Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, dövlət sərhədlərinin müəyyənləşdirilməsində sovet xəritələrindən istifadə oluna bilər. O bu haqda dünən oktyabrın 27-də Ermənistan parlamentində deyib.
Onun bu fikrini Ermənistan ictimaiyyəti, özəlliklə də, müxalifət etirazla qarşılayıb. Bir çoxları düşünür ki, Ermənistan sovet xəritələri ilə razılaşması, Dağlıq Qarabağdan əl çəkmək deməkdir.
Məsələ ilə bağlı Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan oktyabrın 28-də deyib ki, sərhədlərin demarkasiyası zamanı hansı xəritələrin əsas götürləcəyi hələ məlum deyil.
Amma o bildirib ki, əsas baza sənədi kimi 1920-ci ildə hazırlanmış xəritə götürülə bilər. Çünki sonrakı illərdə xəritələr 1920-ci ildəki xəritə əsasında hazırlanıb.
Armen Qriqoryan deyib ki, Ermənistan sərhədlərin delimatisiya və demarkasiya prosesinə başlanmasına hazırdır, qarşı tərəfdən müsbət siqnal gözləyir.
Azərbaycan hökuməti də sərhədlərin müəyyənləşdirilməsində sovet xəritələrinin əsas götürülməsini istəyir. Amma rəsmi olaraq, neçənci ildə hazırlanmış xəritənin əsas götürülməsi haqda hər hansı məlumat verilməyib.
Azərbaycan prezidentinin yaratdığı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyir ki, Azərbaycanın Ermənistandan tələbi onun ərazi bütövlüyünü tanımaq və sovet xəritələri əsasında dövlət sərhədlərinin ayrılması olub:
“1991-ci il ilin sonlarında, Müstəqil Dövlətlər Birliyi yarananda, bütün ölkələr bir-birinin ərazi bötövlüyünü, o cümlədən də sovet sosialist respublikalarının sərhədlərini tanımışdı. O ki, qaldı xəritələrə. Bəli, söhbət sovet xəritələrindən gedir. Təbii ki, biz həmişə demişik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və bunun da əsasında delmitasiya və demarkasiya prosesinə başlamalıyıq”.
“Ən böyük maneə Rusiyanın özüdür”
Ermənistan prezidenti Armen Sarkisyan da Rusiyanın RBK kanalına müsahibəsində sovet xəritələri əsasında sərhədlərin delmitasiya olunmalı olduğunu deyib.
O bildirib ki, 2020-ci ildə hərbi əməliyyatlar dayandırılandan sonra da Rusiya prezidenti Vladimir Putinə məktubunda problemin həllinin məhz sovet xəritələri ilə mümkün olduğunu yazıb.
Rusiya Prezidenti Vladimir Putin də bu günlərdə Valday klubunda keçirilən müzakirədə bildirmişdi ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsində vacib rol oynaya bilər.
Beləki, lazımi xəritələr Rusiya ordusunun baş qərargahındadır, sovet dövründə sovet respublikalarının sərhədlərinin necə olduğunu həmin xəritələr göstərilir. Amma hələlik bu xəritələr ictimaiyyətə təqdim edilməyib.
Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giraqosiyan isə sərhədlərlərin müəyyənləşməsində ən böyük maneə kimi elə Rusiyanın özünü görür:
“Ermənistan və eləcə də Rusiya, Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanımasından yayınmaq üçün əllərindən gələni edəcəklər. Başqa sözlə, sərhədlərin qismən demarkasiyası, böyük ehtimalla Dağlıq Qarabağın statusunun təyin edilməsi ilə əlaqələndiriləcək. Bu, özəlliklə, Minsk qrupunun prosesə yenidən qayıtması üçün önəmlidir. İkinci məsələ də var. Burada əsas əngəl Ermənistan deyil, Rusiyadır. Sərhəddə gərginliyin davam etməsində Rusiyanın rolu var. İndi də bu problemlərin həlli ilə bağlı təkliflər və ya hər iki tərəfin qəbul edəcəyi xəritələr təqdim edilməyib. Mən düşünürəm ki, bu məsələdə Azərbaycan üçün Ermənistandan daha çox Rusiya əsas əngəldir”.
Pol Qobl: ABŞ öz texniki dəstəyini göstərə bilər
ABŞ Dövlət Departamentində baş məsləhətçi işləmiş, siyasi şərhçi Pol Qobl düşünür ki, sərhədlərin müəyyənləşdirilməsi prosesinə təkcə Rusiya vasitəçilik eləsə, bu problem bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə bilər.
O, hesab edir ki, Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşdirilməsini qısa müddətdə həll etmək istəyirlərsə, mütləq beynəlxalq ekspertlərin dəstəyindən yararlanmalıdırlar.
Pol Qobl deyir ki, tərəflər müraciət eləsə bu məsələdə ABŞ da öz texniki dəstəyini və danışıqların aparılması üçün köməyini göstərə bilər. Bu həm də tərəfləri gələcək təxribatlardan qoruya bilər.
2020-ci ilin noyabrında Qarabağda atəşkəsə qədər Azərbayan və Ermənistanın sərhədlərinin böyük bir hissəsi erməni qüvvələrinin nəzarətində olub. Keçən il Azərbaycan ordusu erməni qüvvələrini bu ərazidən çıxarandan sonra dövlət sərhədlərinin hardan keçməsi daimi mübahisə mövzusuna çevrilib. Tərəflər sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı xəritələrin əsas götürülməsi ilə bağlı ortaq fikrə gələ bilmirlər.
İndi Ermənistan rəsmiləri sovetlər dönəmində, 1920-ci ildə hazırlanmış xəritələrin əsas götürülməsi ilə bağlı fikir səsləndiriblər. Azərbaycan da sovet xəritələrinin əsas götürülməsini bildirsə də, konkret olaraq, hansı ildə hazırlanmış xəritələrin əsas götürülməsi haqda hər hansı rəsmi açıqlaması olmayıb.