Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:41

Taliban jurnalistlərin qatillərini tapacaqmı


2018-ci ildə öldürülmüş əfqan jurnalistlər
2018-ci ildə öldürülmüş əfqan jurnalistlər

Əfqanıstan son iki ildə jurnalistlərin öldürüldüyü və qatillərinin cəzasız qaldığı ölkələr sırasında 5-ci yeri tutur

Ötən on ildə qətlə yetirilmiş 17 əfqan jurnalistin qatillərinin tapılması Talibanın hakimiyyəti dövründə heç real görünmür. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir.

“Talibanın jurnalistlərin öldürülməsilə bağlı cəzasızlıq mədəniyyətinə son qoymağa çağıran yerli və beynəlxalq müraciətlərə Əfqanıstanın əvvəlki hökumətindən daha yaxşı reaksiya verəcəyi real deyil”, – Nyu Yorkda yerləşən media haqları qrupu oktyabrın 28-də “2021-ci il Cəzasızlıq İndeksi”ni yayarkən bildirib.

Son iki ildə Əfqanıstan jurnalistlərin öldürüldüyü və qatillərinin cəzasız qaldığı ölkələr sırasında 5-ci yeri tutur.

278 jurnalistdən 226-sının qatili...

Taliban avqustun ortasında ölkədə hakimiyyəti ələ keçirəndən sonra jurnalistlərin vəziyyəti daha da pisləşib. Yüzlərlə media işçisi fundamentalist qrupun mediaya qarşı sərt davranışından dolayı ölkəni tərk edib.

CPJ-nin indeksinə görə, son on ildə dünya üzrə 278 jurnalistdən 226-nın qətli cəzasız qalıb.

Somali yeddinci ildir siyahının başındadır. Ondan sonra Suriya, İraq, Cənubi Sudan gəlir.

İndeksdə ilk onluğa Meksika, Filippin, Braziliya, Pakistan və Rusiya daxildir. Döyüş, yaxud təhlükəli tapşırıqlar yerinə yetirərkən həlak olmuş jurnalistlər siyahıya salınmayıb.

Ötən 10 ildə Əfqanıstanda 17 yerli jurnalist qətlə yetirilib. Onların beşi 2020-ci ildə öldürülüb. Qatillərin hamısı cəzasız qalıb.

Taliban onları hədələmişdi

Ötən il öldürülmüş azı iki journalist – AzadAvropa/AzadlıqRadiosu-na aid Radio Azadi-nin reportyoru İlyas Dayee və frilanseri Rəhmatulla Nikzad ölümdən qabaq Taliban tərəfindən hədələniblər. CPJ məhz bu səbəbdən “Əfqanıstanın yeni Taliban hökumətinin qatilləri tapacağına şübhə ilə yanaşır”.

Üstəlik, Əfqanıstanın ədliyyə sistemi çökməkdədir, yəni qatillər üçün cəzasızlıq mühiti daha da möhkəmlənəcək.

CPJ əfqan jurnalistlərə indi həm də İslam dövləti ekstremist qrupunun yerli qanadı tərəfindən hədəfə alınma riskinin olduğunu bildirir. Qrup 2018-ci ilin aprelində azı 9 jurnalistin həlak olduğu intiharçı hücumuna, həmçinin 2020-ci ildə jurnalist Malalay Mayvandın qisasçılıqla öldürülməsinə görə məsuliyyəti götürmüşdü.

XS
SM
MD
LG