Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:31

Əfqanıstanda şiələrin 'Taliban' qorxusu


Afghanistan - Ulama (Religious scholars) of west zone in a gathering in Herat city asked for cease fire in Herat province
Afghanistan - Ulama (Religious scholars) of west zone in a gathering in Herat city asked for cease fire in Herat province

Taliban, etnik puştunlar və sərt-xətt tərəfdarı sünnilər şiələri əsl müsəlman saymırlar

“The Financial Times” qəzeti Əfqanıstanın şiə azlığının, özəlliklə daim təqib olunmuş həzara icmasının ölkədə hakimiyyəti ələ almış Taliban qruplaşmasından qorxularından söz açır.

13-cü əsr sərkərdəsi Çingiz xan və onun monqol əsgərlərindən törədiyi ehtimal olunan həzaralar Əfqanıstanın 38 milyonluq əhalisinin 15 faizini təşkil edir. Amma bəzi şiələr bu rəqəmin daha yüksək olduğunu deyirlər. Bu etnik qrup Talibanın öncəki idarəçiliyi dövründə də təqiblərlə üzləşib. Taliban, etnik puştunlar və sərt-xətt tərəfdarı sünnilər şiələri əsl müsəlman saymırlar.

“Onlara inanmırlar”

Apreldə Talibanın nadir həzara üzvü olan şiə ruhanisi Mövləvi Mehdi Mücahid din qardaşlarını “Amerikanın başçılıq etdiyi işğalçılara qarşı” birləşməyə çağırıb.

Qəzet yazır ki, indi Taliban hökumət formalaşdırdığı bir vaxtda şiələr onların dözümlülük vədinə skeptik yanaşırlar.

Nyu York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzindən Səid Sabir İbrahimi deyir ki, Taliban özünü bütün Əfqanıstanın lideri kimi təqdim etməyə çalışır, yəni, həm sünnilərin, həm də şiələrin.

“Amma reallıq odur ki, şiələr Talibandan qorxurlar, onlara inanmırlar. Əgər sənin teologiyan şiələrə qarşıdırsa, hakimiyyətdə olanda onlara qarşı sistematik diskriminasiya həyata keçirəcəksən”, – o vurğulayıb.

Taliban bundan öncə 1996-2001-ci illərdə hakimiyyətdə olub. Həmin dövrdə insan haqları qrupları həzaralara qarşı üç irimiqyaslı qırğın sənədləşdiriblər. Onlardan biri 1998-ci ildə Məzari-Şərifdə törədilib. “Human Rights Watch” o zaman onlarla, hətta ola bilsin, yüzlərlə kişinin edam olunduğunu bildirir.

Taliban təxliyələrdən məyusdur

“The New York Times” qəzeti isə Taliban Əfqanıstanı tam ələ keçirəndən sonra onun sözçüsü Zabihulla Mücahiddən müsahibə alıb. Sözçü Talibanın ona qarşı çıxanlardan intiqam almağa başlaması, qadınlara sərt nəzarət olunacağı sarıdan əndişələri rədd edib.

Müsahibədən bir gün öncə isə Mücahid Əfqanıstan qadınlarına xəbərdarlıq edib ki, sıravi talibançılara qadınlarla rəftarla bağlı təlim keçilənədək evdə oturmaları ən təhlükəsiz yoldur.

Sözçü Talibanın keçmiş tərcüməçiləri, Amerika ordusu üçün işləmiş digər şəxsləri axtarması iddialarını rədd edib. O, qərbin evakuasiya tədbirlərindən məyusluq bildirib.

“Onlar bizim ölkəmizə müdaxilə etməməli, insan resurslarımızı, həkimləri, professorları, bizə lazımlı digər adamları aparmamalıdır. Amerikada onlar ya qabyuyan işləyəcəklər, ya da aşpaz. Bu, insani deyil”, – o vurğulayıb.

Mücahid bur şeyi təsdiqləyib ki, ictimai yerlərdə musiqiyə icazə verilməyəcək:

“İslamda musiqi yasaqdır. Ümid edirik, adamları belə şeylər etməməyə inandıra biləcəyik, təzyiq göstərməli olmayacağıq”.

Taliban avqustun 15-də Kabili tutandan ABŞ və müttəfiqləri ölkədən 88 mindən çox adamı çıxarıblar. ABŞ ordusu hər 39 dəqiqədən bir havaya təyyarə qalxdığını bildirir.

XS
SM
MD
LG