Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:06

Kalesnikava Vaclav Havel mükafatına namizəddir


Mariya Kalesnikava (öndə) və Maksim Znak məhkəmədə, 4 avqust, 2021-ci il
Mariya Kalesnikava (öndə) və Maksim Znak məhkəmədə, 4 avqust, 2021-ci il

2021-ci il Vaclav Havel İnsan Haqları Mükafatının qalibi sentyabrın 27-də AŞPA-nın Strasburqda payız sessiyasının açılış mərasimində elan olunacaq

Belarusda həbsdə olan müxalifətçi Mariya Kalesnikava Vaclav Havel İnsan Haqları Mükafatının qısa siyahısına düşüb. Bu mükafat hər il Avropa Şurası Parlament Assambleyası tərəfindən insan haqlarının müdafiəsində “əhəmiyyətli” vətəndaş cəmiyyəti fəaliyyətinə görə təqdim olunur.


Üç qadın simvoldan biri

Avqustun 31-də açıqlanmış siyahıya Parisdə yerləşən Sərhədsiz Jurnalistlər Təşkilatı (Reporters Sans Frontieres) və Burundidən insan haqları müdafiəçisi Germain Rukuki də daxildir.

AŞPA Kalesnikavanı “Belarus müxalifətinin və xalqının mülki və siyasi azadlıqlar və fundamental hüquqlar üzrə mübarizəsinin üç qadın simvolundan biri” kimi təsvir edib.

Nominantın hazırda Minskdə məhkəməsi gedir. Birləşmiş Ştatlar ona qarşı cinayət işini “quraşdırılmış” sayır. AŞPA onun “təhlükəsizliyi və həyatına ciddi risk” olduğunu bildirir.

Ölkənin avtoritar lideri Alyaksandr Lukaşenka isə demokratiya tələb edən fəallara təzyiqi davam etdirir.

12 ilədək həbs

Kalesnikava ötən ilin mübahisəli avqust seçkisindən sonra müxalifətin təsis etdiyi Koordinasiya Şurasının üzvüdür. Şura məqsədinin hakimiyyətin dinc transferini asanlaşdırmaq olduğunu deyirdi.

2020-ci ilin sentyabrında Kalesnikava şuranın digər üzvü Maksim Znakla birlikdə saxlanıb və hakimiyyəti ələ keçirmək üçün əlbirlikdə ittiham olunub.

İş üzrə hökmlərin sentyabrın 6-da elan olunacağı gözlənir.

Hər iki təqsirləndirilən ittihamları rədd edirlər. İttihamlar onların seçkinin nəticələrinə etiraz çağırışlarından qaynaqlanır. Lukaşenka rəsmən həmin seçkinin qalibi elan olunsa da, qərb onu tanımayıb.

İttihamlar üzrə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Qalib sentyabrın sonuna bilinəcək

2021-ci il Vaclav Havel İnsan Haqları Mükafatının qalibi sentyabrın 27-də AŞPA-nın Strasburqda payız sessiyasının açılış mərasimində elan olunacaq. Sentyabrın 29-da isə Praqadan qalibin şərəfinə tədbir təşkil ediləcək.

2013-cü ildən mükafatın məbləği 60 min avrodur (70 min 800 dollar).

İndiyədək bu mükafata layiq görülənlər arasında Belarusun Vyasna insan haqları təşkilatının başçısı Ales Byalyatski, azərbaycanlı insan haqları fəalı Anar Məmmədli, Rusiyadan veteran insan haqları kampaniyaçısı Lyudmila Alekseyeva və Memorial İnsan Haqları Mərkəzinin Qroznıdakı ofisinin başçısı Oyub Titiyev olub.

XS
SM
MD
LG