdə şəhər bərpa olunub, şəhərin hakimi olan tacik əsilli Kartilər sülaləsi (1245-1381) incəsənətə böyük dəstək verib. Teymurilər dövründə (1381-1507) isə Herat öz mədəni inkişafının zirvəsinə qalxıb. Bu dövrdə gözəlliyi, ədəb-ərkanı, şairlərinin məharəti ilə tanınan şəhər dünyada məşhur idi. Sufi mistisizminin dünyada ən çox tanınan simalarından olan şair və alim Cami Teymurilərin sarayında xidmət edirdi. Onun şeirləri hələ də heratlıların dilindədir.

Öz məharəti ilə Renessans rəssamları ilə müqayisə olunan miniatür rəssamı Kamaləddin Behzad da heratlı idi. Hərçənd, onun qəbri Təbrizdədir. O, saray tarixi və dastanlar üçün illüstrasiya və miniatürlər çəkirdi. Onun əsərləri təkcə rəssamın istedadını deyil, həm də Teymuri Heratının memari irsini əks etdirir. XIX əsrdə rusların Herata və buradan da Hindistana yol tapacağından ehtiyat edən Britaniya işğalçıları Teymurilər dövründən qalan universitet, məqbərə və ictimai xəstəxanaların xeyli hissəsini sökmək qərarına gəliblər. Bu səbəbdən "Taliban"ın dağıda bilməsi üçün çox az şey qalıb. Britaniyalılar onları qabaqlayıblar.

Herat uzun zamandan bəri sufiliklə tanınıb. Sufi qardaşlıqları XIII əsrdə irəliləməkdə olan monqol orduları ilə barışıq üçün də vasitəçilik edib, 1980-ci illərdə SSRİ ilə münaqişədə də. Heratın ən məşhur məbədi olan Gazur Gah sufi Xacə Abdullah Ənsarinin məqbərəsidir. Bu abidə XV əsrdə regionun ən tanınmış memarlarından olan Qəvaməddin Şirazi tərəfindən tikilib. "Taliban"ın sufi məbədlərinə necə yanaşacağını zaman göstərəcək. "Taliban" sufizmi dindən dönmə kimi görür.

Qız şagirdlər Herat məktəbində. 17 avqust 2021
Qız şagirdlər Herat məktəbində. 17 avqust 2021

Təhsil

"Taliban" Heratda qız və qadınların təhsilinə qadağa qoymaqla kifayətlənməyib, təhsil almasına icazə verdiyi kişilərin də tədris proqramını məhdudlaşdırıb. Herat kitabxanasından islama aid olmayan bütün kitablar çıxarılıb və yandırılıb. Yandırıldığı düşünülən kitabların çoxunun "Taliban" tərəfindən satıldığı deyilir. "Taliban"ın qoyduğu qadağalar minlərlə qız və qadını dustağa çevirib.

Heratın ən tanınmış yetirməsi olan şair Cami öz şeirlərində şəhərin dağılması, işıqla qaranlığın əbədi mübarizəsi, müharibə və sülhdən yazıb. O, həm də dünyanı anlamaq üçün şeirin əhəmiyyətini izah edib. Sülalələr gəlir və gedir, şeirsə qalır.

Heratın gələcəyi dumanlıdır. Hər kəs işıq, hikmət və dostluq dolu bu şəhərin artıq yaşadıqlarından daha çox əziyyət çəkməməsini arzu edir.

XS
SM
MD
LG