Rusiya qazını Baltik dənizinin dibi ilə Ukrayna və Polşadan yan keçərək Almaniyaya nəql edəcək Şimal Axını 2 kəmərinin son sektorunun inşası başa çatmaq üzrədir.
Bu, Qərbi Avropanın bir sıra ölkələrini, o cümlədən Britaniyanı ciddi narahat etməkdədir.
Bu kəmərin tikintisi əleyhinə olanlar bildirirlər ki, Rusiya lideri Vladimir Putin Şimal Axını 2-dən Qərbi şantaj etmək üçün istifadə edə bilər.
The Daily Express qəzeti yazır ki, bəzi məlumatlara görə Putin hazırda bu kəməriin idarə olunmasını Avropa İttifaqı qaydalarından kənara çıxarmağa çalışır.
İttifaqın qaydalarına görə qazı hasil edən qurum onun nəqlinə rəhbərlik edə bilməz. Beləliklə Rusiyanın Gazprom şirkəti texniki çətinliklə üzləşib və Moskva qaz nəqlindən siyasi təzyiq vasitəsi kimi elə də asan faydalana bilməz.
Bununla belə Qərb ekspertləri xəbərdarlıq edirlər ki, Moskva Qərbi Avropa ölkələrinə verilən qazın həcmlərini azaltmaqla onlara təzyiq göstərə bilər.
Məsələn, Britaniya Rusiya qazını Niderland ərazisindən keçən boru kəməri ilə alır.
Bəzi ekspertlər xəbərdarlıq edirlər ki, Putin bu kəmərlə verilən qazın həcmlərini azaltmaqla Britaniyanı şantaj edə bilər.
Rusiya özünə ziyan vura bilər
Lakin Uorvik Biznes Məktəbindən professor Maykl Bredşou deyir ki, belə bir tədbirə əl atması Moskvanın özünə ziyan olardı.
Alimin fikrincə bu halda Avropada Şimal Axını 2 layihəsinin əleyhinə olanların mövqeləri möhkəmlənərdi.
Professorun fikrincə qaz həcminin azaldılması ilə Rusiya Avropa bazarındakı yerini də daralda bilər. Çünki indi bir çox Avropa ölkələri maye qaz idxal edən terminallar yaradıblar.
Maye qazın təchizatı boru kəmərlərindən asılı deyil.
Britaniya kimi bəzi Avropa ölkələri qaza olan tələbatlarının 50 faizə qədərini artıq maye qazla təchiz edirlər.
Ekspertin fikrincə bu o deməkdir ki, Britaniya və maye qaz alan başqa ölkələr əksinə Rusiyadan alınan qazın həcmlərini azalda bilərlər.
Professor Bredşou deyir ki, məsələn, Polşa Rusiyadan təbii qaz almaqdansa, daha baha qiymətinə maye qaz almağa üstünlük verir.
Kömür köməyə gəlir?
Ekspert etiraf edir ki, son iki ildə COVID-19 pandemiyasına görə maye qaz infrastrukturuna lazımınca investisiyalar yatırılmayıb.
Bununla belə, Britaniya Rusiyaya alternativ ola biləcək Norveçdən birbaşa boru kəməri ilə qaz alır.
The Express yazır ki, Britaniya Kremlin birbaşa hədələrinə hədəf olmasa da, hər ehtimala qarşı köhnə vasitələri hazır saxlayıb.
Bu yay qaz qiymətlərinin rekord həddə artması enerji ehtiyacları üçün kömürdən istifadəyə qayıdışı şərtləndirib.
Başqa ölkələrin də öz qaz ehtiyatlarından istifadə edəcəkləri gözlənilir.
Britaniyada havalar hələ o qədər də soyumayıb, lakin Linkolnşirdəki istilik-eletrik stansiyası işə salınıb.
Kömürlə işləyən Uest Börton A stansiyası indiyədək ehtiyat variant olaraq hazır vəziyyətdə saxlanırdı.