Sentyabrın 15-də Moskvanın Qırmızı meydanında hazırda həbsxanada olan müxalifətçi Aleksey Navalnının müdafiəsinə plakat qaldıran fəallar saxlanıb.
Plakatda “Aleksey Navalnıya azadlıq, Putinə həbsxana” şüarı yazılmışdı.
Bu aksiyanın videosu RusNews Youtube kanalında dərc olunub:
AzadlıqRadiosunun Rus xidməti yazır ki, plakat qaldırıldıqdan dərhal sonra aksiya yerinə gələn polis əməkdaşları banneri fəalların əlindən alaraq yığışdırıblar.
Bütün proses 1 dəqiqədən də az çəkib.
Bir jurnalistin press-kartının əlindən alındığı deyilir.
Fəallar onlardan birinin polis maşınında döyüldüyünü bildiriblər. Həmin fəal üçün təcili tibbi yardım maşını çağırılıb.
OVD-Info saytının verdiyi xəbərə görə həm fəallar, həm də sözü gedən jurnalist icazəsiz aksiya keçirməkdə ittiham olunurlar.
Bundan əlavə iki fəala qarşı habelə polisə tabe olmamaq ittihamı irəli sürülüb.
Sayt xəbər verir ki, saxlananları – fəallar Svetlana və Sergey Lukaşovları, İlya Yermakovu, Sergey Rednikovu və jurnalist Yevgeniya Yevsyukovanı “Kitay-qorod” polis şöbəsində dindiriblər.
Xatırlatma
Aleksey Navalny bir il əvvəl, avqustun 20-də Tomskdan Moskvaya uçarkən halı pisləşdiyindən, Omskdakə xəstəxanaya yerləşdirildi və komaya düşdü.
Bir neçə gün sonra qohumlarının təkidi ilə o, müalicə üçün Berlinə aparıldı. Almaniya, Fransa və İsveçdəki üç hərbi laboratoriya sonradan Aleksey Navalnının təhlükəli “Novichok” maaddəsi ilə zəhərrləndiyi qənaətinə gəldilər.
Amma Rusiya hakimiyyəti təkid edir ki, Navalnı Berlinə aparılmazdan əvvəl bədənində heç bir zəhərli maddə aşkar edilməyib.
Kremlin sözçüsü Dmitri Peskov dəfələrlə Moskvanın, bu məsələ ilə bağlı Almaniya ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu bəyan edib.
Aleksey Navalny isə deyir ki, onun həyatına qəsd cəhdinin arxasında birbaşa Rusiya prezidenti Vladimir Putin durur.
Kreml bunu qəti şəkildə rədd edir.