Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:44

Araşdırma: Koronavirusdan immunitet ana südü ilə körpəyə keçir


Alimlər bildirirlər ki, bu cür ötürülmüş immunitet körpəni 10 ayadək xəstəlikdən qoruya bilir

ABŞ-da aparılmış yeni elmi tədqiqat göstərib ki, koronavirusa yoluxmadan sağalmış qadınlar anticismləri ana südü vasitəsilə körpələrinə ötürə bilərlər.

Alimlər bildirirlər ki, bu cür ötürülmüş immunitet körpəni 10 ayadək xəstəlikdən qoruya bilir.

The Daily Mail qəzetinin yazdığına görə tədqiqatçılar 75 qadından könüllü olaraq toplanmış ana südü nümunələrində virusa qarşı mübarizə aparan zülalları axtarırdılar.

Bu qadınların hamısı koronavirusa yoluxmadan sağ çıxmışdılar.

Alimlər aşkar ediblər ki, nümunələrin 88 faizində anticismlər mövcuddur.

Daha təfərrüatlı laboratoriya araşdırmalarından məlum olub ki, COVID testinin cavabı müsbət olan süd nümunələri virusu neytrallaşdıra bilir. Bu isə o deməkdir ki, koronavirusa qarşı immunitet ən azı qismən də olsa körpəyə ötürülə bilər.

Hazırda Nyu Yorkdakı Mount Sinai xəstəxanasının alimləri sözü gedən araşdırmanı inkişaf etdirməyi planlaşdırırlar.

Onlar bilmək istəyirlər ki, analarda vaksinasiya ilə yaradılmış immunitet də ana südü ilə ötürülə bilərmi.

İmmunoqlobalinin iki növü

The Daily Mail yazır ki, bu təcrübələr mart ayında keçirilib və o dövrdə müəyyən hallarda amerikalı hamilə qadınlara peyvənd təklif olunurdu.

Ötən həftə aparılan daha bir araşdırma göstərmişdi ki, COVID-ə qarşı peyvənd olunmuş analar immuniteti bətnlərindəki dölə ötürə bilirlər.

Təcrübələrdən məlum olub ki, anaların orqanizmində immunoqlobolin A adlı COVID anticismləri yaranır.

İmmunoglobin A insanın, məsələn döş südü kimi sekresiyalarında aşkar olunan anticism tipidir və viruslardan müdafiəni tənəffüs və həzm sistemləri vasitəsilə ötürür.

Bundan tam fərqlənən immunoqlobalin B əsasən qanda aşkar olunan anticism tipidir.

Ana südündəki anticismlər daha uzunmüddətli olur

Alimlər bunu da aşkar ediblər ki, müayinə edilən qadınların təxminən yarısının südündə xeyli uzun zaman müddətində COVID anticismlərinin yüksək konsentrasiyası qalır.

Bu nəticə alimləri təəccübləndirib, çünki qanda mövcud olan anticismlər zaman keçdikcə tükənir.

Professor Rebeka Pauel tədqiqatın nəticələrini sentyabrın 21-də keçirilən Qlobal Ana Südü və Laktasiya simpoziumunda təqdim edib.

Alim deyib ki, ana südündəki anticismlərin öyrənilməsi virusa qarşı ümumilikdə mübarizəyə böyük töhfə verə bilər.

Doktor Pauelin komandası habelə müxtəlif vaksin növlərinin ana südündəki anticismlərə təsirini araşdırır.

Tədqiqat zamanı Pfizer və Moderna vaksini ilə peyvənd olunmuş anaların doğduğu 36 körpənin qan analizi aparılıb.

Məlum olub ki, bütün körpələrin qanında virusa qarşı mübarizə apara bilən anticismlər var.

Təccüblü olmasa da, sevindirici nəticə

Maraqlıdır ki, təcrübələr qadınlarda anticismlərin daha yüksək konsentrasiyasının hamilələyin ikinci yarısında olduğunu göstərib.

Bəzi ekspertlər deyirlər ki, nəticələrdə elə bir sürpriz yoxdur, çünki başqa xəstəliklərə qarşı vurulan vaksinlər də ana südündə eyni dəyişikliklərə səbəb olur.

Lakin araşdırma müəllifləri deyirlər ki, nəticələr sevindiricidir. Onlar bildirirlər ki, bu, vaksinlərin eyni zamanda iki canı müdafiə edə bildiyini göstərir.

Nyu York Universitetindən doktor Eşli Roman deyib ki, körpələrin anticismlə doğulmasının əhəmiyyəti həlledicidir.

Onun sözlərinə görə, ana südü ilə ötürülmüş anticismlər körpələri xüsusilə də kövrək olduqları ilk aylarda mühafizə edir.

XS
SM
MD
LG