Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:40

Dünyada Merkelə inam hələ də böyükdür – Qərb mediası


Angela Merkel Stralsundda kampaniya aparır
Angela Merkel Stralsundda kampaniya aparır

Merkelin 16 ildən sonra hakimiyyəti tərk etməsi vaxtilə sabitlik modeli kimi görünən sistemi pozub

Almaniya kansleri Angela Merkelin 16 illik hakimiyyəti dövründə yüksək olub. “Pew” tədqiqat mərkəzinin Şimali Amerika, Avropan və Asiya-Sakit okean regionunun 16 inkişaf etmiş ölkəsində keçirdiyi sorğu Almaniya liderinin reytinqinin indiyədək ən yüksək həddə olduğunu üzə çıxarıb.

Hər 10 nəfərdən 9-u

Ölkənin özündə də ictimai rəy müsbətdir. Çoxları belə bu fikirdədir ki, ölkə koronavirus pandemiyası ilə yaxşı mübarizə aparıb. Avropa Birliyi üzvlərində isə çoxu Almaniyanın AB-də adekvat nüfuza malik olduğunu düşünür.

Niderland və İsveçdə hər 10 nəfərdən 9-u Merkelin dünya işlərində düzgün olanı etdiyinə inanır.

Merkel Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Co Baydendən daha yaxşı nəticə göstərib, yəni ona inam daha böyükdür.

16 ölkədə respondentlərin 79 faizi Almaniya haqda müsbət fikirdədir, 16 faizin rəyi isə yaxşı deyil. Bir çox yerlərdə Almaniyaya Birləşmiş Ştatlar və Çindən daha müsbət yanaşma var.

Avropa ölkələrinin çoxunda son 20 ildə Almaniyaya münasibət dəyişməyib. Təxminən hər 10 nəfərdən yeddisi Almaniya haqda müsbət fikir söyləyib.

Mühafizəkarlar çətin durumda

Almaniyada 26 sentyabr parlament seçkisinə bir neçə gün qalır. “The New York Times” qəzeti Merkelin özünün seçki kampaniyasının önündə getməsini onun mühafizəkarlarının çətin vəziyyəti ilə izah edir.

Merkel artıq namizəd deyil, amma bu həftə özünün Xristian Demokratik Birliyinin namizədi Armin Laşet üçün kampaniya aparıb.

Bir neçə həftədir rəy sorğuları mühafizəkar Xristian Demokratların ənənəvi rəqibi, həm də koalisiya tərəfdaşı Sosial Demokratik Partiyanın öndə getdiyini göstərir. Bazar günü keçiriləcək səsverməyə bir neçə gün qalmış mühafizəkarların göstəricisi üç faiz yaxşılaşıb.

Almaniyanın ən böyük siyasi partiyası olan Xristian Demokratlar indi ikinci yerdə olmasına baxmayaraq, illərdir ölkədə dominant siyasi qüvvədir. Yaşıllar Partiyası isə hazırda üçüncüdür.

“Sosial demokratiya geri qayıdıb”

Qəzet Sosial Demokratların son illərin ən güclü seçki kampaniyasını apardığını yazır. Onlar minimum əməkhaqqını artırmaq, daha yaxşı mənzil təminatı yaratmağı vəd edirlər. Bu partiyanın əsas namizədi Olaf Şolz özünü Merkelin yerinə ən güclü namizəd kimi təqdim edir.

Sosial Demokratlar illərdir hökumətin kiçik tərəfdaşı olub, Merkel isə bəzən onların irəli sürdüyü ideyalara görə dəstək qazanıb. Məsələn, minimum əməkhaqqının təyin olunması, eynicinsli nikahlara icazə verilməsi və sairə.

“Sosial demokratiya geri qayıdıb. Bu seçkidə S.P.D. hökumətdəki uğurları haqda danışmağı və buna görə qiymətini almağı bacardı”, – Berlindəki Herti İdarəçilik Məktəbinin dekanı Andrea Rommel deyib.

Sabitlik modeli...

“Financial Times” qəzeti isə Almaniyada qeyri-müəyyən koalisiya siyasəti dövrünün başladığını yazır. Qəzet almanların indiyədək heç vaxt indiki kimi çox geniş mümkün seçki nəticələri ilə üzləşmədiyini qeyd edir.

Müəllif Qay Çazanın fikrincə, Merkelin 16 ildən sonra hakimiyyəti tərk etməsi vaxtilə sabitlik modeli kimi görünən sistemi pozub.

“Çoxları üçün əsas sadiqlik Merkellə bağlı idi, indi isə o gedir. Nəticədə isə seçicilər arasında həddən artıq yüksək dəyişkənlik var – onların 50 faizindən çoxu bütün istiqamətlə açıqdır”, – Rommel qəzetə deyib.

XS
SM
MD
LG