Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:37

Əfqanıstanı necə xilas etmək olar – Qərb mediası


Kabil. 27 avqust 2021
Kabil. 27 avqust 2021

Məqalədə deyilir ki, "Taliban" əhalisi aclıq içində yaşayan, iqtisadiyyatı dağılmış, xarici investisiyasız ölkəni idarə edə bilməyəcək.

Son günlər Əfqanıstanda baş verənlər, Taliban hakimiyyətə gələndən sonra minlərlə əfqanın ölkəni tərk etməyə çalışması Qərb mediasının ən çox işıqlandırdığı mövzulardandır.

“The Financial Times” qəzetində Səid Möhsüni yazır ki, gələn həftə – avqustun 31-də ABŞ və digər beynəlxalq qüvvələr Kabili aeroportunu tərk edəndən sonra arxada dərin humanitar və iqtisadi böhran içində olan bir ölkə qalacaq. Milli valyuta ucuzlaşıb, inflyasiya əmanətləri məhv edir. Xarici yardım demək olar dayandırılıb və ölkə boyunca 550 min məcburi köçkün var.

Müəllifin fikrincə, Əfqanıstanı tərk etmək dəhşətli bir səhvdir. ABŞ Prezidenti Co Bayden ölkədən çıxmaq qərarı verdi, Əfqanıstan prezidenti Əşrəf Qani isə ölkədən tələsik qaçdı.

Məqalədə deyilir ki, Taliban əhalisi aclıq içində yaşayan, iqtisadiyyatı dağılmış, xarici investisiyasız ölkəni idarə edə bilməyəcək.

“Beynəlxalq ictimaiyyət də bu təhlükəyə hazır olmalıdır. BMT-nin Təhlükəsizlik Şurası humanitar böhran üzrə xüsusi elçi təyin etməlidir. Hökumətlər bu addımı dəstəkləməkdən ötrü gərəkən resursları səfərbər etməlidirlər. Yəməndə və başqa yerlərdə fəaliyyətsizliyin faciəvi nəticələrini görmüşük”, – yazan müəllif Taliban və daha geniş regionla işləmək fürsətinin də qaldığını vurğulayır. Çünki Taliban özü də Şimali Koreyanın gününə düşməmək üçün beynəlxalq legitimlik istəyir.

Əfqanıstan hökumətini öz korrupsiyası yıxdı

“The Economist” dərgisi Əfqanıstanda dərin kök salmış korrupsiyadan yazır. Bu ölkədə “doğum haqqından şəhadətnamədən tutmuş ölüm kağızınadək və bu ikisinin arasında baş verən hər şey üçün rüşvət verməlisən”, – keçmiş əfqan diplomat Əhməd Şah Katavazay deyib.

Rəsmilər, polis daim bəxşiş tələb edirlər. Taliban ölkədə irəlilədikcə pasport almağın haqqı bir neçə min dollara qalxıb.

Dövlət qulluğu da bahalı əmtəə imiş. Korrupsiya üzrə ekspert Sara Çayes Əfqanıstanda QHT işlədəndə başa düşüb ki, məmurlar adətən vəzifələrini satın alırlar və qoyduqları pul çıxarmaq üçün “otkat” tələb etməyə başlayırlar. Məsələn, rayon polis rəisi vəzifəsi 100 min dollara satılırmış. Bundan sonra məmurlar əldə etdikləri gəlirləri ailə üzvlərinə, himayəedici şəbəkələrə paylayır.

Niyə BƏƏ?

The Economist digər məqaləsində əfqan rəsmilərin niyə Birləşmiş Ərəb Əmirliklərinə üz tutmasından yazır. Prezident Əşrəf Qani də Kabildən qaçandan sonra BƏƏ-yə gedib.

Pakistan, Tailand, İspaniyanın keçmiş rəsmiləri də BƏƏ-ni özlərinə ev seçiblər.

Əfqanıstanın bəzi keçmiş rəsmiləri Dubaya milyonlarla dollar aparıblar. Dərgi yazır ki, BƏƏ-yə gedənlər orada özlərinə təhlükəsiz və dəbdəbəli həyat təmin edəcəklərini düşünürlər.

“Paparatsilər yoxdur, heç kəs səni izləmir”, – bir keçmiş rezident deyib.

Ən əsası, bu ölkə beynəlxalq ədalət mühakimələrinə yardım etmir. Nadir hallarda kimsə ekstradisiya olunur. BƏƏ-nin Əfqanıstanla ekstradisiya sazişi yoxdur, amma Taliban xahiş edərsə, bu durum dəyişə də bilər, məqalədə deyilir.

XS
SM
MD
LG