Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək Şimal Axını 2 kəmərinə qazın doldurulmasına başlanıb.
İsveçrədə mənzillənən və Rusiyanın Gazprom şirkətinin törəməsi olan Nord Stream 2 AG şirkəti oktyabrın 4-da bildirib ki, kəmər tədricən qazla doldurulacaq.
Şimal Axını 2 kəmərininin istifadəyə verilməsi Avropanın kəskin qaz çatışmazlığı ilə üzləşdiyi bir dövrə təsadüf edir.
Nord Stream 2 AG şirkəti kəmərin tam istismara veriləcəyi tarixi hələ açıqlamayıb.
Almaniya mediası bildirir ki, qazın verilməsinə artıq bu ay başlana bilər.
Avropa İttifaqının enerji tənzimləyiciləri Şimal Axını 2 kəmərinin ittifaqın qaydalarına uyğunluğu məsələsini nəzərdən keçirir.
Şimal Axını 2 Rusiya qazının ənənəvi tranziti olan Ukraynadan yan keçir. Kiyev və bir sıra Qərb ölkələri bu kəmərin tikintisinə qarşı idilər.
Kəmərin tikintisi Ukraynanı ildə 2 milyard dollar tranzit gəlirlərindən məhrum edəcək.
Tam istismara verildikdən sonra bu kəmər Avropa bazarına ildə 55 milyard kubmetr qaz nəql edəcək.
Birləşmiş Ştatlar Şimal Axını 2 kəmərinin əleyhinə olsa da, sonradan Almaniya ilə münasibətlərin yoluna qoyulması üçün biu kəmərlə bağlı sanksiyaları qaldırıb.
Buna baxmayaraq Dövlət Departamenti bildirib ki, Vaşinqton Şimal Axını 2 layihəsinə qarşı olaraq qalır.