Hindistan oktyabrdan koronavirus vaksinlərinin ixracını və artıq qalan vaksinlərin ianəsini bərpa edəcək. Apreldə ölkədə yoluxmalar kəskin artdığından uyğun qadağalar tətbiq olunmuşdu.
Səhiyyə naziri Mansux Mandaviya hindistanlıların peyvənd olunmasının hökumətin prioriteti olaraq qalacağını deyib. Ancaq artıq qalan vaksinlərdən ölkənin “COVID-19-la birgə mübarizə üçün dünya qarşısında öhdəliyi”nin icrasından ötrü istifadə olunacaq.
300 milyon dozalıq istehsal
Dünyanın ən böyük vaksin istehsalçısı olan Hindistan dünya və BMT-nin dəstəklədiyi COVAX təşəbbüsü üçün əsas təchizatçısı olmalıydı.
Yanvardan dozaların ixracına başlayan ölkə apreldə öz əhalisinin peyvəndlənməsi üçün prosesi dayandırdı. İxracın dayandırılması nəticəsində bir çox inkişaf etməkdə olan ölkələrin, milyonlarla insanın vaksin təchizatı yubandı.
Mandaviya deyib ki, apreldən Hindistanın aylıq koronavirus vaksini istehsalı iki dəfədən çox artıb və oktyabrda 300 milyon dozaya çatacaq. O, nə qədər dozanın ixrac olunacağını açıqlamasa da, dünyaya kömək olunacağını, COVAX qarşısında məsuliyyətin yerinə yetiriləcəyini vurğulayıb.
Hindistanın 1.4 milyardlıq əhalisinə 800 milyon dozadan çox vaksin vurulub. Yetkin yaşlıların 62 faizinə azı bir dozanın, təxminən 22 faizinə isə iki dozanın vurulduğu bildirilir.
Vyetnam
Vyetnam sentyabrın 21-dən Hanoyda pandemiya qadağalarının bəzilərini yüngülləşdirir. Delta ştammının səbəb olduğu yoluxmalardan dolayı iki aydı lokdaun rejimidir.
Artıq hökumət idarələrinin, marketlərin, bankların, yeməyi alıb götürməyə imkan verən restoranların açılmasına icazə verilir.
Ancaq məktəblər bağlı qalır, 10-dan çox adamın iştirakıyla ictimai tədbir və toplantılar qadağandır. İctimai nəqliyyatın işi müvəqqəti dayandırılıb. Hanoyun kənarında qurulmuş 22 nəzarət məntəqəsi isə şəhərə girişə nəzarət edir.
Pfizer 5-11 yaşlılara görə müraciət edəcək
Bu arada ABŞ-ın Pfizer şirkəti COVID-19-a qarşı vaksininin 5-11 yaşlı uşaqlara təsir göstərdiyini, tezliklə bu yaş qrupuna peyvənd vurulması üçün rəsmi qurumlara müraciət edəcəyini açıqlayıb.
Şirkətin sentyabrın 20-də bildirməsinə görə, daha aşağı doza 5-11 yaş qrupu üzərində sınaqdan çıxarılıb. İkinci dozadan sonra uşaqlarda yeniyetmə və gənclərdəki kimi koronavirusa qarşı güclü anticismlər yaranıb. Bu dozanın hazırda vurulan dozanın üçdə birini təşkil etdiyi vurğulanır.
Pfizer və BioNTech bu ayın sonuna 5-11 yaşlı uşaqlar üzərində təcili istifadə üçün Qida və Dərman Administrasiyasına müraciət edəcək. Pfizer rəsmisi Avropa və Britaniyada tənzimləyici orqanlara az sonra müraciət olunacağını açıqlayıb.
Qərb ölkələrinin çoxunda indiyədək 12 yaşdan aşağı uşaqlara peyvənd vurulmayıb, düzgün doza və təhlükəsizlik üzrə dəlil gözləyiblər.
Kuba isə ötən həftədən iki yaşlılara özünün hazırladığı vaksinlərdən vurmağa başlayıb.
Uşaqların xəstəliyi ağır keçirməsi, yaxud ölüm riski azdır. Amma pandemiya başlanandan ABŞ-da 5 milyondan çox uşağın COVID-19 testi müsbət çıxıb, azı 460 uşaq vəfat edib. Məlumatı Amerika Pediatriya Akademiyası yayıb.
Səyahət qadağaları yüngülləşdirilir
İyundan ABŞ-da COVID-19-a yoluxmalar və ölüm kəskin artıb, buna xüsusilə peyvənd olunmayanlar arasında delta ştammının yayılması səbəb olub.
Birləşmiş Ştatlar sentyabrın 22-dən 33 ölkədən tam peyvənd olunmuş şəxslər üçün sərhədləri açacağını bəyan edib. Ağ evin rəsmisi Ceff Zients deyib ki, yeni qayda “noyabrın əvvəlindən” qüvvəyə minəcək.
Britaniya və Almaniya daxil müttəfiqlər bu qərarı alqışlayıb. ABŞ-ın qadağaları dünyanın bir çox ölkələrindən səyahətçiləri əhatələyirdi, buraya Birləşmiş Ştatlarda qohumları, yaxud biznes əlaqələri olan əcnəbilər də daxil idi.
Dəyişikliyin aid olduğu ölkələr sırasında Fransa, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Yunanıstan, İran, Cənubi Afrika, Çin, Hindistan, Braziliya var.